“Neft bumu” bir daha qayıtmayacaq

“Neft bumu” bir daha qayıtmayacaq

Vüqar Bayramov: “Azərbaycan üçün həm ixracatda, həm də büdcə gəlirlərində neftin payının azaldılması əsas hədəf olaraq qalmalıdır”

 

“ABŞ Prezidenti Donald Tramp twitt atdı və neft bir gündə 6 faiz ucuzlaşdı. Trampın sentyabrdan etibarən idxal etdikləri Çin məhsullarına yeni verginin tətbiq edilə biləcəyi ilə bağlı açıqlaması ticarət müharibəsinin davam edəcəyi və daha da genişlənəcəyindən xəbər verir”.

 

AYNA xəbər verir ki, bu barədə iqtisadçı-alim Vüqar Bayramov şəxsi “Facebook” hesabında məlumat paylaşıb. “Doğrudur, bu gün birjalarda neftin qiyməti müəyyən qədər stabilləşib. Amma yenə də “Brent” markalı neftin bir bareli 62 dollardan aşağı təklif olunur. Bununla belə, qlobal iqtisadi azalma və ticarət müharibələri fonunda neftin qiymətində yeni azalmalar ehtimalı kifayət qədər yüksəkdir”, - deyə o yazıb.

Ekspertin sözlərinə görə, son qiymət azalmaları bir daha təsdiq edir ki, neft ölkələri üçün enerji gəlirlərindən asılılığın aradan qaldırılması əsas prioritet olmalıdır: “Bu, həmçinin “neft bumu”nun bir daha qayıtmasının mümkünsüzlüyünə işarədir. Azərbaycan üçün həm ixracatda, həm də büdcə gəlirlərində neftin payının azaldılması növbəti illərdə də əsas hədəf olaraq qalmalıdır. Kənar müdaxilələr ilə istənilən zaman neftin qiymətinin kəskin ucuzlaşması mümkündür”.

 

Bayramov hesab edir ki, bütün hallarda, Beynəlxalq Enerji Akademiyasının rəhbərinin bəyan etdiyi kimi, neft ölkələri üçün neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın şaxələnməsi yeni “şokların təsirlərindən” sığortalanmağın yeganə alternativsiz yolu olaraq qalmaqdadır.

Müəllif: Ayna.az      2 Avqust 2019 12:34
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar