Mağazalarda “zəmanətli" fırıldaq: Alış-veriş zamanı diqqətli olun

Mağazalarda “zəmanətli" fırıldaq:           Alış-veriş zamanı diqqətli olun

Eyyub Hüseynov: “Mağaza əməkdaşı bir neçə saniyə içərisində cihaza elə cızıq atır ki, müştəri aldığı avadanlığı dəyişdirə bilmir”

 

Vətəndaş Ceyhun Xalid oğlu Məmmədov "Soliton" mağazalar şəbəkəsindən narazıdır. Onun AYNA-ya ünvanlandığı məktubun mətnini olduğu kimi təqdim edirik:

 

"İyun ayının 22-də "Soliton" mağazasının 28 May filialından 760 manat dəyərində olan "Samsung A30" telefonunu mağazanın təklif etdiyi "qızıl zəmanət"lə və kreditlə aldım. Kredit şərtlərinə görə, ilkin olaraq 40 manat kamissiya haqqı ödədim. "Qızıl zəmanət" üçün ödəməli olduğum məbləğ kredit müddətinə görə aylıq hissələrə bölündü.

 

Telefonu alıb evə gətirdikdən sonra, həmin gün axşamdan başlayaraq, telefon enerjiyə qoşulduqda ekrana belə bir bildiriş gəlirdi ki, "USB çıxışında nəm aşkar edildi". Bu səbəbdən telefon enerji yığmırdı. Əvvəlcə, elə bildim ki, problemin səbəbi mənim səhvimdir, adapterə və ya telefona su bulaşdırmışam. Telefonu bir neçə dəfə söndürüb-yandırdıqdan sonra bir müddət enerji yığdı, daha sonra isə eyni bildiriş təkrar gəldi.

 

Ertəsi gün telefonu enerjiyə taxanda başqa bir problem aşkar edildi. Enerji qoşulmasına dair bildiriş mətni ard-arda gəlib-gedirdi. USB qoşulduğu halda, hər hansı səbəbdən dolayı, telefonun enerji yığması mümkün olmurdu.

 

Problemlə bağlı "Soliton" mağazasına zəng etdikdə, mənə bildirdilər ki, telefonu servisə aparım. Mən telefonu servisə aparanda isə, servisdən bildirdilər ki, telefonu orada saxlamalıyam və 14 gün ərzində akt tərtib olunacaq, mənə cavab veriləcək. Mən isə etirazımı bildirdim və 14 gün telefonsuz qala bilməyəcəyimi dedim.

 

Daha sonra "Soliton" mağazasının rəhbərliyinə - indi soyadını unutduğum Museyib adlı şəxsə yaxınlaşmaq istədim. Amma onunla görüşməyimə mane oldular. "Soliton"mağazasının 28 May filialına - telefonu aldığım yerə yaxınlaşıb telefonu onlara təhvil verdim və problemi bildirdim. Yeni problemsiz telefon istədiyimi dedim. Onlar isə dedilər ki, ya telefon təmir olunub mənə verilə bilər, ya da 14 gün ərzində tərtib olunacaq akta əsasən yeni telefon alıb-almayacağımı bildirəcəklər.

 

Mən təmir olunmuş telefon istəmədiyimi dedim. Əgər istəsəydim, daha münasib qiymətə işlənmiş telefon alardım. Niyə "Soliton"a müraciət edirdim ki, 760 manatlıq yeni telefon üçün? Ödədiyim ilkin məbləği geri istədikdə isə, dedilər ki, "buna rəhbərlik qərar verir". Amma rəhbərliklə əlaqə saxlamaq da heç cür mümkün deyil.

 

22 gün keçməsinə rəğmən, mənə yeni telefon verməyiblər, ödədiyim kamissiya haqqı olan 40 manatı da qaytarmayıblar. Bununla bağlı mağazaya bir neçə dəfə zəng etmişəm. Onlar bildirir ki, "biz telefonu servisə göndərmişik, onlardan cavab gələndə sizə bildirəcəyik". Servislə əlaqə saxladıqda isə dedilər ki, "telefonun təmiri yekunlaşmaq üzrədir, yekunlaşdıqda mağazaya göndərəcəyik və onlar sizə xəbər edəcəklər".

 

Mən isə təmir olunmuş telefon istəmədiyimi, ya yeni telefonla təmin olunmaq istədiyimi, ya da ödənişin geri qaytarılmasını istədiyimi dedim. Amma onlar israrla bildirdilər ki, mağaza, guya mənim razılığımla telefonun təmir olunmağını istəyib. Halbuki, mən əvvəlcədən mağazaya təmir olunmuş telefon istəmədiyimi demişdim”.

 

Şikayətlə bağlıq “Soliton” mağazalar şəbəkəsinin servis müdiri Rüfət Orucov AYNA-ya açıqlamasında bildirib ki, Ceyhun Məmmədov telefonu birbaşa servisə yox, mağazaya təqdim edib: “Mağaza həmin telefonu enerji yığmaması şikayəti ilə servisə yönləndirib. Telefon servisə daxil olduqda arxa korpusunda narın cızıqlar var idi. Ümumiyyətlə hər hansı problemi olduğu deyilən avadanlıq əmtəə görünüşü yerində deyilsə, 14 gün ərzində dəyişdirilmə qaydalarını pozduğu üçün dəyişdirilə bilməz. Bu, nəinki bizim mağazalarda, bütün şirkətlərdə belədir”.

 

“İstehlakçıların müdafiəsi ilə bağlı qaununun 14-cü bəndində də bu tələb bildirilib. Lakin telefonun zəmanəti olduğu üçün “Samsung” rəsmi servisində təmir olunub. 16 iyul tarixində telefon hazır olub, bu gün səhər mağaza əməkdaşları tərəfindən bizdən təhvil alınıb. Əgər müştəri birbaşa bizə, yəni servisə müraciət etsəydi, təmir prosesi daha tez yekunlaşardı”, - deyə mağaza təmsilçisi vurğulayıb.

 

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov isə AYNA-ya deyib ki, bu tendensiya artıq 2 ildir başlayıb və bütün elektronik avadanlıq satan mağazalar şəbəkələri tərəfindən “peşəkarlıqla” istifadə edilir: “Müştəri ödəniş edir, məhsul alır. Elə həmin gün də görür ki, aldığı cihaz nasazdır. Yenidən mağazaya qayıdır, problemi bildirir. Burda mexanizm işə düşür. Telefonu götürən mağaza əməkdaşı bir neçə saniyə içərisində o cihaza elə cızıq atır ki, müştəri aldığı avadanlığı dəyişdirə bilmir. Məhsul geri qaytarıldığı təqdirdə isə, həmin avadanlıq başqa müştəriyə satıla bilir”.

“Mən dəfələrlə İqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edib, bildirmişəm ki, bu anormal vəziyyətdən çıxış yolu tapılmalıdır. Əks təqdirdə istehlakçılar çıxılmaz vəziyyətdə qalırlar və biz də onların hüquqlarını müdafiə edə bilmirik”, - E.Hüseynov bildirib.

 

Mütəxəssis istehlakçılara da müraciət edib: “Elektronik məhsullar aldıqda mütləq şəkildə mağazada, satış nümayəndəsinin yanında yoxlayın. Ehtiyac olarsa, məhsulun korpusu əlavə avadanlıqlarla diqqətlə yoxlanılmalıdır ki, daha sonra bir problem yaranarsa, müştəri haqlarını tələb edə bilsin. Ümumilikdə istehlakçılar bu və digər hallarla qarşılaşdıqda bizə müraciət edə bilərlər. Biz onların hüquqlarını müdafiə etməyə hazırıq”.

Müəllif: İbrahim Məmmədli      18 İyul 2019 18:17
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar