On Türkiyə vətəndaşı girov götürülüb

On Türkiyə vətəndaşı girov götürülüb

Gəminin bütün şəxsi heyətinin sağ-salamat buraxılması üçün işlər davam etdirilir

 

Qvineya Körfəzinin Nigeriya sahillərində "Paksoy-1" adlı bir Türkiyə gəmisi piratların hücumuna məruz qalıb. Gəmidə olan 18 ekipaj üzvünün 10-u girov götürülüb. 

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, dənizçilərin 10-u da türkdür və  iyulun 13-də, axşam saatlarında girov götürülüblər. 


Gəminin sahibi olan firma baş vermiş hadisəni təsdiq edib. Anadolu Agentliyi də gəmidə 18 Türkiyə vətəndaşının olduğunu yazıb. Ancaq girov götürülən dənizçilərin kimliyi barədə dəqiq məlumat yoxdur. 

Gəminin aid olduğu şirkətin yaydığı rəsmi açıqlamada bildirilir ki, Kamerunun Duala limanından Fil Dişi sahilində yerləşən Abidcan limanına boş gedən, Türkiyə bayraqlı "Paksoy-1" adlı yük gəmisi, təxminən 02:58-04:40 aralığında Nigeriyanın Brass sahilinin 124 mil (230 kilometr) cənub-qərbində silahlı quldurların təcavüzünə məruz qalıb. Gəmidəki rabitə və naviqasiya qurğularına zərər verilib. Hamısı Türk vətəndaşı olan 10 dənizçi quldurlar tərəfindən girov götürülüb.

 

Yaralanma və ölüm halının baş vermədiyinin bildirildiyi açıqlamada qeyd olunur ki, gəminin bütün şəxsi heyətinin sağ-salamat buraxılması üçün işlər davam etdirilir.

Müəllif: Ayna.az      16 İyul 2019 18:29
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar