Dövlət başçısı bir neçə rayonun məhkəmə hakimlərini dəyişdi

Dövlət başçısı bir neçə rayonun məhkəmə hakimlərini dəyişdi

Prezident İlham Əliyev hakimlərin yerdəyişməsi barədə sərəncam imzalayıb

 

Prezident İlham Əliyev Tərtər Rayon Məhkəməsinin hakimi Mübariz Sərxoş oğlu Məmmədovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin iş yerlərinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

 

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü və 114-cü maddələrinə uyğun olaraq, Tərtər Rayon Məhkəməsinin hakimi Mübariz Sərxoş oğlu Məmmədovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin.

 

2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 112-ci maddələrinə uyğun olaraq, aşağıdakı hakimlərin iş yerləri dəyişdirilsin:

 

2.1. Yaşar Xanoğlan oğlu Həşimov Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Füzuli Rayon Məhkəməsinin hakimi təyin edilsin;

 

2.2. Zamin Cəbrayıl oğlu Tahirov Quba Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Balakən Rayon Məhkəməsinin hakimi təyin edilsin.

 

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.

 

Dövlət başçısı Ağstafa Rayon Məhkəməsinin sədri İlqar Yadulla oğlu Əliyevin də vəzifəsinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsini və 97-ci maddəsinin ikinci hissəsini rəhbər tutaraq qərara alıram:

 

1. İlqar Yadulla oğlu Əliyev Ağstafa Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Xocavənd Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin.

 

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.

Müəllif: Ayna.az      19 İyul 2019 18:37
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar