Sürücülər üçün son günlərin ən aktual probleminə RƏSMİ MÜNASİBƏT

Sürücülər üçün son günlərin ən aktual probleminə     RƏSMİ MÜNASİBƏT

“Sürücülərdən xahiş edirik ki, 20-28 iyul tarixində ictimai nəqliyyatdan istifadə etsinlər”

 

Bakıda 20 iyuldan 28 iyuladək Avropa Olimpiya Gənclər Festivalı keçiriləcək. Buna görə də paytaxtın Ziya Bünyadov, Qara Qarayev, Neftçilər, Atatürk, H.Ələsgərova, Azadlıq, Z.Əliyeva, Tiblisi, Moskva, Üzeyir Hacıbəyov, İsmaylov küçələrində zolaqlardan biri sarı rəngə boyadılıb. Yəni, 28 iyul tarixinədək həmin zolağa daxil olmaq qadağan ediləcək.

 

Sürücülərdə həmin zolaqla bağlı bir sıra suallar yaranıb. Əvvəlcə onu soruşurlar ki, qadağa nə vaxtdan qüvvəyə minəcək? Həmçinin, ancaq iki zolaqdan ibarət olan yollarda tıxac yaranacağı təqdirdə, sarı zolaqdan istifadəyə icazə veriləcəkmi? AYNA-nın əməkdaşı sürücülərdə yaranmış bu sualları Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədova ünvanlayıb.

Картинки по запросу vaqif əsədov

Əsədov əvvəlcə onu bildirib ki, belə qadağaların tətbiq olunması ilk dəfə deyil: “Son illər Azərbaycanda bir neçə mötəbər yarış keçirilib. Həmin yarışlarda da sarı zolaqlar tətbiq olunub. Birinci Avropa Oyunları, IV İslam Oyunlarında da sarı zolaq tətbiq edilmişdi və yarışlar yüksək səviyyədə  keçirilmişdi. Həmin təcrübədən istifadə edilərək sarı zolaq 21-28 iyulda da tətbiq ediləcək. Sarı zolaqlar iyulun 20-si səhər saatlarından 28 iyuladək qüvvədə olacaq”.

 

Onun sözlərinə görə, sarı zolaqlar çəkilən yollara kameralar vasitəsilə nəzarət ediləcək: “Eyni zamanda, Dövlət Yol Polisi gücləndirilmiş iş rejiminə keçəcək. Odur ki, sürücülərdən 20 iyuldan həmin sarı zolaqlara daxil olmamaları xahiş edilir. Əks halda müşahidə kameraları vasitəsi ilə, qayda pozduqları üçün 40 manat cərimə olunacaqlar”.

 

DYP sözçüsü “Həmin yollarda hər hansı səbəbdən yaranmış tıxac zamanı sürücülərə sarı zolaqdan istifadə edə bilərlərmi?” sualına isə belə cavab verib: “Dövlət Yol Polisinin əməkdaşları operativ işləyəcəklər. Belə hallar baş verərəsə, məsələni tez bir zamanda həll etməyə çalışacağıq. Təbii ki, bu cür məqamlar nəzərə alınacaq və digər sürücülərin sarı zolağa daxil olması problem yaratmayacaq. Belə hallar fors-major hallardır”.

 

Polkovnik AYNA vasitəsilə sürücülərə müraciət də edib: “Sürücülərdən xahiş edirik ki, 20-28 iyul tarixində imkan dairəsində ictimai nəqliyyatdan istifadə etsinlər”.

Müəllif: Təranə Xudabaxşiyeva      18 İyul 2019 19:20
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar