Turisti "hərif" yerinə qoymaq – AXI NİYƏ?!

Turisti "hərif" yerinə qoymaq –       AXI NİYƏ?!

Burada yemək yeyən Con, gələn dəfə Stivi, Annanı, Mariyanı da özü ilə gətirməlidir

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək, imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Bir millət, xalq, toplum olaraq, bütün neqativləri də nəzərə almaqla, pis millət deyilik. 10 ballıq millətlər reytinqi ilə yəqin ki, özümüzü 5-ci yerə layiq görmək olar. Neqativləri, nöqsanları düzəltmək olar, amma bizim ən çatışmayan cəhətimiz öyrənmək istəməməyimizdir. Biz hər şeyi hamıdan yaxşı bilirik: futbola baxanda məşqçidən, restorana gedəndə aşpazdan, maşını təmirə aparanda ustadan, hətta uşağımıza 3 qiyməti verən məktəb müəllimindən də ağıllıyıq və bunu dəfələrlə vurğulamaqdan çəkinmirik.

 

Son illər ölkədə turizmin inkişafı üçün çox işlər görülüb, ya da ən azı bu işlərin görüldüyü barədə çoxsaylı müsahibələr verilib. Doğurdan da ölkəyə turist axını var: ərəblər, ruslar, iranlılar və s. millətlərin nümayəndələrini görmək olar Bakıda və Azərbaycanın bəzi regionlarında.

Amma bu, kifayət deyil. Gəlin etiraf edək ki, Azərbaycanın rayonlarında görməli bir-iki şəlalə, qış kurortundan başqa turistləri maraqlandıracaq elə bir şey fikirləşməmişik. Bakıya gələn ərəb 1-2 gün “Torqovı”da gəzdikdən sonra Qəbələyə gedir, orada şəlalənin fonunda şəkil çəkdirib, kanatla dağa qalxır, gözəl guşələrin birində restoranda çörək yeyir, quzu kababı üçün dinozavr kababı kimi babat hesab veridkdən sonra da Bakıya dönüb, hava küləkli olmasa, Xəzərə kəllə vurub, yollanır hava limanına. İndi mənə deyin: o turist gələn il Azərbaycana niyə gəlsin?

 

Axı, bu sadaladıqlarımızı heç özümüz də bəyənmir, dənizimiz ola-ola pulumuzu Batumidə, ya da Türkiyə dəniz sahili istirahət mərkəzlərinin birində xərcləyirik. Çünki azərbaycanlının aləmində istirahət dağı-bağı gəzəndən sonra, manqaldakı kabab bişənə qədər, onu gözləmək üçün hansısa göldə çimməkdən ibarətdir. Və bunun müqabilində Paris qiymətləri ödəyirik. Bizi belə öyrədiblər. Biz belə görmüşük, odur ki, bu yeknəsəklikdən bezənlərin Gürcüstana və Türkiyəyə getməsini başa düşmək olar. Biz turizmin necə təşkil edilməsini öyrənmək istəmirik.

 

Türkiyənin Mərmərə bölgəsində Yalova şəhərinin Çinarcık adlı qəsəbəsi bu il hələ ki, bölgədə turist sayına görə liderdir. Cəmi 35-40 min əhalisi olan bir qəsəbəyə, bilirsiniz, nə qədər xarici və yerli tursit gəlib? 400 min nəfər! Və yayın sonuna qədər bu rəqəmin 700 minə yaxınlaşacağını proqnozlaşdırırlar. Səbəb təkcə Çinarcığın çimərlikləri və münasib qiymətə normal servizli hotelləri deyil.

 

Səbəbini Çınarcık bələdiyyə başqanı Numan Soyerdən esidək: “Yayın ilk ayında bir çox müğənnilərin də yer aldığı “Altun Çinarcık” festivalı keçirdik. Sonra turistlər arasında müxtəlif idman və sağlamlığa yönəlik yarışmalar keçirdik. Daha sonra TUFAQ beynəlxalq milli rəqslər festivalı keçirdik. Qalibləri mükafatlar, gələn il üçün bölgəyə endirimli paketlər gözləyirdi. Hazırda turistlərimiz üçün daha bir neçə sürpriz hazırlayırıq”.

 

Anlaşıldımı? İnsan bir bölgədə turzimin inkişafı üçün dövlət dəstəyi ilə hər şeyi edir. Turistləri təkcə yemək maraqlandırmır axı. Bizimkilərdən fərqli olaraq, xaricilərin turizm anlayışı təkcə yeməkdən və hovuz ətrafında gündə yanmaqdan ibarət deyil. Biz niyə yeni-yeni festivallar, tiristlərin özlərinin iştirakçısı olduğu yarışlar təşkil etmir, ancaq hasnısa bahalı müğənninin əyləncə mərkəzində çıxış edə bilməsi üçün, obrazlı desək, adi “Xırdalan” pivəsini “Heineken” qiymətinə satmaqla kifayətlənirik? Axı niyə?! Niyə öyrənmirik türkiyəli qardaşlarımızdan?