BİO-HAKER – ÖLÜMSÜZLÜK SEVDALISI

BİO-HAKER – ÖLÜMSÜZLÜK SEVDALISI

Ölümsüzlüyə tərəf gedən ilk insanlardır onlar

 

Bu yaxında bir dost məclisində masamıza yaraşıqlı, idmançıya bənzəyən, qırmızıyanaq bir adam yaxınlaşdı. Görünüşə görə maksimum 35-40 yaşı olardı. Dostum ona “Hocam” deyə müraciət edirdi. Masamıza dəvət etdi. Yeməkləri, içki qədəhlərini tərs-tərs süzüb oturdu. Professor 72 yaşında imiş. Sirli qonağımızın bu yaşda olmasına kimsə inanmadı...

 

“Siz və mən kimyəvi proseslərin çox dəyərsiz dəstiyik”

 

Josiah Zayner molekulyar biologiya ilə məşğul olur. 36 yaşlı araşdırmaçı NASA-nın Eyms Araşdırma Mərkəzində (Ames Researsh Centre) çalışır. Zayner 2017-ci ildə San Fransiskoda keçirilən bir Bio-texnologiya konfransında çıxışı əsnasında anidən əllərini göyə qaldırır və yüzlərlə konfrans iştirakçısının çaşqın baxışları altında əlindəki iynəni qoluna sancır. İynəni vurub bitirdikdən sonra salondakılara əda ilə “Bunun nə ilə bitəcəyini sizə sonra bildirəcəm” deyir...

 

Bio-hakinq müasir dünyanın 5 ən əsas texnoloji trendindən biridir. Önümüzdəki illərdə “post-insan” dövrünə qədəm qoyulanda insanlar öz bioloji proseslərinə müdaxilə edəcək, onları öz ehtiyaclarına görə tənzimləyəcəklər. Nəticə etibarı ilə insan yaşlanma üzərində qələbə çalacaq və bu da bəşər övladının ölümü yenməsinə gətirəcək. Bio-texnologiyaların inkişafı ilə hər birimiz ayrı-ayrılıqda bir bio-hakerə çevriləcəyik.

 

Bio-haker yaxın zamanlara qədər həvəskar bioloqlara deyilirdi. Onlar ev şəraitində laboratoriyalar qurur, öz üzərlərində müxtəlif sınaqlar aparırlar. Josiah Zayner dünyanın ən məşhur bio-hakeridir. DNT iynəsi vuraraq əzələ kütləsini artırmaq üçün genlərini dəyişən Zayner, qurduğu startap şirkəti ilə Silikon Vadisinin əfsanəsinə çevrilib. Şirkətin satdığı genləri redaktə edən preparatları internetdə tapmaq çox asandır. Zayner “Özün düzəlt biologiyası”nı (Self made biology) “seçilmiş” bir zümrəyə tətbiq edir.

 

Silikon Vadisində yaranmış və günümüzdə sürətlə populyarlaşan yeni bio-hakinq dalğası qidalanma, məşq, preparatlar, aclıq (oruc) və tibbi diaqnostikadan ibarət optimallaşdırılmış tədbirlər planıdır. Sağlam həyat tərzi ilə bio-hakinq arasında nə fərq var? Məsələn, mən 10 ildən çoxdur siqareti atmışam, 30 ilə yaxındır idmanı gündəlik həyatımın bir hissəsinə çevirmişəm – həftədə 4-5 gün qaçır, yemə-içməmə diqqət edirəm, hər səhər acqarına “Yapon üsulu” 650-700 qr. su içirəm. Mənim məqsədim sağlam olmaqdırsa, bio-hakerlərinki yaşlanmamaq, ölümü yox etməkdir.

 

Onlar zərgər dəqiqliyi ilə müntəzəm olaraq qan analizləri verir, bütün göstəriciləri ən kiçik incəliyinə qədər izləyirlər. Bir çox fitnes instruktorları XXI əsrdə idmanın kafi olmayacağını deyirlər. Bio-haker sözünü də mən ilk dəfə elə onlardan eşitmişdim. Bio-hakinq isə insanın bədən, beyin fəaliyyətini, həyatını təkmilləşdirmək üçün elmi yanaşmadır. Onun bir əsas hədəfi var – Super-insan yaratmaq. Silikon Vadisi dünənə qədər texnoloji prosesləri optimallaşdırırdı, bu gün isə növbə insana çatıb...

 

“Bəşər tarixində ən əhəmiyyətli sosial dəyişikliklər indən belə bizdən kənarda deyil, öz daxilimizdə - bədənlərimizdə, DNT və beyinlərimizdə, əzələ və arteriyalarımızda baş verəcək”

(David Manchi, Pew Research Center)

 

Rey Kurzveyl (Raymond Kurzweil, 1948) görkəmli ixtiraçı, dahi mühəndis və futuroloqdur. O, süni intellektin yaranmasını ilk təxmin etmiş insanın ölümsüz olacağını iddia edən bir fenomendir. Hazırda “Google” şirkətinin texniki direktoru olan Kurzveyl gənclik illərində sağlamlığına fikir vermir, 35 yaşında diabet 2 xəstəliyinə yaxalanır.

 

Həkim Terri Grossmanla tanış olur, birgə xüsusi bir rejim hazırlayırlar. Bu rejim yüzlərlə (!) həb, inyeksiyalar, qırmızı şərab və s. komponentlərdən ibarət idi. Əsas məqsədi ömrünü uzatmaqdı. Kurzveyl öz bio-kimyasını proqramlaşdırmaq üçün hər gün 250 (!) bio-əlavə qəbul edir, 8-10 stəkan qələviliyi yüksək mineral su, 10 fincan yaşıl çay içir, qlisinə (amin turşusu Glycine) üstünlük verir, onun təsirini ən effektli sayır.

 

Onun Grossmanla bərabər qidalanma və uzun ömürlülük haqda satış rekordları qıran 3 kitabı çıxıb. Futuroloji təxminlərinin 86 %-i doğru çıxan Kurzveyl gələcəkdə ən populyar peşələrdən birinin “Frilans Bio-haker” olacağını söyləyir.

 

* * *

 

Dave Asprey iş adamıdır, qarşısına 180 il yaşamağı hədəf qoyub. Bunun üçün gündə 100-ə qədər bio-əlavə içir, ciddi pəhriz saxlayır, infra-qırmızı vannalar qəbul edir, kök hüceyrələrinə profilaktik inyeksiyalar vurur.

 

O, Kaliforniyada bio-hakerlər üçün ilk fitnes-klub açıb, “Bulletproof Executive” adlı bloqu var. Asprey ömrünün 15 ilini bio-hakinq və insan beyninin imkanlarının artırılmasına sərf edib. Bu fəaliyyətlərə 300 min dollar pul yatırıb. Çəkisini salmaqla yanaşı bioloji yaşını da azaldıb. Yuxusunu 4 saat yatmaqla alır, gün içində daha gümrah və enerjili olur.

 

Sağlam olmaq sürəkli məşq etmək, göy-göyərti yemək deyil, beyindən doğru istifadə etməkdir. Əmək qabiliyyəti, yaxşı əhval-ruhiyyə və uzun yaşamaq üçün hər bir insan ona müsbət təsir edən idman, qidalanma və yuxu kimi göstəricilərə diqqət etməlidir.

 

“Wired” jurnalı

 

“Wired” jurnalının redaktorları yeni termin yaradıblar – “quantified self”. Bu ad altında birləşən bio-hakerlər öz orqanizmlərini nəzarətə götürür, bütün göstəricilərini – şəkər, təzyiq, qan, eləcə də yeyib-içdiklərini, fiziki və əqli aktivlikləri qeydə alırlar. Bio-hakerlər orqanizmlərinin parametrlərini öyrənməklə kifayətlənmirlər. Məqsədləri sadəcə sağlam olmaq deyil, həm də daha ağıllı, daha məhsuldar, daha güclü olmaqdır.

 

Bio-hakinq mərkəzinin Silikon Vadisində olması təəccüblü deyil. Psixoloq Niketa Kumar belə deyir: “Vadi elə bir yerdir ki, burada ən qiymətli şey əmək məhsuldarlığıdır”.

 

Silikon Vadisində bio-hakinq həm də rəqabətdə qalib gəlmək üçün ən gözəl vasitədir – hədəf daha az zaman içində daha çox iş görməkdir. Bəzi bio-hakerlər üçün insan ölümü həyatın bir parçasıdır. PayPal şirkətinin qurucularından Piter Till “Bio-haker üçün ölüm problemdir və bu problemi həll etmək lazımdır” deyir.

 

Regenerativ tibb üzrə mütəxəssis, ingilis gerontoloq Aubrey de Grey insanın yaxın gələcəkdə min il (!)  yaşayacağını söyləyir. “Ölümsüzlük satıcısı” adlandırılan bu məşhur alim yaşlanma mexanizminin yaxın illərdə çözüləcəyini deyir. Maraqlıdır ki, bio-hakinqlə məşğul olanların əksəriyyəti həkim və bioloqlar deyil, əsasən riyaziyyatçılar, proqramçılar və iş adamlarıdır.

 

Son illər ərzində nootrop (psixi funksiyalara təsir edən neyro-metabolik stimulyatorlar) qəbul edənlərin sayı dəfələrlə artıb – Fransada 3%-dən 16%-ə, İngiltərədə isə 5%-dən 25%-ə. Amerikada aparılan araşdırmalar bio-hakerlərin “özlərinə baxmaq üçün” illik gəlirlərinin üçdə birini xərclədiklərini göstərir. 

 

* * *

 

Professor özünə “Kərə yağlı qəhvə” sifariş verdi. Mənə göz vuraraq, “Sən də iç” dedi. “Başqa zaman” deyərək təşəkkür etdim. Qəhvənin üzərində bir parça sarı yağ parçası üzürdü. Onun bu bulanıq şeyi necə içməsini izləyib yan masalara baxdım - bu qəhvədən içən üç-dörd müştəri vardı.

 

Qalxıb gedəndən sonra özümü dostumun bio-haker müəllimi ilə müqayisə etmək istədim. Ancaq heç bir müqayisəyə gəlmədi, bizdən çox fərqlidirlər – eksperimental nümunə, gələcəkdən təşrif etmiş qonaqlardırlar. Ölümsüzlüyə tərəf gedən ilk insanlardır onlar.

 

Kafedən çıxanda gecə yarıdan keçmişdi. Evə tələsdim, səhər 6:30-da qalxıb açıq havada sabah idmanına çıxacaqdım. Yolda canım kərə yağlı qəhvə istədi…

Müəllif: İbrahim Nəbioğlu      20 İyun 2019 10:07
İbrahim Nəbioğlu bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar