Ayrılığın xəritəsini cızan adam

Ayrılığın xəritəsini cızan adam

Qürbət quşlarını tapıb, onlarla vətən dilində həmdəm, həmdərd oldu

 

Elman Eldaroğlu tən ortasından ayrılıq kəməri ilə şimal və cənuba bölümüş Azərbaycanın şimalda bitən, cənubda başlayan, başlanğıcı sayılan Yardımlı rayonundandır. Amma özü azərbaycanın kiçik modeli olan Sumqayıtda dünyaya göz açıb.

 

Kim deyir ki, ayrılığın dili olmur. Ayrılığın dili qəmdi, kədərdi, ağrıdı, acıdı. Əkin–biçin vaxtı əli avtomatlı əsgərlərin ciddi nəzarəti altında sərhəddə tikanlı məftillərdən bir–birinə boylanıb baxışlarının həsrətilə danışan insanların hüznü çöküb o yerlərin adamlarının ruhuna. Harada yaşasalar da, o ağrı - acını öz gen yaddaşlarında nəsildən–nəslə ötürürlər. Bəlkə ona görə o yerlərin insanları Vətən məfhumunu,yurd anlayışını daha geniş miqyasda görür, anlayır. Və elə Elman da o ağrını, acını öz gen yaddaşında daşıyıb gətirib özüylə bu şəhərə.

 

Elman Eldaroğlu Sumqayıtda xeyriyyə cəmiyyəti yaratdı. Adını Yardımlı qoydu. Amma məqsədi vətəni bir ovuc Yardımlı ilə məhdudlaşdırmaq deyildi. Azərbaycanın tanınmış insanlarını,şair və yazarlarını, unudulmuş, qıraqda qalmış, sovet dövründə buraxılış vərəqəsi olmadan o torpaqdan olan sakinlərin belə gedə bilmədiyi yurda, bu dilbər guşəyə dəvət edərək, bu da böyük vətənin kiçik bir parçasıdır, gəlin unutmayaq demək istəyirdi əslində.

 

Vətən, vətəndir, vətənin o başı, bu başı olmaz. Necə ki, övladlar üçün ana birdir, qucağı istidir, əzizdir. Xeyli xeyirxah işlər gördü. Azərbaycanın işıqlı adamlarını bir-birinə tanıtdırdı. Sonra taleyi onu daha uzaqlara-soyuq Amerika qitəsinə, Şimal buzlu okean sahillərinə aparıb çıxartdı. Miçiqan Ştatına. Bu qərib diyarda, qürbət eldə,ona tamamilə yad olan adət-ənənənin,fərqli yaşam tərzinin olduğu yerdə əvvəl-əvvəl çox darıxdı...

 

Bir müddət yovuşa bilmədi adamlara. Sonra yenə azərbaycanlı olması, istiqanlılığı, zəhmətsevərliyi və bacarığı dadına çatdı. Bu soyuqqanlı insanlarla ünsiyyət qurub, onların dünyasından baş açmaq üçün onların dilini öyrənmək qərarına gəldi və öyrəndi. Qəribliyin, qürbətin dili də bir başqadır. Bunu ancaq yaşayanlar və çəkənlər bilir...

 

Sonra bu soyuqqəlbli insanların arasında özünə doğma, simsar olan insanları aramaq sevdasına urcah oldu. Tapdı, tanıdı, tanıtdırdı, sevdi, sevdirdi.

 

Hətta heç kəsə ürək qızdırmayan qaradərililərlə də ünsiyyət qurmağı bacardı. Onun üçün fərqi yoxdu, insan ağ dərilidi, qaradərilidi ya da sarışındı. Onun üçün bircə meyar vardı, təki insan olsun, sinəsinin altında insanlıq üçün döyünən ürəyi olsun.

 

Dibində nələr gizlədiyini bilmədiyimiz dərin okeanların qoynunda, gözü-könlü elə okean kimi buz tutan amerikalılara da azərbaycanlılara xas istiqanlılıqla yanaşdı,insanlarıyla insan dilində - sevgi dilində ünsiyyət qurdu.

 

Təkcə Miçiqanda deyil, taleyin bir parça çörəkmi, gənclik romantikasınınmı dalınca sunami dalğası kimi vurub vətəndən kənara atdığı qürbət quşlarını tapıb, onlarla vətən dilində həmdəm, həmdərd oldu. Atılmış, qıraqda qalmış deyil, Azərbaycanı vətəndən kənarda ləyaqətlə təmsil edən ziyalıları, könlü vətən eşqi ilə yanan adamları tapıb sevdalarıyla birgə üzə çıxartdı və Azərbaycana sənin belə oğul və qızların var deməyi bacardı.

 

Elman təkcə bununla kifayətlənmədi. O, Azərbaycanda yaşayan ziyalıları da o şəkildə, Amerikada yaşayan həmvətənlərimizə, "bizim belə dəyərli oğul və qızlarımız var", - deyə sevdirməyi bacardı. Çünki insanlarla sevgi dilində danışdı, anladıqlarını sevgi dilində anlatdı.

 

Qarabağ həqiqətlərini, Xocalı qətliamını oturduğu parklarda rastlaşdığı insana, getdiyi küçədə adi vətəndaşlarından tutmuş, ofislərdə, şirkətlərdə səlahiyyətli vəzifə sahiblərinə qədər olduğu kimi anlatmağa, çatdırmağa çalışdı.

 

Doğulub boya başa çatdığı şəhəri Sumqayıtı, onun üçün əziz olan insanlarını da unutmadı. Dostlarla, doğmalarla daim sıx əlaqə saxladı. Burada baş verən hadisələri bizdən qabaq öz səhifəsində, əli çatdığı saytlarda mütəmadi olaraq işıqlandırdı. İnsanlara mənəvi dəstəyi, diqqət və qayğısı ilə də seçilməyi bacardı. O, böyük vətənin ortasından tikanlı dağlar çəkilmiş bağrından qopan hər parçasından, bir ovuc torpağından ayrılan, vahiməsiylə bağır yaran dərin okeanların bağrında qərar tutmuş soydaşlarımızın soyuq Amerika qitəsinə qədər ayrılığının, həsrətinin xəritəsini cızdı. İnsanlar onu sevdi, çünki o da insanları sevdi...

 

Gülnarə Cəmaləddin,
AYB-nin Sumqayıt bölməsinin sədri, şair

Müəllif: Ayna.az      18 İyul 2019 12:46
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar