Arif Əliyev

Qazaxda doğulub, amma Bakıda böyüyüb. Lomonosov adına Moskva Dövlət Unuversiteti jurnalistika fakültəsinin məzunudur. Azərinformun xüsusi müxbiri, “Azərbaycan gəncləri” qəzetinin bölmə müdiri, “Azadlıq” qəzetinin baş redaktor müavini, “Xəzər” jurnalının baş redaktoru, “Turan” məlumat-nəşriyyat müəssisəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi, “Xəzər” universitetinin müəllimi, Bakı Mətbuat Klubunun prezidenti, “Gün-səhər” qəzeti idarə heyətinin sədri olmuşdur. Azərbaycan Mətbuat Şurasının yaradılması layihəsinin müəllifi və qurumu yaradanlardan biridir. Jurnalist peşəkarlığı və söz azadlığına aid 40-dan artıq beynəlxalq konfransın hazırlanması və keçirilməsində istirak edib. Ölkədə ən nüfuzlu "Media açarı" Jurnalist mükafatının təsisçisi, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədridir. 800-dən artıq publisistik məqaləsi çap olunub, televiziya və radio verilişlərinin, sənədli filmlərin müəllifidir. 9 kitabın müəllifi və tərtibatçısıdır. Zərdabi mükafatı laureatıdır. Özü haqqında belə yazır: “1960-cı ildə doğulmuşam, amma bioqrafiyamı 1968-ci ildən başlayardım. Niyəsini soruşmayın. Yeri gəlmişkən, ilk məqaləm mətbuatda həmin il dərc olunub. Küçəmizin bərbad yolu haqqında. O yol hələ də bərbaddır. Bu arada isə universitet bitirmişəm, ömrüm boyu Bakıda, jurnalistika sahəsində çalışmışam – xaricdə dərs aldığım və dərs verdiyim qısa fasilələri nəzərə almasaq, - informasiya agentliyində, mətbuat xidmətində, qəzetdə, jurnalda, hətta bir az radioda da işləmişəm. Televiziyadan başqa. Baxmayaraq ki, həmişə bir film çəkmək istəmişəm. O istək indi də qalır, mövzum, prinsiplərim kimi, dəyişməyib”.

Sevimli Yaşılgözlümdən müjdə

   Yəqin, çoxlarınıza tanış hissdir: hərdən köhnə mahnıdan bir bənd düşür yadına və təkrar-təkrar qulaqlarında səslənir. Ya bir şeir girir beyninə və sətirlər gözlərinin qabağında qaynaşır. Qova bilmirsən, sanki maşın sürdüyün yerdə qəfil başlayan yağış qabaq şüşəni elə tutur ki, qurulamağa macal tapmırsan. Okudjavanın 53 il əvvəlki «Dua»sı fikrimi cəmləşdirməyə qoymur. Bilmirəm, nə istəyir? Axırda ümidim ona qalır ki, tərcümə edim, bəlkə, yaxamdan əl çəkdi.

Tam mətn

Kəbinlər tək göylərdə yox, həbsxanada da kəsilir

  Xeyli zamandır, Elçin Şıxlı məni yazmağa həvəsləndirir. Cavab verirəm ki, ha fikirləşirəm, yadıma qara-quralar, ağrılı-acılı problemlər düşür. Bəd şeylərdən çox yazanda isə adam özü bədbinliyə tutulur. Nə vaxtdır, işıqlı bir şey axtarıram («nurlu» deyərdim, amma Qulu Məhərrəmli tapşırıb ki, o sözü dilimə gətirməyim: «nurçu» sayarlar), tapa bilmirəm. Sağ olsunlar Seymur Həzi ilə Nigar Yaqublu (avqustun 2-dən Nigar Həzi). Qaranlığa işıq saldılar. Hər ikisinin cavan yaşlarında, ağıl və istedadlarına baxmayaraq (bəlkə də elə buna görə), problemləri xirtdəkdəndir.

Tam mətn

Mən bir ceviz ağacıyam Gülhanə Parkında…

«Harada qurtarır Vətən» seriyasından ikinci yazı.   Kim fikirləşirsə ki, Avropa altı əsr bundan əvvəl İstanbulun fəthini türklərə bağışlayıb, yanılır. Türkiyənin iştirak etdiyi bütün savaşlarda bu ölkənin parçalanması hətta onunla müttəfiqlik edən xristian dövlətlərinin də ürəyindən olardı. Bir dəfə — XX əsrin onuncu illərində Qərb bu istəyinə çox yaxınlaşıb. Düz yüz ildən sonra, deyəsən, həmin ümidlər yenidən dirçəlib. Bu dirçəlişi Avropanın Türkiyəni öz ailəsinə (yəni, Birliyinə) qatmaq üçün irəli sürdüyü bəzi əlahiddə şərtlərdən də sezmək mümkündür.

Tam mətn

ANS «siyasət bazarı»na çıxarılıb

Media elə bir ev heyvanıdır ki, onun cəmdəyi də çox baha qiymətə gedir. Azərbaycan kanallarının «ölüvaylığından»,  tam nəzarətə alındığından (qanun, tənzimləmə mexanizmi, senzura, pul və nəhayət, «lom» hesabına) az yazılmayıb. Belə təsəvvür etmək olardı ki, ora, nəinki, «darbeçi», heç müxalifətin fağır nümayəndəsi də yol tapa bilməz.

Tam mətn

HARADA QURTARIR VƏTƏN?

Birinci yazı.   Niyə beynəlxalq tədbirlərdə azərbaycanlılar savaşa çıxır, başqaları baxır?   Göyün yeddinci qatında gəmi komandirinin xırıltılı səsi məni yazı-pozumdan ayırır. — Təyyarəmiz Aərbaycanla Gürcüstanın sərhəddini keçir. 20 dəqiqədən sonra Tbilisi hava limanında yerə enəcəyik. Komandirin səsi kəsilir. Mikrofon bir az da xırıldayıb susur. İllüminatordan bayıra baxıram. Güvə yemiş xalçanı xatırladan bulud layının dəlmə-deşiyindən aşağıda əyri-üyrü çay görünür. Kürdü, ya Mtkvari? Bu, təyyarənin indi harada olmağından asılıdır. Artıq Gürcüstan tərəfdəyiksə, Mtkvaridi. Yox, hələ sərhəddi aşmamışıqsa, Kürdü.

Tam mətn