Muəllif:

Ruhumuzu incidən qəhrəmanlar

Prezident əfv sərəncamı imzaladığı gün müxalifət təşkilatlarından birinin nümayəndəsi ilə söhbət edirdik. Həmin gün sosial şəbəkələrdə, mediada prezidentə edilən təşəkkürlər, minnətdarlıqlar daha çox yer alırdı. Bu əfv sərəncamı ilə adı siyasi məhbus siyahısında olan nə az-nə çox düz 52 insan haqqı olan azadlığına qovuşacaqdı. Və ilk dəfə idi ki, bu qədər siyasi məhbusun azadlığına vəsilə olacaq sərəncam imzalanmışdı. Eyni zamanda əfvdən əvvəl prezidentin xalqa yönəlik bir neçə yumşaq addımının sadə xalq nümayəndələrində bir ümid işığı yandırdığının da şahidi idik. Həmin təşəkkürlərdə, minnətdarlıqlarda da bu hiss olunurdu. Həmin müxalifətçi dostumuz isə bu minnətdarlıqları ikrahla qarşılayırdı. Deyirdi ki, minnətdarlıqlar yersizdir. Çünki həmin insanlar günahsız həbs olunub, onların azadlığa çıxması isə onların haqqı idi. Onun fikrincə buna görə kiməsə təşəkkür etmək lazımsızdır. Müəyyən qədər haqlıdır.

Mənsə həmin dostumuza izah etməyə çalışırdım ki, kim həbs olundu, kim azadlığa buraxıldı, bu böyük əksəriyyət tərəfindən əhəmiyyət daşımır. İnsanları maraqlandıran ancaq odur ki, normal, rahat nəfəs ala biləcəkləri, sakit yaşaya biləcəkləri, ailələrini dolandırmaq üçün rahat pul qazana biləcəkləri ölkədə yaşasınlar. Onlar prezidentin son addımlarından ümidləniblər, vəcdə gəliblər. Əgər prezident islahatlar aparsa və insanlar sadaladığım formada həyat əldə etsələr, ən yüksək postda olanın neçənci dəfə o postda olmasından asılı olmayaraq həmin şəxsi dəstəkləyəcəklər. Bir sözlə, xalq yaşayış istəyir. Normal yaşayış. Firavan həyat.

Dostumuz isə razılaşmırdı. Deyirdi ki, mənim danışdıqlarım cəfəngiyyatdır. Necə ola bilər ki, prezident tutalım 1-2 yaxşı addım atdı, islahatlar apardı, insanlar normal yaşayışını əldə etdi. Bəs bu vaxta qədərki çatışmazlıqları necə bağışlamaq olar? Korrupsiyanı, ofşorlara çıxarılan pulları, oğurlanan, ələ keçirilən mal-mülkləri, edilən zülmləri necə unutmaq olar? Necə onların üstündən keçib, 1-2 yaxşı addıma görə təşəkkür etmək, minnətdarlıq etmək olar? Bu haqsızlıqların hesabatını kim verəcək? Və.s. və.i.a.

Dostumuza izah edirdim ki, mən reallığı deyirəm. Sizin dediyiniz isə arzudur. Reallıq isə budur ki, xalqı ofşor-mofşor maraqlandırmır. Özünün yaşayışı maraqlandırır…

Bir gün sonra əfv sərəncamının icrası yerinə yetirilməyə başladı. Bütün media orqanlarında, sosial şəbəkələrdə siyasi məhbus kimi tanınmış şəxslərin müsahibələri, ailələrinin sevinci və.s.

Həmin gün azadlığa buraxılan keçmiş səhiyyə naziri Əli İnsanovun mediaya verdiyi əvvəlki dövrlərindəkindən fərqli olaraq hakimiyyətə qarşı olan kəskin mövqeli çıxışı insanların əksəriyyətində maraq və təəccübə səbəb oldu. Eyni zamanda həmin açıqlamada “Əli İnsanov azadlığa çıxıb müxalifətə qoşulmayacaq. Nə deyə bilərsiniz “ sualına cavabında:“Azərbaycanı uçurumdan xilas edə biləcək istənilən qüvvəyə dəstək verməyə hazıram. Ancaq hər şey Allahın əlindədir. Məlum deyil. Mənmi onlara qoşulacam, yoxsa onlarmı mənə qoşulacaq”,- fikri daha çox müzakirələrə səbəb oldu.

Elə o axşam yenə təsadüfən həmin müxalifətçi dostumuzla söhbətimiz oldu. Bu dəfə həmin dostumuz Əli İnsanovun dediklərindən vəcdə gəlmişdi. Az qalmışdı ki, Əli İnsanovu sınmaz, əyilməz, ən mübariz lider elan etsin. Deyirdi ki, adamı illərdir sındıra bilməyiblər. Adam od püskürür. Və.s. Və.i.a.

Yenə fikrimiz üst-üstə düşmədi. Bu dəfə mən onun bir gün əvvəl dediklərini xatırlatdım. Dedim ki, bəs necə olur ki, Əli İnsanovun səhiyyə naziri olduğu dövrdə etdiklərinin, rüşvətxorluğunun, mallarının, mülklərinin, hakimiyyətə qarşı çıxdığı dövrdən əvvəlki etdiyi cinayətlərin hesabatını verməmiş onu belə rahat qəbul edə bilirsiniz? Doğrudur, adam hakimiyyətə qarşı çıxdığı üçün 14 il həbs yatıb. Amma məhz hakimiyyətə qarşı çıxdığı üçün. Hakimiyyətin yanında, vəzifədə olduğu dövrdə etdiklərinə görə deyil. Heç həmin dövrdə etdiklərinə görə xalqdan üzr də istəməyib. İndi necə olur 1-2 sərt bəyanatdan sonra onu dərhal bağışlayıb, bağrınıza basmağa hazırsınız. Amma 1-2 yaxşı addımına, əgər islahat edəcəksə, xalq yaxşı yaşamağa başlayacaqsa, prezidentə təşəkkür edəndə doğru addım atmamış olur?

Mən nə təşəkkürün, nə minnətdarlığın tərəfdarıyam. Sadəcə ədalətin tərəfdarıyam. İnsanları da ədalətli olmağa səsləyirəm. Bilirəm, bu xalqın, bu millətin, bu iqtidarın, bu müxalifətin qəhrəmana ehtiyacı var. Amma qəhrəman da gərək elə qəhrəman olsun ki, bağrımıza basanda onun keçmişi ruhumuzu incitməsin.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 107