Muəllif:

Pilləkəndəki prezident

Keçən ilin oktyabrında sosial şəbəkələrdə Finlandiya prezidenti Sauli Niinistönün maraqlı şəkli çox paylaşılırdı. Şimali Avropa ölkəsinin rəhbərinə tədbirlərdən birində zalda yer çatmamışdı, o da pilləkənlərdə əyləşmişdi. Əlbəttə, bu hal bizi xeyli təəccübləndirmişdi, cənab Niinistöyə də böyük rəğbət yaratmışdı. Sonradan öyrəndik ki, Finlandiya prezidenti həyat yoldaşının çıxışını izləmək üçün kitab yarmarkasına gəlib, amma gec gəlib, pilləkəndə əyləşməli olub. Biz xeyli təəccübləndik, amma yarmarkaya gələnlər lap elə təəccüblü görünmürdülər. Böyük ehtimalla, həm də ona görə ki, prezidentin də onlardan biri olduğunu anlayırlar. Söz yox, bizim təəccübümüz də anlaşılandır…

Elə həmin günlərdə başqa bir Finlandiya vətəndaşının adının keçdiyi xəbər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilmişdi. İddia olunurdu ki, Skandinaviya ölkəsinin “Prohoc Oy” və “Ahedus Oy” şirkətlərinin nümayəndəsi Seppo Martikaynen SOCAR-da şöbə rəisinin müavini Səyavuş Valehova bir neçə dəfəyə ümumilikdə 377 min manat rüşvət verib. Əlbəttə, biz yenə xeyli təəccübləndik. Nə gizlədək, azərbaycanlı məmurun rüşvət alması bizi çox heyrətləndirmədi, hadisəni yetərincə sakit qarşıladıq. Bizi Finlandiya vətəndaşının rüşvət verməsi çox təəccübləndirmişdi. Söz yox, bizim təəccübümüz yenə anlaşılandır…

Martikaynenin davranışı bizi niyə sarsıdır? Çünki adam Finlandiya kimi korrupsiya ifadəsinin az qala, yerli lüğətdən silindiyi ölkənin vətəndaşı olduğu halda, gəlib Azərbaycanda rüşvət verib. Azərbaycanlı olsaydı, yenə anlamaq mümkün idi. Sən axı Finlandiya vətəndaşısan?! Amma cənab Martikaynen Qərbin söykəndiyi bütün ədalət prinsiplərini pozur, SOCAR-ın elan etdiyi tenderdə qalib gəlmək, başqa sözlə başqasının haqqını yemək üçün  rüşvət verir.

Martikaynen yerli şəraitə uyğun davranıb. Hər halda, onun ölkəsində deputat “müəllim dolana bilmir, gedib bənna işləsin” demir. Deyə də bilməz, yoxsa parlamentdə əyləşməyə imkan verməzlər. Azərbaycanda isə korrupsiyaya bulaşmamış sahə qalmayıb. Çox güman, Martikaynen də bu həqiqəti bizim ölkəyə ayaq basdığı ilk günlərdə anlayıb. Hansı azərbaycanlıya desən ki, tenderdə layiq olduğum qələbəni qazanmışam, adama gülərlər. Nizamnamə kapitalı 100 manat olan bir ayın şirkəti dövlət orqanının keçirdiyi 50 milyonluq tenderdə qalib gəlirsə, məsələ aydındır. Bu ölkədə hamı nə baş verdiyini gözəl anlayır. Martikaynen də anlayıb…

Seppo Martikayneni bizim ölkədə, hələ bəlkə Finlandiyada da tanıyan çox deyil. Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə keçmiş həmməruzəçisi Pedro Aqramuntun adı isə rəsmi Bakı ilə korrupsiya iddialarına görə xeyli gündəmdə qaldı. Ölkəsində, İspaniya mətbuatında haqqında yazılmayan söz qalmadı. İspanlar xəcalət çəkirdi ki, onların deputatının adı korrupsiya qalmaqalında hallanır. Bir ölkədə insanların əzilməsinə, günahsız adamların həbsinə göz yummaq üçün rüşvət alıb. Bizim heç vecimizə olmadı. Sosial şəbəkələrdə bir qrup adamın yazdıqlarını çıxsaq, bütövlükdə cəmiyyət olaraq lazımi reaksiyanı vermədik. Sanki söhbət bizim ölkədən getmirdi. Halbuki, bu davranış bizə daha çox təsir göstərməliydi…

Təəssüf ki, Azərbaycan həm də haqsızlıqlara normal münasibət göstərməyi tövsiyə edən “bura Azərbaycandır” ifadəsinin çox məşhur olduğu, çox işləndiyi ölkədir. Axı biz niyə Aqramunt qalmaqalını normal qarşılamalıyıq?! Əzilən də bizik, korrupsioner siyasətçilərin susdurulmasına xərclənən pul da bizimdir. İspanların sadəcə, nüfuzuna xələl gəlir, biz isə bütün müstəvilərdə ağır zərbə alırıq. Özümüzü elə aparırıq ki, sanki olanların bizə aidiyyəti yoxdur. Hərçənd, bu situasiyanı həm də özümüz yaratmışıq. Martikaynen Finlandiyada, Aqramunt İspaniyada Azərbaycandakı kimi davrana bilərdimi?!

İnsanı formalaşdıran, cəmiyyət üçün hazırlayan üç faktor var: genlər, ailə tərbiyəsi, mühit. Biri yerində olmayanda nizam pozulur. O adamları da mühit belə addıma şirnikləndirir. Bizim ölkədəki mühit. Dünyada korrupsiya ilə ad çıxarmışıq. Rüşvət iliyimizə işləyib, heç cür bundan yaxa qurtara bilmirik.

Niinistö 2012-ci il prezident seçkilərindəki namizədlər arasında ən zəngini sayılırdı. Amma bu amil prezidentə sadə davranmağa heç vaxt mane olmayıb. Ölkənin tanınmış siyasətçilərindən olsa da, ilk həyat yoldaşını itirəndən sonra iki oğlunu tək böyütmüşdü. Niinistö onsuz da finlər üçün pillələrin ən yüksəyində əyləşib. Keçən il onu ardıcıl ikinci dəfə ölkə prezidenti seçdilər…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 187