Muəllif:

Uşaqlar birdən qışqırdı ki, atamız ölüb…

Fevralın 4-də 15-dən çox azərbaycanlı ailə xüsusi reyslə Azərbaycana göndərilmək üçün Düsseldorf hava limanına aparılıb. 7 övladı olan Səbuhi adlı mühacir isə Azərbaycana dönməmək üçün damarlarını doğrayıb.

Səbuhinin həyat yoldaşı Könül Hüseynova deyib: “Polislər deportasiya qərarını icra etmək üçün Kasseldə yaşadığımız evə gəldilər. Yoldaşım tualetə getdi, qayıtmadı. Uşaqlar birdən qışqırdı ki, atamız ölüb. Səbuhi damarlarını doğramışdı, qanı axıb dəhlizə qədər çıxmışdı.

Bir qədər bundan əvvəl də soydaşlarımızdan biri beləcə, eyni səbəbdən intihar etmiş, dünyasını dəyişmişdi. Ondan bir neçə il qabaqsa bir erməni ailəsinin başına eyni hadisə gəlmişdi.

***

Dilimizdə sürgün deyilən bir ifadə var. Sürgün edilmək, sürülmək. Bir vaxtlar vətəndaşa verilən cəza növlərindən biri olub. İzahı: “Məhkəmənin hökmü ilə cəza olaraq bir şəxsi məcburi surətdə başqa (adətən uzaq) bir yerə köçürmə, cəza çəkmək üçün yaşadığı yerdən başqa bir yerə göndərmə. Sürgün cəzası. Ömürlük sürgün. Sürgünə göndərmək. – Axırda [Seyranı] da, fəhlə yoldaşlarının bir neçəsini də Sibirə sürgün elədilər. M.Hüseyn”.

Sürgün o qədər dəhşətli bir şey olub ki, indi də o söz dilə gələndə adamların tükləri biz-biz durur. Sürgün ölümə bərabər, bəzənsə ölümdən betər hesab edilib. Zaman keçdi, o qorxulu cəza növü aradan qalxdı, sonra reallıq elə dəyişdi ki, sürgün kəlməsi artıq müsbət çalar almağa başladı və hətta qurtuluş sözüylə sinonim dərəcəsinə çatdı. Hətta çar Rusiyasında, sonra qırmızı Rusiya (SSRİ) ərazisində insanların qorxulu kabusu olan Sibirə sürgün xilas səfərinə çevrildi. 2001-ci ildə Sibirə üz tutmaqla “könüllü sürgün” yaşamış adam kimi əminliklə deyirəm bunları.

Sürgün insanı öz isti ocağından, yurd-yuvasından, kəndindən, şəhərindən, məmləkətindən ayırmaq, yeni, əzablı, müəmmalı bir dünyanın qaranlıq küçələrinə atmaq, özünü özündən qoparmaqdı. Bəs insan bu isti ocağından özü öz xoşuyla, hətta ətək-ətək pul töküb qaçırsa, baş götürüb dünyanın ta o başına kimi gedirsə?.. Üstəlik, gedənlərin arasında təkcə siyasi fəaliyyətinə görə sıxışdırılanlar, yaxud kasıblığın əlindən qaçanlar deyil, həm də tam təmin olunmuş ailələr də varsa?.. Demək, hətta hər şey qaydasında olsa belə, olmayan bircə şey var: Ümid!

İndi nə qədər azərbaycanlı xaricə qaçır. Hətta onu, ailəsini oralarda xeyli müddət necə çətinliklər gözlədiyini, dünyanın dörd bir köşəsindən qaçmış zərrəcə tanımadığı, dillərini bilmədiyi adamlarla vahiməli miqrant kamplarında nə zillətlərə qatlanacağını bilir. Bilir, ancaq onu da bilir ki, bu işgəncələrin perspektivi var. Əgər getdiyi ölkədən sığınacaq ala bilsə, demək, ən azı övladlarının gələcəyi qarantiya altında olacaq.

Ümumiyyətlə, adi bir fakt kimi qəbul etdiyimiz bu tip hadisələrin altında əslində necə böyük faciə gizlənir! Adamı çıxarıldığı ölkənin hesabına rahat təyyarəylə öz evinə göndərirlər və adam buna görə damarlarını doğrayır!

Qayıtmaq istəmir. Atasının, anasının, doğmalarının yanına, öz vətəninə, öz kəndinə, öz ölkəsinin şəlalələrinə, başı qarlı dağlarına, 9 iqliminə, saf bulaqlarına, qonaqpərvər insanlarına, ləzzəti, dadı dünyanın heç bir yerində olmayan təamlarına, meyvə-tərəvəzinə, ətinə, kababına, xaşına, gülünə-çiçəyinə, meşələrinə, xatirələri və əcdadları uyuyan torpağa qayıtmaq istəmir! Ölməyə vətən yaxşı deyiblər, ancaq heç ölmək üçün də ölkəsinə qayıtmaq istəmir. Ölümçün də qürbəti seçir! Bundan dəhşətli nə ola bilər!

Bunun arxasında nələrin, hansı səbəblərin durduğunu bilmək üçün alim olmağa gərək yoxdur. Ancaq o səbəbin dəhşətini anlamaq, hiss etmək üçün alim olmaq yetmir!

Elmin təsdiqlədiyi bu faktı çoxu bilir: hər kəsin damarından axan qanda, əslində, onun doğulduğu torpaq, hava, su axır. Vətənin doğmalığı heç də poetik bir şey, şair-yazıçı uydurması deyil, elmi əsasları olan danılmaz təbiət hadisəsidir. Yer planetində yaşayan insan başqa planetdə hansısa şəkildə nə qədərsə yaşaya bilər. Ancaq orqanizmi öz yarandığı komponentlərdən ayrı düşdüyü daim təbəddülat yaşayacaq, bütün düzənini itirəcək, sağlamlığı pozulacaq, hətta beyninin çəkisi belə dəyişəcək. Hər bir fərd yalnız öz doğulduğu, əmələ gəldiyi torpaqda normasında yaşaya bilər. Lakin reallığın böyüklüyünə bax, insan bütün bunları bilə-bilə öz yurdundan baş götürüb qaçır. Deməli, öz sağlamlığından, çəkəcəyi həsrətdən, xiffətdən, doğmalıqdan da üstün olan bir şey var insan üçün. Uğrunda qeyri-müəyyənliyin bütün məşəqqətlərini gözünə aldığı bir şey. O şey nədirsə, demək, onun vətənində yoxdur!

Bəli, adamlar baş götürüb qaçır, harasa üz tutur, ora sığınır o yox olan, çatışmayan şeyin ucbatından və bir gün geri göndərilmə faktıyla üz-üzə gələndə isə damarlarını doğrayır, o doğma tərkibli qanını axıdır, sanki o qandan, o qanda daşıdığı vətənə aid hər şeydən, bütün maddələrdən bir yolluq qurtulmaq istəyir. İstəyə bax: öz vətənindən qurtulmaq!

Bir zamanlar sürgünə göndərilənlər öz yurdundan ayrı düşməkdənsə ölməyi seçirdilər, indi yurduna qaytarılanlar…

***

Avropada qanunlar saat kimi işləyir. Ancaq bu saat yalnız Avropanın öz insanına qurulub. Bu saatın əqrəbləri o ölkələrə gəlmə, qanundankənar insanlar üçün hərlənmir. Məhkəmənin bir “deport” hökmündən sonra o əqrəblər göz yaşına, aha, kədərə, iniltiyə, yalvarışa, naləyə baxmadan gəlmə insanı sancıb öz ölümcül zəhərini qanına axıdır.

Qərb insan hisləri və duyğular üstündə deyil, texniki ədalət üstündə qurulub. Çünki insan hissə qapıla bilər, qanunlar yox. Saat kimi işləməsi də ondandır. Bizdə cəmiyyəti min cür xarakterə, hissə, duyğuya malik insanlar idarə edir, orada qanunlar. Bizi də o qanunların saat mexanizminə bağladığımız ümid çəkib aparır oralara. Ancaq biz Avropaya da öz azərbaycanlı kimliyimiz, xarakterimiz, qəlbimiz, vərdişlərimizlə gedirik. Burda işimiz qanuni olmayanda belə, qanunun yox, məmurun əsas olduğunu bildiyimizə görə bizi idarə edən o məmur-insanlara yalvarıb, rüşvət verib işimizi onların rəhmi əsasında həll etməyə öyrəşmişik. Biz Avropanın əleyhimizə çıxaracağı qanuna qarşı öz azərbaycanlı hiss və vərdişlərimizi son güllə kimi tətikdə saxlayır, orada rüşvət və yalvarış keçmir deyə, orada rəhm yox, qanun işləyir deyə öz azərbaycanlılığımızı, post-sovet adamı kimliyimizi ayrı formada işə salır, qanımızı dövrəyə buraxırıq. Biz öz qanından, canından belə rüşvət kimi istifadə edən insanlarıq. Ancaq unuduruq ki, Avropa göz yaşlarına, qana yox, qanuna inanır!

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (3 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 191