Xırdalan sakinlərinə niyə Kərbəla müsibəti yaşadılır?

Xırdalan sakinlərinə niyə Kərbəla müsibəti yaşadılır?

Rövşən Ağayev: “Su paylaşdırma şəbəkəsi tender əsasında peşəkar, keyfiyyətli xidmətlə bağlı dövlət və cəmiyyət qarşısında sərt öhdəliklər götürən özəl operatora verilməlidir”

 

““Azərsu”nun Xırdalanda 2 gündür su olması vecinə deyil, bunda işim yox. Zatən bu şirkətdən keyfiyyətli xidmət heç vaxt gözləmirəm. Çünki korporativ idarəçiliyin olmadığı, xidmətlər bazarında monopol olan, pis xidmət göstərəcəyi halda, tenderin nəticələri ləğv olunaraq başqa şirkətə keçəcəyindən qorxusu olmayan, şəffaflıq, hesabatlılıq və ictimai iştirakçılıqla bağlı ciddi sorunları olan, dövlətdən istədiyi vaxt istədiyi qədər maliyyə alan (ya da onun zəmanətilə böyük kreditlər götürən) bir şirkət heç vaxt keyfiyyətli xidmət göstərə bilməz”.

 

AYNA xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev şəxsi “Facebook” hesabında paylaşım edib. “Dəfələrlə deyilib ki, su paylaşdırma şəbəkəsi bir çox Qərb ölkələrində olduğu kimi, ya tender əsasında peşəkar, keyfiyyətli xidmətlə bağlı dövlət və cəmiyyət qarşısında sərt öhdəliklər götürən özəl operatora verilməli idi, ya da Türkiyə modelində olduğu kimi, yüksək ictimai nəzarət və kollektiv idarəçiliyin təmin edildiyi bələdiyyə şirkətlərinin sərəncamında qalmalı idi”, - deyə o yazıb.

Ağayev fikrinə belə davam edib: “Ən maraqlısı nədir? Hətta müştəri ilə normal kommunikasiya qurmağı belə, bacarmırlar. 955 Çağrı Mərkəzinə zəng etmişəm, 25-ci adam kimi qeydə alıblar, telefonun dəstəyini 15 dəqiqəyə yaxın qulağımda saxlayandan sonra növbə mənə çatıb. Və daha maraqlısı. Hər dəfə mənə növbəmin neçənci olduğunu xatırladan "avtocavab"da bir müddət xəbərdarlığın əvvəli öz dilimizdə, sonu isə ingilis dilində gəlirdi. Məsələn, belə: "Sizin növbəniz thirteen". Növbə 10-dan aşağı düşəndən sonra bütün cavablar azərbaycan dilinə keçdi və narahatlığın aradan qalxdığını düşünmək istəyirdim ki... Xanım əməkdaş dedi ki, bu gün də su olmayacaq”.

 

Qeyd edək ki, iki gündür Xırdalan şəhəri ərazisində su böhranı yaşanır. Məsələ ilə bağlı “Azərsu” ASC-dən hər hansı konkret cavab almaq isə mümkün deyil.

Müəllif: Ayna.az      18 İyul 2019 15:15
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar