İnsaf dinin neçə faizidir, hacı - QMİ-yə ritorik sual

İnsaf dinin neçə faizidir, hacı -       QMİ-yə ritorik sual

“Həcc məsələsində monopoliya mövcuddur”

 

Bildiyimiz ki, Həcc ziyarəti İslam dininin sütunlarından biridir. Yəni müsəlmanlar üçün namaz, oruc qədər vacib olan bir əməldir. Ancaq təəssüflər olsun ki, Həcc ziyarətinin qiyməti ildən-ilə bahalaşır. Məhz bu səbəbdən də əksər insanların Allahın evini - Məkkəni ziyarət etmək ümidləri suya düşür.

 

Ötən il Azərbaycanda Həcc ziyarətinin qiyməti 4150 ABŞ dolları idisə, bu il qiymət 4285 ABŞ dolları təşkil edir. Ziyarəti təşkil edən Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc qiymətinin ildən-ilə artmasını Səudiyyə Ərəbistanında da xidmətlərin və hotellərin qiymətlərinin bahalaşması ilə əlaqələndirir.

 

Qeyd edək ki, Həcc ziyarətinin qiyməti təkcə Azərbaycanda deyil, əksər müsəlman ölkələrində bahadır. Məsələn, Fələstində bu il Həccə getmək istəyən zəvvarlar 3720 ABŞ dolları ödəməli olublar.

Maraqlıdır ki, qeyri-müsəlman ölkəsi olan Rusiyada Həcc ziyarətinin qiyməti Azərbaycandan çox ucuzdur - 2800-3300 Amerika dolları arasında dəyişir. Baxmayaraq ki, Məkkəyə Moskvadan olan məsafə 5200 kilometr, Bakıdan isə 3200 kilometr təşkil edir.

 

Burada belə sual yaranır: Rusiyadan gedən zəvvarlar üçün də Səudiyyə Ərəbistanında xidmətlərin və hotellərin qiymətlərinin bahalaşmırmı? Bu sualdan yola çıxaraq belə qənaətə gəlmək olur ki, əksər müsəlman ölkələrində, o cümlədən də Azərbaycanda artıq Həcc ziyarəti də biznes predmetinə çevrilib.

 

Bəs, necə etmək olar ki, Həcc ziyarətinin qiyməti, qismən də olsa, ucuzlaşsın? Həcc ziyarətinin bütün müsəlmanlar üçün maddiyyat baxımından əlçatan olması üçün nə kimi addımlar atmaq olar? İlahiyyatçı Elşad Miri ilə bu suallara aydınlıq gətirməyə çalışdıq.

 

E.Miri AYNA-ya açıqlamasında bildirib ki, zəvvarlar Həccə getməyi ziyarət məqsədi ilə düşünürlər, təşkilatçılar isə sırf  biznes maraqları üçün Həcc ziyarətinə səfərlər təşkil edirlər: “Burada konkret olaraq biznes maraqları var, yəni onları zəvvarların maraqları düşündürmür”.

Image result for elşad miri

İlahiyyatçı onu da qeyd edib ki, tək Rusiyadan yox, Avropadan da zəvvarlar Həcc ziyarətinə Azərbaycandan ucuz qiymətə gəlirlər: “Həmçinin onlara göstərilən xidmət bizimkilərə göstərilən xidmətdən, qaldıqları hotellər və çadırlar isə bizimkilərin qaldırlarından daha keyfiyyətli, daha yaxşı olur. Yəni, qiymətlərin baha olmasını oradakı hotellərin qiymətinin baha olması ilə əlaqələndirmək doğru deyil”.

 

“Azərbaycandan Həcc ziyarətinə zəvvar aparanlar ancaq öz qazanclarını düşünürlər. Fikirləşirlər ki, hansı yolla olursa-olsun, qazandıqları məbləğin minqdarı aşağı düşməsin. Bilirlər ki, ziyarətə gedənlər qiymətin baha olmasına baxmayacaq, yenə də gedəcəklər. Ona görə camaatdan sui-istifadə edirlər, qiyməti artırırlar”, – deyə müsahibimiz vurğulayıb.

 

E.Miri qiymətlərin aşağı salınması məqsədilə təklif də irəli sürüb: “Həcc məsələsində monopoliya mövcuddur. Azərbaycanda heç bir şirkət Qafqaz Müsəlmanları İdarəsinin razılığı olmadan heç kimi istədiyi formada Həcc ziyarətinə apara bilmir. Əvvəllər Ümrə ziyarətinə də Qafqaz Müsəlmanları İdarəsinin razılığı ilə getmək olurdu. Qiyməti də 2100 ABŞ dolları idi. Ancaq Səudiyyə Ərəbistanı bu məsələnin üzərində dayandı və Ümrə ziyarətinə zəvvar aparmaq özəl şirkətlərə də verildi. Özəl şirkətlərə veriləndən sonra bu il Ümrə ziyarətinin qiyməti 950 ABŞ dolları oldu. Halbuki heç vaxt belə qiymət olmamışdı”.

 

Həmsöhbətimizin dediyinə görə, vaxtilə Rafiq Əliyevin rəhbərliyi dövründə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsində belə məsələ mövcud olub: “Onda Həcc qiymətləri indikindən ucuz idi. Rafiq Əliyevdən sonra Komitəyə təyin olunanların hamısı Qafqaz Müsəlmanları İdarəsi ilə əlbir çalışdığına, sanki Qafqaz Müsəlmanları İdarəsinin bir şöbəsi kimi fəaliyyət göstərdiklərinə görə, heç biri bu barədə heç nə deyə bilmir. Ona görə də din monopolistləri, din biznesmenləri öz işlərini bu formada davam etdirirlər”.

Müəllif: Rumiyyə Miraslan      4 Avqust 2019 10:41
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar