Üçüncü devalvasiya barədə iddialar dolaşır

Üçüncü devalvasiya barədə iddialar dolaşır

Əkrəm Həsənov: “İnanmıram ki, ilin sonunadək, hətta neftin qiyməti düşsə belə, manat dollara nisbətdə kəskin ucuzlaşsın”

 

Son günlər sosial şəbəkədə üçüncü devalvasiya gözləntisi barədə müzakirələr gedir. Bəziləri manatın yaxın günlərdə dollara nisbətən kəskin ucuzlaşacağını iddia edirlər. Daha konkret iddialara görə, 1 dollar 2 manata bərabər olacaq.

 

İddiaları AYNA-ya dəyərləndirən bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənovun sözlərinə görə, manatın məzənnəsi bütövlükdə neftin qiymətindən asılıdır: “2015-ci ildə də biz bunun canlı şahidi olduq. Amma xeyli müddətdir neftin qiyməti kifayət qədər stabildir. Bir sözlə, Azərbaycana xarici valyutanın əsas hissəsi neftə görə gəlir. Xarici valyuta da çox olanda manatın məzənnəsini saxlamaq olur. Amma neftin qiyməti düşəndə, xarici valyuta büdcəyə az daxil olanda problem yaranır”.

 

“Neftin də qiyməti də geosiyasi amillərdən asılıdır. ABŞ, Rusiya, Çin və digər nəhəng ölkələr arasında gedən mübarizələrdən, münaqişələrdən, hətta müharibələrdən asılıdır. Mən inanmıram ki, ilin sonunadək, hətta neftin qiyməti düşsə belə, manat dollara nisbətdə kəskin ucuzlaşsın”, - o bildirib.

 

Bununla bərabər, Ə.Həsənov qeyd edib ki, milli valyutamız sabit deyil: “Manat bazar qanunları ilə idarə olunmur, sırf Mərkəzi Bankın inzibati qaydada idarəetməsindən asılıdır. Hələlik manatın dollara nisbətində ucuzlaşması gözlənilmir”.

Müəllif: Təranə Xudabaxşiyeva      1 Avqust 2019 13:15
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar