Bakı Tbilisi qarşısında tələb qoydu: Sərhəddəki insidentlə bağlı izahat verin

Bakı Tbilisi qarşısında tələb qoydu:     Sərhəddəki insidentlə bağlı izahat verin

Keşikçidağ yaxınlığında xidmət aparan sərhəd naryadına hücum edilməsi səbəbindən Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

 

İyulun 14-də Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi ilə bağlı Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib.

 

Bu barədə AYNA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib. “Təəssüf hissi ilə qeyd edirik ki, bu cür hərəkətlərə yol verilməsi Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin ruhuna tamamilə ziddir və bunu iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat kimi qiymətləndiririk”, - deyə məlumatda bildirilir.

 

Azərbaycan XİN bu insidentin araşdırılaraq müvafiq tədbirlərin görülməsi və görülmüş işlərə dair XİN-in məlumatlandırılmasını qarşı tərəfdən tələb edib.

 

Xatırladaq ki, 14 iyul 2019-cu il tarixdə saat 14:50 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keçikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib. DSX-nın yaydığı rəsmi məlumata görə, hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qısa müddət ərzində aradan qaldırılıb və DSX-nın şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib.

 

“Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb, gələcəkdə bu kimi hallara yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edilib”, - deyə DSX qeyd edir.

 

Daha əvvəl isə Gürcüstanın Daxili İşlər Nazirliyi ictimaiyyəti və vətəndaş qruplarını Gürcüstan ilə Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın sakit şəraitdə işini davam etdirməsinə imkan verməyə çağırıb. Bu barədə qonşu ölkənin Daxili İşlər Nazirliyi bəyanat yayıb.

 

“Gürcüstan-Azərbaycan sərhədində, “Keşikçidağ” sahəsində yerli sakinlər ilə azərbaycanlı sərhədçilər arasında kiçik insident baş verib. Lakin insident qısa müddət ərzində aradan qaldırılıb və hazırda vəziyyət stabildir”, - deyə bəyanatda bildirilib.

 

Qeyd edək ki, Azərbaycan və Gürcüstan arasında sərhəd hələ SSRİ dövründə müəyyən olunub. Hər iki ölkənin müstəqilliyi əldə olunduqdan sonra Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə müvafiq Dövlət komissiyaları yaradılıb və indiyədək komissiyaların 11 iclası keçirilib. Bu proses çərçivəsində 480 km-lik Azərbaycan – Gürcüstan dövlət sərhədinin əksər hissəsinin delimitasiyasına dair komissiyalar səviyyəsində razılıq əldə edilib. Hazırda 166 km-lik hissələr üzrə ekspertlər səviyyəsində iş davam etdirilir.

Müəllif: Ayna.az      15 İyul 2019 16:46
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin