BALACA QIZIN EV TAPŞIRIĞI

BALACA QIZIN EV TAPŞIRIĞI

Bir kompyuter oyunu vardı. 1972-də Atari tərəfindən hazırlanmışdı. “Pong” stolüstü tennis oyunu idi, ekranda iki düzbucaq və bir nöqtədən başqa heç nə yoxdu. Onu indiki yeni nəsil oyunlarla müqayisə edəndə çox gülməli görünür. 3D simulyatorlu oyunlardakı görüntüləri realdan ayırd etmək çətindir. Artıq reallıq simulyasidan, kopiyadan fərqlənmir — reallığın daha real kopiyaları kimi bir durum var ortada. Ehtimal ki, hansısa yüksək inkişaf etmiş bir mədəniyyət bu yolu çoxdan keçib və bizim dünyamız onun eksperimentlərindən biridir.

 

Mənim diqqətimi buna ilk dəfə tanınmış vəkil Adil İsmayılov çəkmişdi. Hüquqşünas olmasına rəğmən yaxşı riyazi təfəkkürə sahib Adil Bəy Bəşəriyyətin bir simulyasiya olduğunu iddia edirdi. Bu iddiasını kompyuterdə oynadığı strateji oyunlara bağlamış, söylədiklərinə inanmaq istəməmişdim. Ancaq İlon Maskın kitabını tərcümə etdiyim zaman yenidən bu mövzuya geri qayıtdım. “Ya biz reallıqdan fərqi olmayan simulyasiyalar yaratmalıyıq, ya da bəşəriyyət məhv olub gedəcək”, — İlon Mask belə yazır kitabında. Sanki Mask Bostromun “Biz kompyuter simulyasiyasındamı yaşayırıq?” adlı məşhur əsərinin təsiri altına düşüb.

 

***

 

Nik Bostrom (isv. Niklas Boström, 1973) tanınmış İsveç filosofu, Oksford universitetinin professorudur. Əsas maraq dairəsi virtual reallıqlar, qlobal fəlakətlər və trans-humanizmdir. O, mütəmadi olaraq mediada klonlaşdırma, süni intellekt, krionika kimi mövzularda məqalələr yazır. Bostrom Oksfordda qurulmuş ”Bəşəriyyətin Gələcəyi İnstitutu”nun (Future of Humanity Institute) direktorudur.

 

Nüfuzlu Yale universitetində çalışdığı zaman qələmə aldığı məşhur məqaləsi elm dünyasını lərzəyə salmışdı. Onun bu fəlsəfi essesi Dünyanın dərk edilməsinə ciddi təsir etmiş, qaldırdığı ”Bizim həyatımız mürəkkəb kompyuter modelindənmi ibarətdir?” sualı son illərin ən çox müzakirə olunan məsələsinə çevrilmişdi. Baxış rekordları qıran ”Matris” filmini görənlər bu ideyanı yaxşı anlayacaqlar. Filmdə insanlar süni intellektə malik super-kompyuterlər tərəfindən modelləşdirilmiş reallıqda (yəni ”Matrisdə”) yaşayırlar. Maraqlıdır ki, buna inanan insanların sayı gün keçdikcə artmaqdadır. Bədənlərimizin bu maşınlar üçün bio-kimyəvi batareyalardan ibarət olduğunu düşünəndə diksinməmək mümkün deyil. İlk baxışda Bostromun ”Simulyasiya hipotezi” filmdəki kimi qorxulu deyil. Hipotezdə nə orakullar var, nə də zamanın yavaşlaması. Burada həyəcana səbəb olan xüsus gələcək haqdakı hipotezlərdən birinin doğru çıxması ehtimalıdır.

Müəllif: İbrahim Nəbioğlu      6 İyun 2019 11:50
İbrahim Nəbioğlu bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar