Allah heç kimin yolunu oradan salmasın - SÖZÜN HƏR MƏNASINDA

Allah heç kimin yolunu oradan salmasın -       SÖZÜN HƏR MƏNASINDA

Hətta, xəstəxana işçiləri də burada bişirilən yeməkləri tövsiyə etmirlər

 

Səhiyyə sistemindəki problemlər tez-tez mətbuatda işıqlandırılır. Yüzlərlə insan yanlış müayinə, xəstələrlə qeyri-peşəkar rəftar, rüşvət kimi bir sıra neqativ hallardan zərər çəkdiyini bildirir. Bu cür problemlər sıravi insanlarla yanaşı, hərbi xidmətə çağırılan vətəndaşlardan da yan keçmir.

 

Bu dəfə həqiqi hərbi xidmətə çağırılan Azərbaycan vətəndaşlarının üzləşdiyi problemlərə AYNA tutmağa çalışmışıq. Bakı şəhərindəki nevroloji xəstəxanada baş verənləri işıqlandırmışıq.

 

Əvvəlcə onu qeyd edək ki, Bakı şəhərində hərbi xidmətə çağırılan vətəndaşların göndərildiyi, əsasən 2 nevroloji xəstəxana var - 1 saylı Respublika Psixiatriya Klinikası və 2 saylı Klinik Psixiatriya Xəstəxanası. Bu dəfə sizə 2 saylı Klinik Psixiatriya Xəstəxanasında baş verənlərdən söz açacağıq.

 

Hərbi xidmətə çağrılan gənclər komissiya yoxlanışından keçərkən, adətən təyinatla bu xəstəxanaya göndərilirlər. Nevroloji problemi olan çağırışçılar stasionar müalicə üçün buraya yönləndirilir.

 

Çağırışçılar səhər saatlarında xəstəxanada qeydiyyatdan keçdikdən sonra onlar üçün hazırlanmış palataya köçürülürlər. Təhlükəsizlik məqsədilə onlardan kəmərlərini, alışqanlarını təhvil vermələri tələb olunur. Halbuki palataya daxil olanda görünən mənzərə, duyulan nəmişlik qoxusu sağlamlıq üçün daha təhlükəlidir.

 

Nə vaxt istifadəyə verildiyi, istifadə edildikdən sonra təmizlənib-təmizlənmədiyi məlum olmayan rezin tərlikləri geyinib, ayaqqabılarını təhvil verdikdən sonra keçib əyləşirisiniz sizin üçün müəyyən olumuş oturacaqlarda. Xadimə çürümüş yataqların kiflənmiş döşəklərinə yeni mələfə sərir və sizə bildirilir ki, növbəti 3 gün ərzində burada yatacaqsınız.

 

Üç gün öncə gəlmiş çağırışçıların evlərinə yollandığı gün yeni gələnlər qeydiyyata salınır. Buna görə də günorta yemək siyahısında evlərinə qayıdan gənclərin sayına uyğun yemək hazırlanır. Sizinlə bir gələnlərin sayı, siz gələndə gedənlərin sayından çoxdursa, yeyilməsi zatən mümkün olmayan xörəklərə həsrət qala bilərsiniz. Hətta xəstəxana işçiləri də sizə burada bişirilən yeməkləri tövsiyə etmirlər. Orada qaldığınız 3 gün ərzində ac qalmamaq üçün ətrafdakı restoranlardan yemək sifariş etməlisiniz.

 

Bu azmış kimi, palatanın natəmiz tualetinin qapısı da yemək stollarının olduğu otağa açılır. Hamam otağı isə öz növbəsində “təmizliyi” ilə heç də digər otaqlardan geri qalmır. Burada əl yumaq üçün sabun tapmaq qeyri-mümkündür. Yemək otağında istifadə edilən qab-qacaqlar isə insanın iştahını küsdürür.

 

Bütün bunların müqabilində xəstəxananın tibbi personalı olduqca mehriban və gülərüzdür. Maksimum dərəcədə çağırışçılarla xoş rəftar edir, bir çətinlik yaranarsa, kömək etməyə çalışırlar.

 

Onu da qeyd edək ki, “Maştağa dəlixanası” adlandırılan 1 saylı Respublika Psixiatriya Klinikasından fərqli olaraq, burada ruhi xəstələrlə çağırışçılar eyni palatalarda saxlanılmır. Çağırışçılar üçün ayrıca palata hazırlanıb.

Müəllif: İbrahim Məmmədli      1 Avqust 2019 10:03
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar