Paytaxtda sürət həddi endirilir, eyni qaydanın Bakı-Qazax yolunda da tətbiqi təklif olunur

Paytaxtda sürət həddi endirilir, eyni qaydanın Bakı-Qazax yolunda da tətbiqi təklif olunur

Ekspert: "Bu gün sürücülər yollarda müəyyən olunmuş sürətdən də artıq sürməyə meyllidirlər"

 

Xəbər verdiyimiz kimi, Bakı Nəqliyyat Agentliyi (BNA) Heydər Əliyev prospektində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təkliflər ünvanlayıb. Təklifə görə, Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Mərdəkan yol qovşağına qədər olan hissəsində baş vermiş yol nəqliyyat hadisələri narahatçılıq doğurduğundan ərazi təhlil edilib və qəzaların baş vermə səbəbinə görə bir neçə yeniliklər tətbiq olunacaq. 

 

Yeniliklərdən biri, Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Sabunçu yol qovşağına qədər olan hissəsində ayırıcı zolaqda təhlükəsizlik sədlərinin quraşdırılmasıdır. Eyni zamanda yolda sürət həddinin ilkin olaraq 120 km/saatdan 110 km/saata endiriləcək, sürücülərin ara məsafəsini gözləməsi üçün xarici təcrübədə də istifadə olunan “şevron” tipli yol nişanlanması tətbiq ediləcək, sürücülərin yol hərəkəti qaydalarına riayət etməsi məqsədilə prospekt boyu maarifləndirici məlumatları özündə əks etdirən lövhələr yerləşdiriləcək.

 

Maraqlıdır ki, bu yenilikləri nə qədər effektli olacaq? Həqiqətən də qəzaların sayının azalmasına səbəb olacaqmı? AYNA-nın əməkdaşının bu sualına yol-nəqliyyat eksperti Azər Allahverənov aydınlıq gətirib.  

Related image

Azər Allahverənov tətbiq edilən yenilikləri müsbət qiymətləndirib: "Heydər Əliyev prospektində sürətin kifayət qədər çox olması müəyyən mənada təhlükəli vəziyyətin yaranmasına gətirib çıxarırdı. Reallıq ondan ibarətdir ki, bu gün sürücülər yollarda müəyyən olunmuş sürətdən də artıq sürməyə meyllidirlər. Sürət həddi 120 km/saat olan yolda sürücülər 130-140 km/saat ilə hərəkət edirlər".

 

"Doğrudur, belə sürücülər sürət həddini aşdığı üçün cərimə edilirlər. Dövlət Yol Polisinin statistikasına nəzər salsaq, görərik ki, inzibati xətaların böyük əksəriyyəti məhz sürət həddinin pozulması ilə bağlıdır. Sürətlə idarə olunan avtomobil potensial təhlükədir. Bakı Nəqliyyat Agentliyinin bu cür addımı alqışa layiqdir. Beynəlxalq təcrübəyə əsaslanan və uğurlu şəkildə reallaşdırılan təcrübələri Heydər Əliyev prospektində də tətbiq edəcəklər. İnanıram ki, bu da xeyrli olacaq”, - ekspert deyib.

 

“Nəzərə alsaq ki, 120 km/saat yolda qarşıdakı avtomobilin sürücüsü qəfil əyləci basarsa, arxadan gələn avtomobil 100 metr məsafədə aralı olmalıdır ki, qarşıdakı avtomobilə toxunmasın. Azərbaycanda sürücülərin əksəriyyəti isə məsafə gözləmir. Belə nişanların olması vacibdir. Məhz bu vəziyyətə görə maarifləndirmə işləri aparılmaldır. Həmin ara məsafəsinin saxlanmasını göstərən tabloların yerləşdirilməsi yaxşı fikirdir. Bu lövhələrə sürücülərin gözü öyrəşəcək, nəticədə bir müddət sonra sürücülər avtomatik olaraq məsafə həddini gözləyəcəklər. Bu da qəzaların sayını azaldacaq”, - deyə o, əlavə edib.  

 

A.Allahverənovun fikrincə, bu cür yeniliklər və qaydalar başqa sürətli magistrallarda da tətbiq olunmalıdır: “Yaxşı olar ki, Bakı-Qazax yolunda da bu kimi yeniliklər tətbiq olunsun”.

Müəllif: Təranə Xudabaxşiyeva      5 Avqust 2019 18:39
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar