Kim orda nə görmək istəyir - Tanınmışlar AYNA-ya baxacaqlar

Kim orda nə görmək istəyir -         Tanınmışlar AYNA-ya baxacaqlar

Ölkəmizin tanınmış simaları AYNA-da nələr görmək istədiklərini dilə gətiriblər

 

Xəbər verdiyimiz kimi, www.ayna.az onlayn ictimai-siyasi sayt şəklində fəaliyyətə başlayıb. Ölkəmizin müxtəlif sahələrdə tanınmış simaları yeni formatda fəaliyyətə başlayan AYNA-nı təbrik ediblər. Həmçinin AYNA-da nələr görmək istədiklərini dilə gətiriblər.

 

Azərbaycan jurnalistikasının görkəmli siması, alim Şiməmməd Hüseynov:

“Elçin Şıxlı Azərbaycanın ən nüfuzlu, sanballı jurnalistlərindən biridir. Onun rəhbərlik etdiyi sayt da Azərbaycan saytı olacaq. Elçin Şıxlı atası İsmayıl Şıxlı kimi Azərbaycan vətəndaşıdır, Azərbaycan aşiqidir. Həmçinin, Azərbaycanın problemlərini bilən, Azərbaycanı müasir dünyanın inkişaf etmiş dövlətləri səviyyəsində görmək istəyən və bunun uğrunda mübarizə aparan şəxsiyyətdir.

 

İnanıram ki, AYNA saytı da oxucuların rəğbətini qazanacaq. Çünki ilk növbədə ölkəmiz üçün faydalı işlərlə məşğul olacaq. Cəmiyyətin çatışmayan cəhətlərini düzəltməyə təşəbbüs edəcək. Ona görə ki, tənqid olmayan yerdə inkişaf da yoxdur.

 

Ümidvaram ki, AYNA-nın kollektivi də Elçin Şıxlı kimi işgüzar, ciddi, işini bilən olacaq. Bu yolda kollektivə uğurlar arzu edirəm. Əminəm ki, bu sayt millətimizin, dövlətimizin tərəqqisinə xidmət edəcək.

 

Üzeyir Hacıbəyovla Məhəmməd Əmin Rəsulzadənin məşhur sözü var: “Bizim üçün müqəddəs üç varlıq var: vətənimiz, millətimiz, dövlətimiz. Kim bu üçünə xidmət edirsə, onu tarix yaşadacaq””.

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar:

“AYNA-nı maraqlı, Yazıçılar Birliyi ilə sıx əməkdaşlıq edən, ədəbiyyatımıza dəstək verən bir sayt kimi görmək istəyirəm”.

 

Xalq yazıçısı Çingiz Abdullayev:

“Əvvəlcə AYNA-nın kollektivini təbrik edirəm. İnanıram ki, hər zaman böyuk reytinqə sahib olmuş “Ayna” qəzetinin elektron variantı yenə də reytinqdə ilk pillələrdə dayanacaq. Çünki oxucular “Ayna”ya hər zaman inanırdılar.

 

Həmçinin, AYNA-nın başında duran Elçin Şıxlı çox dəyərli jurnalist, yazıçıdır. İnsanlar (mən özüm də) hər zaman onun sözünə, fikirlərinə inanıblar, çünki biz onun mövqeyinin dəyişməz olduğunu bilirik. Hesab edirəm ki, AYNA-nın fəaliyyəti də belə davam edəcək, daha yüksək reytinq qazanacaq. Və mən özüm mütləq AYNA-da tez-tez görünəcəm”.

 

Millət vəkili Vahid Əhmədov:

“Hər bir qəzetin, saytın fəaliyyəti onun rəhbərindən çox asılıdır. Elçin Şıxlını çox gözəl tanıyıram, kifayət qədər cəsarətlidir, müasir jurnalistdir. “Ayna” və “Zerkalo” Azərbaycanın müstəqilliyini, ölkədə sabitliyi müdafiə edən qəzetlər olub.

 

Ona görə də hesab edirəm ki, yeni AYNA-da da kifayət qədər cəsarətli fikirlər olacaq. AYNA-nın kollektivinə bu işdə uğurlar arzu edirəm. Həm Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, həm də Qarabağ uğrunda apardığımız mübarizəni sona çatdırmaq üçün bizimlə bərabər daha iri addımlar atacağına ümid edirəm”.

 

Xalq artisti Afaq Bəşirqızı:

“Ümid edirəm ki, yeni formatda fəaliyyətə başlayan AYNA hazırda çoxluq təşkil eən qeyri-professional saytlardan fərqlənəcək. “Ayna” qəzeti öz dövrü üçün çox oxunaqlı, sanballı yazıları ilə aktual olan qəzet olub. İstərdim ki, AYNA saytı da “Ayna” qəzetindən geri qalmasın, əksinə o qəzetin qazandığı hörməti daha da artırsın”.

 

Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov:

““Ayna” illərdir mövcud olan və oturuşmuş brenddir. AYNA-nın bundan sonrakı uğuru fəaliyyətindən, seçdiyi yoldan asılı olacaq. İstərdim ki, idman cameəsi ilə də bağlı dəqiq, qərəzsiz xəbərlər, yazılar yayımlasın. Keçirilən yarışlar barədə məlumatlar ətraflı şəkildə verilsin.

 

Həmçinin, Azərbaycanı dünyada təmsil edən, beynəlxaq yarışlara qatılan idmançılara, məşqçilərə önəm verilsin, nailiyyətləri olan idmançılar tanıdılsın. Bir sözlə, AYNA-nın fəaliyyətinin bir istiqaməti də idman cameəsinə səliqəli şəkildə xidmət etmək olsun”.

 

"Şərq" qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı:

““Ayna”Azərbaycan mətbuatında, klassik jurnalistika tarixində klassik ənənələrin daşıyıcısı kimi öz rolu var, öz möhürünü vurmuş bir qəzet olub. Gələcəkdə tədqiqatçılar da, mənbəşünaslar da, ölkənin ictimai-siyasi vəziyyətini təhlil etmək istəyən hər bir insan “Ayna” qəzetinin materiallarından istifadə edəcək.

 

Təbii ki, artıq klassik qəzetçilik ənənələri formasını dəyişir, öz yerini yeni mediaya verir. Bu medianın da müsbət tərəfləri ilə yanaşı mənfilikləri də var. Arzu edirəm ki, yeni AYNA bu mənfiliklərdən uzaq olsun. İşini sürətli xəbər rejimində qurmaqla yanaşı “Ayna”nın qoyduğu ciddi jurnalistika məktəbini davam etdirəsiniz.

 

Hesab edirəm ki, Azərbaycan jurnalistikasında bu gün fərqli baxışlara çox ciddi ehtiyac var, saytlarımızda bu amil hiss olunmur. Saytlar, sanki bir-birini təkrarlayır, eyni xəbərləri tirajlamaqla məşğuldur. Ölkədə 5-6 ciddi sayt var ki, yalnız onlar xəbər istehsal etməklə məşğuldur, müəllif yazıları ilə çıxış edir. Yerdə qalanlar isə köçürməklə məşğuldur.

 

İnanıram və əminəm ki, AYNA yeni formatda, təzə məzmunda jurnalistika fərqliliklərini, müxtəliklərini özündə əks etdirən sayt olacaq”.

 

Tarix elmləri namizədi, politoloq Altay Göyüşov:

““Ayna”nın Azərbaycan media tarixində çox böyük rolu var, vaxtilə çox əhəmiyyətli rol oynayıb jurnalistikada. “Ayna”nın bağlanması hər birimizin qanını qaraldan hadisə olmuşdu.

 

İndi yenidən onlayn media formasında fəaliyyətə başlaması bizi sevindirir. Bütün kollektivi təbrik edirəm, uğurlar arzulayıram. Ümid edirəm ki, Azərbaycanda öz sözünü deyən, uğurlu media qurumlarından biri olacaq”.

19 İyun 2019 10:05
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar