Muəllif:

KİŞİLƏRİN QADINLARI TƏLƏYƏ SALDIĞI OYUN

Feminizm… Son dərəcə sadə ensiklopedik tərif: “(lat. femina – «qadın») — qadınların hüquqları uğrunda ictimai-siyasi hərəkat.

İlk baxışdan son dərəcə sadə, əslində isə qadının özü qədər mürəkkəb, ağılla dərkedilməz bir şey.

Rus şairi Fyodor Tütçevin 1866-cı il, dekabrın 10-da yazdığı bir şeir var:

Умом Россию не понять,

Аршином общим не измерить:

У ней особенная стать —

В Россию можно только верить.

Şair deyir ki, Rusiyanı ağılla dərk etmək olmaz, ona sadəcə inana bilərsən. Yəni, çabalaya-çabalaya ölmək istəmirsənsə, bundan başqa yolun da yoxdur.

Nədənsə bu misralar məndə həmişə qadınlarla bağlı assosiasiya yaradıb. Sanki misrada “Rusiyanı” yox, “qadınları” yazılıb.

Bu ictimai-siyasi hərəkatın ilk dalğası XIX əsrin sonu — XX əsrin birinci yarısına təsadüf edir. Məqsəd cinslərin hüquq bərabərliyinə nail olmaqdı. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qadınlara nəinki Şərqdə, iri Qərb dövlətlərinin belə çoxundan qabaq seçki hüququ verib. Qadınlara ilk belə hüququ tanıyan dövlət isə Yeni Zelandiya olub — 1893-cü il, 28 noyabr. Sonradan bildiyimiz kimi, dünyanın başqa dövlətləri də qadınların təkcə seçim hüququnu yox, kişiyə, daha doğrusu, insana aid olan bütün hüquqlarını qanuniləşdirib və beləliklə feminizm sanki qarşısına qoyduğu məqsədə çatıb. Ancaq proses dayanmayıb.

XX əsrin ortalarından etibarən feminizmin ikinci dalğası başlayıb. Bu dəfə əsas götürülən qadınların kişilərlə faktiki bərabərliyi olub. Yəni təkcə sənəd üzərində deyil, gerçəkdə də bərabərlik. Bildiyimiz kimi, artıq bu da cəmiyyətin deyil, ictimai-siyasi proseslərin təbii gedişatı çərçivəsində təmin edilib. Hələ qəbilə-tayfa sistemində yaşayan Müsəlman-Şərq ölkələrini çıxmaqla, Azərbaycan da daxil faktiki bərabərlik də təmin olunub. Üstəlik də feminizmin bəsit və dişsiz mitinqləri sayəsində deyil, dünyanın daha sivilləşməsi, mədəniləşməsi, maariflənməsi əsasında baş verib və əlbəttə ki, bu prosesdə qadın ziyalıların rolu kişilərə nisbətdə zərrəbinlə görünən həcmə malik olub. Əsil və effektiv savaş hansısa feminizm hərəkatı deyil, qadınların son dərəcə gizli və estetik formada apardığı psixoloji savaşdır və bu o qədər amansız, o qədər məxfidir ki, dünyanın heç bir gücü bu savaşa tab gətirmək imkanında deyil. Feminizm hərəkatı isə bu məxfi savaşla müqayisədə kölgə qədər də effektli deyil.

Mətləbdən uzaqlaşmayaq. Bilirəm ki, mənim “faktiki bərabərlik” fikrim feminist qadınlar tərəfindən süngüylə qarşılanacaq. Mübaliğə olmasın, yarızarafat, yarıgerçək deyirəm, belə söhbətə cəsarət edən kişi linçə belə hazır olmalıdır. Söhbət qadınlara qarşı kəlmə kəsməkdən gedir, kişilərə qarşı yox! Burda xeyli gülüş smayliki qoyub canını birtəhər xilas etmək olardı, təəssüf ki, biz hələ ədəbi-publisistik mətnə smaylların qoyulması etapına çatmamışıq. Məsələn, çox sevdiyim, həm də feminist olan dostum Aygül xanımın faktiki bərabərliyə qarşı çıxan bir fikrini oxudum: “Hər şey bir yana, ciddi-ciddi “Azərbaycanda qadınlara qarşı ayrı-seçkilik edilir”, — deyə soruşanlar var. Bir “bəyəm Azərbaycanda rüşvət var?” deyənlərə yanıram, bir də bunlara. Bu ailələr, qohumlar, qonşular, cəmiyyət, ölkə bizim deyil? Siz ananın atanın üstündə, qardaşın bacının üstündə, ərin arvadın üstündə hökmünü görməmisiz? Boşanan qadınlar üçün deyilən sözləri eşitməmisiniz? Kişinin fəxrlə danışdığı şeylərin qadın üçün ayıb hesab edildiyini bilmirsiz? Bacının qardaşını heç vaxt onun şəxsi həyatına görə öldürmədiyini, bunun əksinin baş verdiyini bilmirsiz? Əsasən də bölgələrdə azyaşlı qızların təhsil hüququndan sırf qız olduqlarına görə məhrum olduğunu, ən yüksək vəzifələrdə kişilərin işlədiyini bilmirsiz? Yəni burda mübahisə ancaq “bu halların öhdəsindən necə gəlmək olar?” ətrafında aparıla bilər, başqa cür özünü gicliyə qoymaqdır”.

Bax, feminizmin ən axsadığı nöqtə də bu məqamdadır: Qadını “başqası” kimi təqdim etmək! Yəni qadına insan kimi deyil, ayrı bir varlıq kimi baxmaq. Hərçənd feminizmin beynəlxalq kişimərkəzli təhrikçiləri hüquq bərabərliyi mübarizəsinin, faktiki bərabərlik savaşının başa çatdığını və hərəkatın öləzidiyini görəndən sonra nəzəriyyəsində məhz qadının “başqası” kimi təqdim edilməsinə qarşı hərəkata başlayıb. Bu yerdə adamın yadına qeyri-ixtiyari olaraq hansısa ədibin dediyi “qadın insanın dostudur” zarafatı düşür. Əslində isə “başqası” deyəndə, tutalım, cinsi azlıqları nəzərdə tutmaq mümkündür. Feminizm həm qadınların başqası kimi təqdim olunmasına qarşı savaşır, həm də onu bəlkə də hamıdan çox başqalaşdırır.

Aygül xanımın qeydləriylə bağlı bircə bunu deyə bilərəm: “Dostum, məgər Azərbaycan ailəsində təkcə qız uşaqlarımı valideyn tərəfindən təzyiqə məruz qalır? Qətiyyən. 100 il qabaqkı taftologiyanı bu günə müncər etmək nəyə lazım? İndi bu ölkədə atalar nəinki oğlanlarının, hətta qızlarının oxumasını daha çox istəyirlər. Bu, artıq faktdır. Hətta mollaların qız övladları indi savadı varsa, çox rahatca ali təhsil ala bilir. Özü də molla atanın xeyir-duasıyla. Hətta molla yığdığı nəzir-niyazdan rüşvət verməklə olsa belə, qızının təhsil almasına çalışır. Niyə? Çünki bu ölkədə kişilərin ucdantutma işsiz, hüquqsuz olduğunu, müəssisələrdə daha çox qadın işçiyə üstünlük verildiyini sövq-təbii bilir.

Şiddət!

Ailədə təkcə qadınlar döyülür, alçaldılırmı? Boşanmaqdan təkcə cahil və qəddar kişilərmi imtina edir və boşanmaq istəyən qadınına işgəncə verir? Namus üstündə təkcə kişimi qadınının başını kəsir? Qadına şiddətə son deyə tələb edirlər. Bəs “kişiyə şiddətə son”u kim deyəcək? Qadına şiddətə son, yəni kişiyə şiddət olarmı? Bu, nə ayrı-seçkilik, bu, nə məntiqdir? Adı ailə rəisi və kişi olan, əslində evdə dovşandan fərqlənməyən, kənardan o qədər aydın görünmədiyi halda qadın zorakılığı altında inim-inim inləyən nə qədər erkək var? Evdə cınqırını çıxara bilməyən, arvadı boynuna minmiş, arına bükülüb, xəcalətdən dərdini kimsəyə deyə bilməyən, döyülən kişilərin statistikasını aparan olubmu? Yox, çünki savaş gizli gedir. Qadın əzilən olduğunu deyə-deyə əzən olduğunu gizlədir, kişi əzilən olduğunu bilə-bilə əzən kimi xoruzlanır. Bəlkə, zəhmət çəksin, kişi olsun deyiləcək? Yox, deyilməyəcək. Yəni açıq deyilməyəcək, çünki o zaman savaşın məxfiliyi pozulacaq, qadın hay-küyünün siyasət olduğu üzə çıxacaq.

