"Sənətə yalnız qazanc mənbəyi kimi baxan şou-biznes nümayəndələridir"

"Sənətə yalnız qazanc mənbəyi kimi baxan şou-biznes nümayəndələridir"

"Təsadüfi insandan rejissor ola bilməz"

 

AYNA rejissor, “Sabah” Yarardıcılıq Studiyasının direktoru Şərif Qurbanəliyevin müsahibəsini təqdim edir:

 

-Artıq bir müddətdir ki, “Sabah” Yaradıcılıq Emalatxanasının rəhbəri vəzifəsinə təyin olunmusunuz. İşlər necədir?

 

-Bəli, aprel ayının birindən etibarən. Lakin nəzərinizə çatdırım ki, “Sabah” artıq öz statusunu dəyişib. 1993-cü ildə bu qurumun yaranması eksperiment xarakteri daşıyırdı. Fəaliyyət göstərdiyi dövrdə görkəmli rejissor Ramiz Həsənoğlunun rəhbərliyi altında “Sabah” özunu təsdiq etdi və tamaşaçıların rəğbətini qazana bildi. Televiziyanın hazırkı rəhbərliyi bədii quruluşlara çox önəm verdiyi uçun bu qurumun fəaliyyət dairəsini genişləndirmək məqsədi ilə “Sabah” Yaradıcılıq Studiyasının yaradılmasına qərar verdi. Bu, qurum qarşısında yeni imkanlar açmaqla bərabər, eyni zamanda, burada çalışan insanların üzərinə əlavə məsuliyyət qoymuş oldu.

 

-Hal-hazırda “Zəng” adlı televiziya filmi üzərində işləyirsiniz. İş hansı mərhələdədir?

 

-Bəli. “Zəng” adlı fantasmoqorik komediya istehsalata buraxılıb. İndi hazırlıq mərhələsindəyik. Çəkiliş məkanları seçilib, artıq məşqlər gedir.

 

-Vaxtilə çalışdığınız aktyorları yenə bir araya yığmısınız. Bunun səbəbi nədir?

 

-Bilirsiniz ki, xeyli müddət idi bədii quruluşlar sahəsində durğunluq yaşanırdı. Bu durğunluqdan ən çox əziyyət çəkən isə tamaşaçı olurdu. Hər dəfə bizə, yaradıcı insanlara eyni sual ünvanlanırdı: Niyə daha o filmlər, tamaşalar çəkilmir? Tamaşaçıya maraqlı deyildi ki, bunun obyektiv və subyektiv səbəbləri var. Əslində, belə də olmalıdır. Ona görə də biz, bu sahəyə cavabdeh olan insanlar istər-istəməz xəcalət hissi keçirməli olurduq. Bizim tamaşaçıya xeyli borcumuz yığılıb. İndi o borcu qaytarmağın vaxtı yetişib. Bu baxımdan tamaşaçının istəklərini nəzərə almışıq. Görmək istədikləri sevimli sənətçilərlə onları uzun sürən faslədən sonra görüşdürmək fikrimiz var. Bu işdə televiziyanın rəhbərliyi bizə hər bir şəraiti yaradıb.

 

-Bu yaxınlarda bəstəkar Cavanşir Quliyev müsahibələrinin birində deyib ki, bu filmin musiqisi əvvəlcə ona həvalə edilib, lakin sonradan ona imtina edilib, guya onun fəaliyyətinə qadağa qoyulub və bu qadağa hələ də qüvvəsindərir.

 

-Cavanşir Quliyev bizim sevimli bəstəkarımızdır. Onun əsərləri Azərbaycan Televiziyasının qızıl fondunda saxlanılır. İstər radioda, istərsə də ekranda Cavanşir Quliyevin əsərləri mütəmadi olaraq səsləndirilir. Yəni bir bəstəçının yaradıcılığına, onun musiqisinin səslənməsinə ümumiyyətlə qadağa qoymaq mümkündürmü?! Məncə, mümkün deyil. Məndə filmin ideyası yarandığı vaxtda ilk ağlıma gələn fikir o oldu ki, köhnə aktyorları topladığım kimi, eləcə də köhnə yaradıcı qvardiyanın digər üzvlərinə, o cümlədən bəstəkar Cavanşir Quliyevə müraciət edim və etdim də. Cavanşir müəllimə əsəri də göndərdim. Soruşdum ki, filmi çəkəcəyim halda o mənə yardım edəcəkmi? Lakin o vaxt bu hələ mənim şəxsi təşəbbüsüm idi və  filmin istehsala buraxılması sual altında idi. Bilirsiniz, bu, yaradıcı prosesdir. Onun gedişində istər-istəməz dəyişikliklər etməli olursan, hansısa qənaətinə yenidən baxmalı olursan. Mən də istisna deyiləm. Materiala daha dərindən nüfuz etdikdən, bəlli yaradıcı təxəyyül prosesindən sonra, onda mistik ab-havanın, müəyyən fantasmoqorik elementlərin üstünlük qazandığını gördüyüm üçün bu istiqamətdə çalışan başqa bir bəstəkarla iş birliyi qurmaq fikrinə düşdüm. Bu qərarım barədə dostum Cavanşir müəllimə də məlumat verdim. Fürsətdən istifadə edərək yenə də maestrodan üzr istəyirəm və ümid edirəm ki, hələ birlikdə çox işlər görəcəyik. Lakin bəstəkarın müsahibəsindəki müvafiq məqamlar – guya bu məsələdə qadağa məsələsinin olması, hansısa qurum və şəxslərin adının hallanması, düşünürəm ki, düzgün deyil. Yenə də bayaqkı fikrimi təkrar edirəm ki, bu qərar mənimdir və yaradıcı məqamlarla bağlıdır. Televiziya layihələrində, o cümlədən film istehsalında yaradıcı qrupu formalaşdırmaq quruluşçu rejissorun səlahiyyətlərinə aiddir.

 

-Gələcək planlarınız barəsində nə deyə bilərsiniz?

 

-Planlar böyükdür. Bu yaxınlarda yazıçı Elçinin “Gül dedi bülbülə...” hekayəsinin motivləri əsasında yazılmış ssenari hazır olacaq və onun istehsalına başlayacağıq. Filmi Ramiz Həsənoğlu ilə müştərək çəkəcəyimizi planlaşdırırıq. Digər bir işimiz yazıçı-publisist Bəxtiyar Qaracanın ssenarisi əsasında çəkiləcək film olacaq. Böyük fransız yazıçısı Aleksandr Dümanın Qafqaz səfəri ilə bağlı filmin quruluşunun istedadlı rejissor Sirac Mustafayevə həvalə edilməsi nəzərdə tutulub. Rəhbərlik keyfiyyətli serialın istehsalında maraqlıdır. Bu istiqamətdə də işlər görülür. Bundan başqa, tamaşaçıların sevərək baxdıqları, lakin müəyyən səbəblərdən yarımçıq qalmış “Fatehlərin divanı” telelayihəsinin bərpası üzərində də is aparılır. Perspektiv planımızda istehsalı nəzərdə tutulan çoxsaylı layihələrimiz var.

 

-Qayıdaq “Zəng” filminə. Bayaq dediniz ki, bu filmdə əsasən bir qədər yaşlı nəsil aktyorlar yer alacaqlar. Bu, nə ilə bağlıdır? Yeni nəsil aktyorlar sizi qane etmirmi?

 

-Birincisi, hər bir yaradıcı insan kimi aktyorun da yararlılığını onun yaşı deyil, istedadı, yaratmaq eşqi müəyyən edir. Bu baxımdan səksən yaşlı aktyorla otuz yaşlı aktyor arasında  elə bir fərq yoxdur. Əsas istedaddır. Bu gün gənc aktyorlarımızın arasında belə istedadlar çoxdur. Əgər tamaşaçı onları görə və tanıya bilmirsə, bunun günahı onlarda deyil. Onların yetişməsi, populyarlaşması və sevilməsi üçün şərtlər lazımdır. Aktyorluq asılı sənətdir. Hər bir aktyora öz istedadını göstərmək üçün meydan gərəkdir. İstər səhnədə, istər kinoda, istərsə də televiziyada həyata keçirilən layihələrdə gənc aktyorların inkişafına yönəlmiş işlər görülməlidir. Lakin bəzən biz bu işin tərsinin şahidi oluruq. Hal-hazırda mən aktyorları iki qismə bölürəm. Birinci qismə peşəkar, təhsil görmüş, ömrünü bu sənətə həsr etmiş və qarşılığında da böyük mənada heç nə ummayan, soyuq və ya bürkülü kulis arxasında əziyyət çəkən, yəni sənətinin fədaisi olan aktyorlar aiddir. İkinci qisim isə sənətə yalnız qazanc mənbəyi kimi baxan, səhnənin, çəkiliş meydançasının tozunu udmayan şou-biznes nümayəndələridir. Mənim özfəaliyyətə olan münasibətim normaldır. Lakin sənət özünə peşəkar münasibət tələb edir. Çörəyi ver çörəkçiyə, birini də üstəlik. Hər işlə o işin sahibi, sənətkarı  məşğul olmalıdır. Özfəaliyyətin öz yeri, peşəkar sənətin öz yeri var.

 

-Siz pedaqoji fəaliyyət də göstərirsiniz. Kino-televiziya sənəti üçün kadrların hazırlanması ilə məşğulsunuz. Bu sahədə vəziyyət necədir?

 

-Bəli, mən Mədəniyyət və İncəsənət Universitetinin kino-televiziya sənətləri kafedrasında çalışıram. Televiziya rejissorluğundan dərs deyirəm. Hal-hazırda tələbələrim ikinci kursdadırlar. Onların arasında ümidverici gənclər var. Bu il qəbul imtahanlarında da iştirak etdim. Pedaqoq həmkarlarımla birlikdə tələbə adını qazanacaq gələcəyin rejissorlarını müəyyən etdik. Geniş dünyagörüşünə malik, intellektual səviyyəsi yüksək, savadlı və bir şəxsiyyət kimi formalaşmış abituriyentlərə üstünlük verməyə çalışmışıq. Ona görə də bu il qəbul olunanların yaş həddi bir qədər yuxarıdır. Təsadüfi insandan rejissor ola bilməz. Bu peşəyə  həyatlarını məhz bu sahə ilə bağlamaq niyyətində olan  insanlar gəlməlidirlər. Universitetdə olan ab-hava gələcəyə inamla addımlamağa imkan verir. Tələbələr üçün hər bir şərait yaradılıb. Nəzəriyyəni təcrübədə həyata keçirmək üçün studiya yaradılıb, texnika alınıb. Ümumiyyətlə, bu sahədə görülən işlər  universitetin  yaradıcı və texniki potensialı gələcəyə nikbin baxmağa imkan verir.

 

Müəllif: Ayna.az      5 Avqust 2019 21:37
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar