Muəllif:

Yağışdan sonra göbələk kimi çoxalan politoloqlar…

Əvvəllər onlardan bizdə hələ yox idi. Bəli, müstəqil ölkənin yarımmüstəqil politoloqlarını deyirəm.

Qərəz, biz sovetlərdən yenicə çıxmışdıq. Daha düzünü humanitar fakultələri bitirənlər deyər, amma mənim bildiyim budur ki, o vaxt elmi kommunizm və ateizm vardı, materialist fəlsəfə və sosialist iqtisadiyyatı vardı, hətta sosiologiya da vardı, amma politologiyadan söz düşəndə dərhal böyrünə “burjuaziya” sözünü yapışdırırdılar.

Odur ki, heç bilmirəm sovet vaxtı belə bir fənn ümumiyyətlə tədris olunurdu ya, yox? Şəxsən mən o vaxtlar bu cür əlləm-qəlləm şeylərdən tamam-kamal uzaq adam idim — dolu vaxtlarımda bizə tədris olunan fizikanı və riyaziyyatı öyrənir, boş vaxtlarımda isə fizikaya aid populyar kitablar oxuyurdum.

Özüm də 250 milyonluq sovet xalqının hər bir üzvü kimi tamam xoşbəxt-bəxtəvər idim: ona görə ki, əgər kəlləsində Şeytan möhürü olan lənətə gəlmiş M.Qorbaçov sovet quruluşunu dağıtmasaydı, bu xalq gecəbəgündüz çalışıb məni də saxlayacaqdı ki, mən yüksək materiyalarla, mənəvi məsələlərlə, məsələn, Kainatın yaranması və quruluşu, ulduzların və qalaktikaların düzülüşü ilə, gözə görünməyən Göy cisimlərilə, onların yaratdığı qeyri-adi hadisələrlə, qamma və rentgen şüalanması ilə məşğul olum – ildə bir, ya da uzağı iki məqalə yazım, otuz yaşıma qədər elmlər namizədi, qırx yaşımadək isə doktoru olum…

Prinsipcə, bu, kifayət idi və o dövr üçün yaxşı, normal bir göstərici hesab olunurdu. Sonrası da belə idi ki, kimin adamı vardısa o, akademik olurdu, amma adamı olmayanları da tamam gözüm çıxdıya salmırdılar, onlardan da professordan-filandan düzəldir, hətta kafedra müdirinədək “yüksəldirdilər”.

Amma M.Qorbaçovun evini Allah yıxsın, gəldi və nə gəldi! Bir də gördük ki, hər şey uçub-dağılıbdır və yerində nəhayətsiz boşluq qalıbdı; sanki bir Dünya var idi, bir də sən, bacardın, yaşayacaqdın, bacarmadın, daha özündən küs.

Odur ki, hamımız pərən-pərən olduq, bir də ayılıb gördük ki, artıq “siyasət adamları”, jurnalist, daha nə bilim, kim və nə olmuşuq!.. Sonrası? Sonrası da hamınıza bəllidir – sovetin yerində on beş dövlət yarandı və onların on beşi birlikdə hələ həmin sovetin, qocalar demiş, “çətvəri” qədər də deyil.

Nə isə. Peşiman-filan deyiləm. Sadəcə, söz məni bir az uzağa apardı. Axı ondan başlamışdım ki, əvvəl bizdə politoloq-filan yox idi. Əvvəlcə  keçmiş elmi kommunizm müəllimləri özlərinə “politoloq” deməyə və elmi kommunizmin əvəzinə institutda-filanda bunu tədris etməyə başladılar, baxmayaraq ki, heç əməlli-başlı ədəbiyyat-filan da yox idi, amma bizim ilk politoloqlar üçün bu, problem deyildi, çünki heç kimsə  belə bilmirdi ki, axı bu, nə olan şeydir, ona görə də səhv-qələt tutan da yox idi, ağzına gələni döşəyə bilərdin!..

Üstəlik, olmayan, xəyali şeylərdən danışmaq bizim “ilk politoloqlarımızın” peşəsi idi – on illərlə kommunizm haqqında necə danışmışdılarsa, siyasi sistemlər, siyasi “aktor”lar, dövlət quruluşları, siyasi münasibətlər, siyasi partiyalar və seçkilər haqqında da beləcə danışmağa başladılar…

Amma bu, milli politologiyamızın hələ sıçrayış dövrü deyildi. Qərəz, axsaya-axsaya, büdrəyə-büdrəyə, tez-tez geriyə boylana-boylana başladıq biz də cəmiyyət və fərd olaraq müstəqil və guya azad-xürrəm yaşamağa.

Artıq yavaş-yavaş başqa yerlərdə olanlardan bizdə də yaranmağa başladı; dövlət və hökumət atributlarını demirəm, bir də gördük ki, bizdə də siyasi partiyalar, onların liderləri var, guya ki, bu partiyaların yarışdığı seçkilər var və hətta bizim özümüzün də təptəzə, yepyeni bir  adımız var – elektorat! Odur ki, milli politologiya elmimiz yarım-leqal vəziyyətdə qala bilməzdi, tez bir zamandaca hamı soruşmağa başladı ki, bəs o əjdahadan, yəni politoloqlardan bizdə niyə yoxdur? Ən əsası da onlara gənc dövlətimiz olmasa da, yaşlı hakimiyyətimiz ehtiyac duydu; televiziyadan hakimiyyətin işlərini göylərə qaldıran, tərif deyən adamlar lazım idi. Daha əvvəlki kimi onları kolxozçu-sovxozçu kimi təqdim edə bilməzdilər, çünki dövlətimiz daha kolxozçu-sovxozçu dövləti deyildi, kolxoz kimi idarə olunsa da, hər halda, demokratik, dünyəvi və suveren dövlət adlanırdı…

Elə o üzdən də şanlı televiziyalarımıza buraxılan adamları necə adlandırmaqla bağlı sual yaranmadı — əlbəttə ki, siyasətdən və siyasi proseslərdən danışan adamları politoloq, uzağı, lap sosioloq adlandırmaq olardı! Bəli, bir də gördük ki, bəzi adamlar vaxtaşırı ekranlarda görünməyə başladılar; bunlar qaşlarını çatır, ölkədə və onun ətrafında gedən proseslərə “şərh“ verirdilər…

Camaat, ağsaqqal-qarasaqqal da əvvəl “Ay uşaq, səs salmayın, görək, kişi nə deyir?” deməyə başladı. Amma bir-iki ildən sonra aydın oldu ki, bu Dünyada ya kişi olmalısan, ya da politoloq, çünki politologiya “Kişi sözün düzünü deyər!” kimi zərb-məsəlləri qəti qəbul etmir və mən bunu tam səmiyyətlə, özü də başa düşərək deyirəm; siyasət siyasətdir və burada sözün düzünü demək yox, bəlkə də əksinə, hərlədib-fırladıb heç nə deməmək daha böyük hünərdir – səmimiyyətimə inana bilərsiniz, ona görə ki, politologiyada əsl həqiqəti bir, uzağı, iki-üç adama demək olar.

Ta lap qədim zamanlardan hökmdarlar və onların məsləhətçiləri bu qayda ilə işləyiblər. Məsələn, böyük İsgəndər eşidəndə ki, müəllimi və məsləhətçisi Aristotel əsərlərini qələmə aldırır, bundan bərk qəzəblənibdi və hətta müəlliminə məzəmmət dolu məktub da göndəribdi ki, belə etmə, çünki bilik və hikmət heç də hamı üçün deyil…

Nə isə, qayıdaq özümüzə — şanlıca, ballıca məmləkətimizə. Qərəz, bir müddətdən sonra hamı gördü ki, bu, heç də pis peşə deyil, çünki özünə politoloq deyən, daha doğrusu, “politoloq” kimi notarial təsdiqdən keçən adamların heç də pis dolanmadığı məlum oldu və bu məqamda bizim bəzi sırtılmış partiya sədrləri gördülər ki, daha bir 20 il də öz qərargahlarında otursalar belə, yenə də heç nə olmayacaq, elektorat onları xoşbəxt eləməyəcək. Odur ki, siyasətçilər də yavaş -yavaş özlərini “politoloq” kimi təqdim etməyə başladılar, baxmayaraq ki, biri filoloq, digəri həkim, üçüncüsü müəllim idi, dördüncüsünün isə heç ali təhsili də yox idi…

Beləcə, milli politologiya elmimizə “yeni” adlar gəldi. Amma politologiyadan qabaq bizim dədə-baba elmimiz də var: bir şeyi ki, hamı başa düşəndə anladın, onu heç anlamasan yaxşıdır. Odur ki, qardaşlar, bu axın da “kükrədi” və kirimişcə də susdu, çünki bazarda vakansiyalar tamam tutulmuşdu, boş piştaxtalar yox idi.

Amma buna baxmayaraq yenə politologiya elmimiz çoxunu cəzb etməkdədir – indi də yeni-yeni simalar peyda olur, bir, uzağı iki cümləlik açıqlamalar verirlər və biz də əmin-rahat oluruq ki, bapbalaca məmləkətimizdə nə edirlərsə, düz edirlər, çünki politologiya elmi də təsdiq edir ki, məhz belə də lazımdır.

O ki qaldı bizlərə, göbələk kimi çoxalsalar da, hər halda, bizə elə bir ziyanı yoxdur onların. Qoy, desinlər ki, bunlar da avam deyillər, böyük-böyük politoloqları var bunların və bu adamlar çörəyi burunlarına yemirlər — kişilərin sözünün dəyəri var, lap manatın, dolların kursu kimi…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 129