Azərbaycan internetin sürətinə görə otuz üç pillə geriləyib

Azərbaycan internetin sürətinə görə otuz üç pillə geriləyib

 Azərbaycan 208 ölkə arasında 142-ci yeri tutub

 

"Dünya ölkələrində İnternetin sürəti - Azərbaycan son iki ildə 33 pillə geriləyib. Kifayət qədər nüfuzlu "Cable" qurumu yüksəksürətli internetlə bağlı dünya ölkələrindəki statistikanı yenidən açıqlayıb". AYNA xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz özünün sosial şəbəkə hesabında paylaşım edib. 

 

İnformasiya Texnologiyaları mütəxəsissi yazır ki: "12 ay ərzində "Cable" 208 ölkə arasında ( may, 2019-dək ) aparılan milyonlarla test nəticəsində toplanan materialları analiz etməklə bu statistikanı açıqlayıb. "Cable" bu araşdırmanı apararkən "Google", "PanetLab" və s. bu tip tanınmış qurumlarla əməkdaşlıq edir.

 

Dünya üzrə İnternetin sürəti ilə bağlı "Cable" –in 208 ölkə üzrə Reytinq Cədvəlindən bəzi ölkələr üzrə nəticələr:

 

1. Tayvan , 85 mb/s
2. Sinqapur 70 mb/s
3. Estoniya 31 mb/s
4. Polşa 24 mb/s
5. Belarus 13 mb/s
6. Ukrayna 7.7 mb/s
7. Gürcüstan 7 mb/s
8. Türkiyə 5 mb/s
9. Ermənistan 4.8 mb/s
10. Qazaxstan 4.6 mb/s
11. İran 4.3 mb/s
12. Zambiya 3.1 mb/s
13. Azərbaycan 3.1 mb/s 
14. Zimbabve 2.7 mb/s
15. Qırğızıstan 2.5mb/s
16. Özbəkistan 1.3 mb/s
17. Türkmənistan 0.7 mb/s

 

2019-cu ildə Dünya üzrə orta sürət 11 mb/s olub. (2018-ci ildə orta sürət 9 mb/s olub)

 

Bu cədvəldən görsənir ki, Azərbaycan 208 ölkə arasında 142-ci yeri tutub. 2018-ci ildə 135-ci yerdə, 2017-ci ildə 102-ci yerdə olub. Yəni, ölkəmiz İnternet sürətinə görə son bir ildə 7 pillə, son iki ildə 33 pillə geriləyib. Azərbaycanda internetin sürəti dünya üzrə orta göstəricidən 3.5 dəfə aşağıdır.

 

Əlbəttə, hər bir Reytinq Cədvəlində subyektivlik ola bilir. Amma nəticələri açıqlayan qurum kifayət qədər oturuşmuş və nüfuzlu qurum hesab olunur. Ciddi partnyorları var. Onun nəticələri İT sahəsinin qlobal oyunçuları tərəfindən qəbul edilir.


Əslində, mənim üçün də, elə sektorda olan çoxları üçün də bu nəticələr gözlənilən idi. Nə üçün? Çünki , NRYTN son iki ildə olduqca konservativ və səhv siyasət yürüdür. Genişzolaqlı internetlə bağlı bütün yükü öz üzərinə götürüb. Bunu etiraf eləməkdən də çəkinmirlər. 

 

Nazirlik deyir ki, hər şeyi özü edəcək. Ona görə də bütün rabitə quyularının ağzını bərk-bərk bağlayıb və heç bir özəli Kabel-Kanal sisteminə yaxın buraxmır. Nazirlik təbii-inhisar subyekti olaraq, tənzimləyici və kommersiya səlahiyyətlərinə sahib olaraq, qanuni kommersiya səlahiyyətlərindən sui- istifadə edərək İnternet bazarında tam üstünlük əldə edib. 

 

Sektorda dövlətin xüsusi çəkisi hədsiz dərəcə yüksəlib. "Azercell" dövlətləşəndən sonra hiss olunur ki, nazirlik mobil internet bazarında bu qurum üçün daha üstün vəziyyət yaratmaqda maraqlıdır.

 

50% internet bazarını ələ keçirən dövlət provayderləri bundan doymayaraq, yeni infrastruktur yaratmaq əvəzinə , köhnələri ələ keçirir. NRYTN tabeliyində olan dövlət operatorları gecələr özəl provayderlərin müştərilərini “oğurlamaqla” məşğuldur. Regionlarda infrastruktur zəif inkişaf etdirilir. Alternativlər yoxdur. Elə bir neçə gün öncə Balakəndə adi bir texniki problem nəticəsində 7 saat İnternet olmadı. İndi mən bu statistikaya cavabdeh qurum olan NRYTN-ə sual edirəm: bu yuxarıdakı statistika Sizə necə təsir edir?  Azərbaycanın indiki inkişaf səviyyəsinə uyğundurmu bu statistika?


Əgər özəl Provayderləri Kabel-kanal sisteminə daxil olmağa icazə versəydiz onların da resurslarından istifadə etsəydiniz, özəllər üçün münbit şərait yaratsaydınız, regionlarda normal infrastruktur qurulsaydı, özəl "backbone" provayderin 70% -lik qiymət endirimini blokadaya almasaydınız bu nəticələr necə dəyişə bilərdi? Ümid edirəm hökumət cavabdeh şəxslərdən hesabat tələb edəcək".


Osman Gündüz ona da diqqət çəkməyə çalışıb ki: "Strateji Yol Xəritəsinnin icrası ilə bağlı son Hesabatlarda da Nazirliyin vəziyyəti yaxşı görsənmirdi.  Strateji Yol Xəritəsinə görə Azərbaycanda internet sürəti 2020-ci ildə 20 Mbit/s-ə, 2025-ci ildə 50 Mbit/s-ə çatdırılmalıdır.  Bu sənədə görə gələn il NRYTN-nin tənzimləyici səlahiyyətləri əlindən alınmalı və Müstəqil Tənzimləyici qurum - Milli Telekommunikasiya Şurası yaradılmalıdır".

Müəllif: Ayna.az      3 Avqust 2019 13:58
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar