Muəllif:

Xoruldamaq və ya nərə çəkmək

Adanaya ezamiyyətə getmişdim illər əvvəl. Oradakı dostlar şəhərin o vaxt üçün ən yaxşı oteli sayılan “Seyhan Hotel”də rahat bir otaq ayırmışdılar. Bütün günü Adananın nəfəs kəsən 45 dərəcə istisində ora-bura qaçıb, işlərimi bitirdim. Axşam yeməyi üçün nə qədər israr etsələr də, “Buraya gəlib Adana-kabab yemədən gedilməz” desələr də, razılaşmadım, bir an öncə otelə gəlib, kondisionerli otağımda dincəlmək istədim. Şam yeməyini belə otağıma sifariş verdim. İstanbul təyyarəsi səhər çox erkəndən olduğundan yerimə alışılmışdan daha tez girdim.

Gecə dəhlizdən gələn çığır-bağır səslərinə oyandım. Yuxulu-yuxulu durub nə baş verdiyini anlamaq üçün qapını açdım. Bir neçə otel çalışanı və qonşu otaqlarda qalan 3-4 nəfər qonaq dəhlizə toplanmışdılar. Onlar nömrələrin birindən gələn dəhşətli xorultu səsindən şikayətçi idilər, bir ağızdan gözlərinə yuxu getmədiyini təkrarlayırdılar. Otel çalışanlarından biri “şübhəli” qismindəki iri cüssəli bir kişiyə alt mərtəbələrdə, bitişiyində kimsənin qalmadığı başqa bir nömrə təklif etdi. “Şübhəli” razılaşsa da, xanımı şiddətlə etiraz edir, öz yerində yatacaq deyə inad edirdi. Birdən yandakı nömrənin qapısı açıldı və dəhlizə İbrahim Tatlıses çıxdı. Ortaya sükut çökdü, az sonra müdirə bənzəyən biri durumu məşhur sənətçiyə danışıb, təklif etdiyi çözümü dilə gətirdi. O da yuxulu-yuxulu:“Yahu, gecənin bu vaxtında xoruldamağa görə də nömrəmi dəyişərlər”,- deyə etiraz edəndə cüssəli adamın çəlimsiz qadını:“Efendim, kocam horlamıyor ki, Koroğlu gibi nara çekiyor”,- dedi.

Hər kəs şaqqanaq çəkib gülüşdü, bu gülüş həm də konsensusa işarə idi. O gecə öyrəndim ki, məgərsə 2 növ xoruldama varmış: birincisi, bildiyimiz, normal adam kimi xoruldama, o biri isə nərə çəkərək xoruldama

* * *

Bərbər kreslosuna oturan kim tez əlimdəki jurnalı açıb, gözümü boya qoxusu verən buz kimi şumal səhifəyə zillədim. Əlimdəki jurnal olmasa, qatı “Fenerbahçe” tərəfdarı olan bərbər Emre dır-dır eləyib, ovqatımı təlx edəcəkdi. Çempionatda sonuncu yerlərdə olan Fenerin azarkeş kütləsinə “bıçaq soxsan, qan çıxmaz” durumları o qədər acınacaqlıdır. Emre baxışları ilə aynadan məni söhbətə şirnikdirməyə girişsə də, mən açdığım səhifədəki məqaləni artıq oxumağa başlamışdım. Yazının ilk cümləsini oxuyan kimi özümdən asılı olmadan güldüm. Qarşımdakı aynaya baxa-baxa illər sonra yuxarıda nəql etdiyim hadisəni xatırladım.

Məqalədə ABŞ-ın Şimali İllinoys universitetindən (Northern Illinois University) Lyu Liçuan (Liu Li-Chuan) adlı alimin rəhbərlik etdiyi bir qrupun xoruldamaya qarşı yastıq icad etdiyindən yazırdı. Bu yastıq xoruldayan adam üçün deyil, onun yanındakı – “işgəncəyə” məruz qalan üçün nəzərdə tutulub. Yastıq xorultu səsini effektiv olaraq udma xüsusiyyətinə sahibdir. Bu texnoloji yastığın içində səsgücləndiricilər, üç mikrofon və səs filtrindən ibarət elektron avadanlıq var. Bunun sayəsində yastıq yanında yatanın xoruldama səsini boğur, susdurur.

Diqqətli oxucular xatırlayacaqlar, siqaret çəkməyi tərgitdiyim MORA terapiyası haqda böyük marağa səbəb olan bir məqalə yazmışdım. Texnoloji yastığın çalışma prinsipini də ona bənzətmək olar – yastığın içindəki mikrofonlar ətrafdakı səsləri “ələ keçirib”, içindən xorultu səslərini seçir, səsgücləndiricilər vasitəsilə xorultu səsinin amplitudasına bərabər səs dalğaları buraxır. Ancaq buraxılan səs dalğaları tərs amplitudalıdır və onların toplamı səsi söndürür – tərs amplitudalı dalğaların cəmi sıfra bərabərdir. Əlahəzrət Texnologiya artıq xoruldama problemini çözməyə də əl atıb.

Yeni yastıq 30 desibelə qədər xorultu səsini boğur. Əvvəlki sınaq modelində bu rəqəm 22 desibelə bərabərdi. Ümumən xorultu səsinin intensivliyi 50-60 desibel aralığındadır. Di gəl ki, xorultu ilə nərə arasındakı sərhəddi təyin eləmək üçün hansısa bir etalon yoxdur, deyəsən. Ancaq çətin ki, Lyu Liçuan və onun qrupu Koroğlu nərəsinin səsini susdurmağa nail olsun. Çünki, nərənin səs intensivliyinin ən az 100 desibelə çatdığını təxmin edirəm. Zənnimcə, elmi tərəqqi son sözünü hələ deməyib. Yastığa olan ehtiyac isə gün keçdikcə daha da artacaq. Honkonq universitetinin alimləri xoruldamanın yuxu çatışmamazlığına səbəb olduğu üçün DNT molekullarının zədələndiyini və bunun da ciddi xronik xəstəliklərə yol açdığını deyirlər. İsveçrəli alimlər isə yatağın 0.25 hers dalğa ilə yırğalanması dərin yuxunun sonuncu fazasının uzadılması hesabına orta yaşlı adamlarda yuxunun keyfiyyətini xeyli yaxşılaşdırdığını təsbit ediblər.

* * *

Tələbə vaxtı “Za rubejom” (За рубежом) qəzetində oxuduğum kiçik bir xəbəri hələ də xatırlayıram. ABŞ-da bir universitet qırxayağın arxa ayaqlarının hərəkət mexanizmini araşdırmaq üçün gənc bir qıza 300 dollar pul ayırmışdı. Çox təəccüb etmiş, həşəratın ayaqlarını, xüsusilə də arxa ayaqlarını öyrənmək nəyə lazımdır deyə çox da gülmüşdüm. İşin sirrini ancaq illər sonra anladım. Universitet biologiya fakultəsinin tələbəsinə cüzi də olsa, bir miqdar pul verməklə o qızda elmi araşdırmalara maraq oyandırmağı, habelə zəhmətinin qarşılığını almağı öyrədirmiş. Kim bilir, bəlkə elə o vaxtkı tələbə qız bu gün Lyu Liçuanın araşdırma qrupunun üzvlərindən biridir.

Məqaləmi yazarkən Facebook səhifəmdə Çindəki xəstəxanalardan birində gedən əməliyyat haqda video paylaşdım. Əməliyyatı cərrah xəstədən 50 km uzaqda, başqa bir şəhərdən edir.

Cərrah 5G ilə bağlandığı robotla xəstəsinə yeni həyat verir. İnternet o qədər sürətlidir ki, əməliyyat cəmi 0.1 saniyə gecikmə ilə həyata keçir. Qısa müddət ərzində videonu 13 mindən çox insan izlədi, 400 nəfər paylaşdı. Çünki FB istifadəçiləri ekranlarında möcüzəyə şahid olmuş və bunu hər kəsin seyr etməsini arzu etmişdilər. Doğrusu, tanıdığım və tanımadığım minlərlə insanın yeni texnologiyalara olan marağı məni xeyli sevindirdi. İnsanın yeni şeylər öyrənmə, kəşf etmə, maraqlanma istəyi hər zaman yeni ümid, gələcəyə inam deməkdir.

İndi oxuculardan biri qalxıb deyə bilər ki, uzaqdan cərrahi əməliyyatlar varkən, nədir bu yastıq məsələsi. Ürək-damar xəstəlikləri bəşəriyyət üçün ən təhlükəli problemlərdən birinə çevrilib və bu gün kardioloqun qəbuluna düşəndə səni müayinə etmədən ilk sualı belə olur: “Yuxun necədir?”. Yuxunun keyfiyyəti, səhər döyülmüş kimi deyil, dincəlmiş, zehni açıq oyanmaq ürəyin birinci dostudur. Və bu məqaləmdə də Qərb dünyasının qeyri-adi kimi görünən problemlərlə də məşğul olduğuna diqqət çəkmək istədim…

Emre saçımı vurub bitirdi. Hesabı ödəyib sağollaşanda qapıda məni saxlayıb:“Abi, çokmu horluyorsun?”,- deyə soruşdu. Xoruldamadığımı, hətta heç xoruldamadığımı söylədim. Bir də ki, xoruldamaq artıq problem deyil, əsas Adanadakı adam kimi nərə çəkməməkdir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (16 оценок, среднее: 9,56 из 10)
Oxunma sayı: 999