Bəli, qanunları çoxluqla kişilər verir, ancaq o qanunları kişilərin qafasına qadınlar yeridir. Dünyanı qadınlar idarə edir. Savaşları qadınlar törədir. Heç bir sənədə barmaq izləri düşmədən. Hətta məhlə davaları, tələbə oğlanların bıçaqlaşmaları belə “qadınların rolu olmadan” qadınların üstündə düşür.

1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən, Azərbaycan Respublikasının de-fakto əhalisi 9.235.085 nəfərdir. Onlardan 4.583.484 nəfərini kişilər, 4.651.601 nəfərini isə qadınlar təşkil edir. Bəs nədən həbsxanalarda yatanların çoxu kişidir? Onlar daha çox kimə qarşı cinayət törədərək cəza alıblar? Kişilərə, ya qadınlara? Əlbəttə, kişilərə. Deməli, daha çox kimə şiddət var?

Başqa bir statistika: 2017-ci il yanvar ayının 1-i vəziyyətinə görə, məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 33 min nəfər olub, onların 38,1%-ni qadınlar təşkil edib. Bəs qadınlara daha az iş verilirdi?

Bu cür fakt və statistikalar yüzlərlədir!

Ancaq məqsədim qadınları yox, feminizmi sorğulamaqdır. İnsanlıq tarixi boyu kişi həmişə qadını həyatının mənası bilib, onun hüquqları ilə bağlı məsələni də elə ilk dəfəsindən başlayaraq, kişilər səsləndirib.

Beləliklə, Feminizm — əslində kişilərin yaratdığı hərəkatdır. Genderşünaslığın da ulu nənəsi yox, babası var ki, o da kişidir. Platon adlı kişi! Tarixdə ilk dəfə o, qadın hüquqlarından, onun cəmiyyətdə rolundan və kişilərlə bərabər tutulmasından yazıb: “Qadınlara kişilərlə birlikdə eyni bir işi gördürməli, qadınlar da musiqi və gimnastik məşğələlər keçməli, bu sənətlərin hər ikisini, eləcə də hərbi işi mənimsəməlidirlər”. Platona görə, bu hazırlığı uğurla keçən qadınlar kişilərdən də yararlı olur. Bu tip cəmiyyətlərə islamaqədərki türk toplumlarını (izləri indi də qalmaqdadır), çağdaş yəhudi dövlətini göstərmək olar. Heç kim, əski türklərin, indiki yəhudilərin uğurlarını dana bilməz.

Feminist utopiyanin banisi Ş.P.Hilman qadınların azad olunmasının bütün əvvəlki ideyalarına qarşı yeni, “sosializm uğrunda qadınların dinc kollektiv çıxışları” nəzəriyyəni qoyurdu.

Beləliklə, bir yandan kişilər tərəfindən qadınlar üçün yeni rol biçilir, bir tərəfdən isə yeni ideoloji davada, sosializm işində, marksizmdə qadınlar alət kimi irəli atılır. (Zatən feminizm onlarla qola ayrılır və öz içində belə birləşə, barışa bilmir). Bunun strateji məqsədini anlamaq elə də çətin deyil. Sadəcə, bir məqamı xatırlatmağa dəyər. Dünyada geniş istifadə olunan çirkli bir taktika var – qorxunc mübarizələr zamanı düşmənin (yaxud etiraz olunan tərəfin) qarşısına qadın və uşaqları çıxarmaq, qadına sayğı duyğusundan yararlanıb müqavimət gücünü zəiflətmək və nəyəsə nail olmaq. Bu gün dünyanın bir çox siyasi hərəkatlarında, terror təşkilatlarının əməllərində bu taktikadan geniş istifadə olunur. Qəlbən saf, saya, tarixi gender düşmənçiliyindən yararlanmaqla qaza daha asan gətirilən qadınlar bu işdə çox yaxşı silahdır.

Feminizmin canında məqsəd yox, onu rövnəqləndirənlər tərəfdən düşünülmüş qaranlıq vasitə yatır. Gizli hədəflərdən biri də isə qadınlarla kişiləri əvvəlcə tam başqalaşdırmaq, yadlaşdırmaq, düşmənə çevirmək, sonra kişi-qadın fərqinə son verib qadını anatomik-cinsi deyil, mənəvi-estetik cins kimi məhv etməkdir. Əslində bütün problemlərin həllinin kökündə sevgi və qanun durduğu halda, nifrəti, düşmənçiliyi körükləməklə ailə institutunun axırına çıxmaq, bir az mifik səslənən “Yeni dünya nizamı” konsepsiyasına uyğun olaraq nəticələr əldə etməkdir.

Xəyalınıza az qala kişiyə çevrilmiş qadını və yarandığı tarixdən bu yana qadını ilahi gözəllik simvolu sayan, mələk mərtəbəsinə yüksəldən poeziyanı gətirin. Bir anlıq təsəvvür edək: şair anatomik-cinsi özəlliyindən başqa bütün cinsi məziyyətini itirmiş, bütün mənəviyyatı ilə qaba kişiyə çevrilmiş qadına şeir yazır, onu vəsf edir! Nəsimi elə bir qadına bunu deyə bilərdimi:

Səni bu hüsnü-camal ilə, bu lütf ilə görüb,

qorxdular haqq deməyə, döndülər insan dedilər…

Yeni interpretasiyada idbar bir şey alınacaqdı. Təxminən belə: “Səni bu cəngavər sifətiylə, bu əzələlərlə, bu erkəkliklə görüb, qorxdular kişi deməyə, döndülər qadın dedilər” və s. və i.a.

Amma və lakin… Qadınlar dayanmır. Bu hərəkatda da kişi «fitnəsi»nə uyduqlarını, onların diqtəsiylə hərəkət etdiklərini və əslində aldadıldıqlarını ya unudurlar, ya da deyəsən “unutmaq” qadınlara sərf edir…

***

Ailəcə çox yaxın olduğumuz bir cütlük vardı. Sevgiylə evlənmişdilər. Evlilikdən sonra da qarşılıqlı sevgi davam edirdi. Kişi hər bir işdə qadınına yardım edir, onunla yeməyə çıxır, problemlərini dost kimi dinləyir, dəstək olur, qadınının qadın və kişi dostlarıyla görüşməyinə qəti mane olmur, geyim-keçiminə qarışmır, çətin və təhlükəli sahədə olsa da, işləməyinə mane olmur, daha çox qazanır, qazandığının çoxunu qadınına xərcləyir, ona nəinki əl, heç səsini də qaldırmır, dünyaya uşaq gətirməmək məsələsində də onunla barışırdı. Ancaq qadın yeri gəldi-gəlmədi, hər kəlmə başı feminizmin prinsiplərindən, qadın hüququndan danışır, başqa, hətta ən alçaq qadınlarla bağlı istənilən məsələdə “qadındırsa, haqlıdır, suç kişidədir” məntiqiylə kişisinin fikirlərini haqsız çıxarmağa çalışır, evdə özünü “Azad qadın heykəli”nin qarşısında çıxış edirmiş kimi hiss edir, sevgini servanta qoyub, ailə münasibətlərində ancaq feminizmdən istifadə edirdi.

Əlbəttə, ayrıldılar. Bir-birini sevə-sevə. Qadına sevgi bəs etmir, üstəlik kişisinin sxematik feminist olmasını da tələb edirdi.

Xanım dostumuz bir şeyi anlamadı. Şeylərin təbiəti gerçəyini. Anlamadı ki, insan təbiəti, kişi, ya qadın olsun, dəyişmir. İdeologiya ilə ailə başı saxlamaq, ailəni yaşatmaq, ocağı sönmədən saxlamaq, kişini ya qadını dəyişmək olmur. O şeyi ki, hətta sevgi dəyişə bilmir. Heç bir şiddət, heç bir hüquq disbalansı olmayan bir ailədə ideologiyaya gərək vardımı? O qadın nə qazandı? Feminist kimi nə edirdisə, yenə onları edir. Sabah əlbəttə yeni bir erkəklə münasibət quracaq. Hətta o kişi feminist də ola bilər. Ancaq feminist olmaq nə kişi olmamaqdı (kişi təbiəti), nə qadını ayrı bir məxluqa çevirmək. Eşq cins tanımır. Eşq hüququ da tanımır. Hərçənd kimsə hüquqa qarşı deyil, üstəlik, eşq olan yerdə qadın ilahədir, nəinki kişidən aşağı hüquqlu bir məxluq. Cəmiyyətinsə, rejimlərinsə cinsi olmur. Ən azı XXI əsrdə belədir. Onun bir adı var. Dövlət. Dövlət isə kişi-qadın demədən yüksək faizli kreditlə azadlıq verən bir bank sistemidir. Hələ-hələ Azərbaycanda bankların soyğunçu faiz sistemindən xəbəri olmayan yoxdur.

***

Feminizmin zaman-zaman dəyişən prinsipləriylə tanış olduqca bir anlıq xəyalıma bəzi etnik qrupların, milli azlıqların separatçı qisminin, illah da ideoloqlarının əzilən, incidilən, haqları və torpaqları tarix boyu daim və hər yerdə eyni şəkildə pozulan ermənilərin qopardığı vay-şivən, haray-qışqırıq, nalə-fəğan, əzabkeşlik gəldi; yadıma, məsələn, hansısa kiçik etnik qrupun “Aman, qoymayın bu ölkədə bizim bütün haqlarımız tapdandı, türklər bizə kölə kimi baxır” və s. tipli ipləmə sərsəmləmələri düşdü.

***

Bir gün bir nəfər Platonun yanına gəlib deyir: “Övladım doğulub. Onu necə tərbiyə edim?” Platon cavab verir: “Övladınız ədalətli cəmiyyətdə doğulubsa, kifayətdir”. Platon “qızınız, oğlunuz” demir, övladınız deyir. Yəni insan. Qadına yüksək dəyər verən filosof belə deyir. Demək, öndə nə kişi gəlir, nə qadın. İnsan gəlir. Hədəf isə ədalətli cəmiyyətdir. Cəmiyyətin necəliyidir. Bu da savaş üçün hədəf. Necə deyərlər, allahın verdiyi nəfəsi boşuna tükətməyəlim…

Az qala bütün hüquqları eyni olan, eyni dərəcədə istismar edilib, eyni dərəcə də başqalarını istismar edən qadın-kişinin bir-birindən nə üstünlüyü, nə aşağılığı var. Bunu görmək üçün neçə göz gərəkdir ki?

Qəribə səslənir: Kişilərin yaratdığı feminizm… Kişilərə qarşı kişilərin bəstələdiyi havayla oynamaq… Ancaq belədir.

Bu işin ibtidasından başlayaraq bu günəcən bütün əsas ilhamvericilər kişi olub. Bir-ikisini dedik. Ardıyca da gələnlər var:

Pulen de Lya Barrın “İki cinsin hüquq bərabərliyi haqqında” (1673) əsərində qadınların azadlığı məsələsi qaldırılır.

“Feminizm” termininin ixtiraçısı, bu sözü ilk dəfə işlədən və “Qadının sosial vəziyyəti ictimai tərəqqinin meyarıdır” kəlamının müəllifi də utopik sosializm nümayəndəsi Şarl Furyedir.

XXI əsr feminizmində kişilərdən narazılıq doğuran bircə haqlı məqam varsa, o da elə bu kişi barmağı nüansıdır. Məncə, qadını kişiylə bərabər görmək istəyənlər gərək heç bir kişinin fitvasına gedib, bu yola qol qoymayaydılar. Düzü, başqa kişilər necə düşünür, bilmirəm, ancaq mənə görə, kişilər qadınlarla savaşa qalxsaydılar, belə şeyi heç şənlərinə, qürurlarına sığışdırmazdılar.

Cənnət də anaların ayağı altında deyil, sevginin içindədir. Buyurun, qapıları bu dünyada taybatay açıq olan cənnət, sizi gözləyir!

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (4 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 170