Muəllif:

İslahatdan çıxmaq

Nelson Mandelanın kiçik oğlu Tembekile avtomobil qəzasında həlak olanda onun atası hələ həbsxanadaydı. Ömrünün 27 ilini cənubi afrikalıların azadlığı üçün dəmir barmaqlıqlar arasında keçirən Madibaya dəfndə iştirak eləməyə icazə vermədilər. O, böyük faciəsini təkadamlıq kamerada kədərli sükutla yaşamışdı…

“İslahatdan çıxmaq” ifadəsi nəsə yaddaşımın dərin qatında yer alıb. “Nə haqda deyirdilər onu?” sualı ilə özümü bir az yordum. Sonra xatırladım. Yaşlı adamların leksikonundan yaddaşımda ilişib qalmışdı. Nəsə sıradan çıxırdısa, ələgəlməz olurdusa, “islahatdan çıxıb” deyirdilər.

Son iki ayda ölkədə bizim üçün gözlənilməz proses gedir. Sanki hökumət daha yumşaq siyasət yürütməyə başlayıb. Bunu islahat da adlandırırlar. Minimum əməkhaqqı artırılıb, təqaüdlərin ən aşağı həddində müsbət dəyişiklik olub, devalvasiyadan öncə dollarla kredit götürmüş şəxslərə kompensasiya veriləcək, xeyli siyasi məhbus azadlığa buraxılıb…

Azadlığa çıxanlardan biri də Rüfət idi. Vaxtilə prokurorluqda müstəntiq işləmiş və günlərin birində “mən belə sistemdə işləyə bilmirəm, işləmək istəmirəm, addımbaşı insanların əzilməsinə göz yuma bilmirəm” deyib, publik şəkildə istefa vermiş Rüfət Səfərov. Onun istefasından dərhal sonra evində axtarış aparıb, kompüteri, telefonunu götürmüşdülər, bir neçə gün sonra da haqqında cinayət işi başlamışdılar. Ki, kimdənsə rüşvət alıb. Rüşvət aldığı iddia olunan müstəntiqin niyə məhz istefa bəyanatından sonra cəzalandırılması da ayrı söhbətin mövzusudur. Ona 9 il həbs cəzası verilmişdi, Rüfət bunun iki il yarımını çəkəndən sonra azadlığa çıxdı.

Rüfətin atası Eldar Sabiroğlu YAP-ın qurucularından biridir, bir müddət deputat da olub. Axırıncı işi Səfər Əbiyevin dövründə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsi idi. Eldar Sabiroğlu bugünlərdə bir müsahibəsində oğlu həbsdə olarkən onun başına gətirilənlərdən danışıb: “Oğlumu lüt soyundurub üzünə, bədəninə tüpürüblər, ən iyrənc hərəkətlər ediblər, əlini, ayağını dəmir çarpayıya bağlayıblar. Bu vəziyyətdə bir sutka qalıb. Təbii ehtiyacını çarpayıda ödətdirib, buna gülüblər. Ayaqyolunda sürüyüb, iyrəncliyi seyr ediblər”.

Oxuduqca dəhşətə gəlirsən. Ancaq islahatdan çıxmış sistemdə belə şeylər baş verə bilərdi.

Bu illər ərzində siyasi məhbus ailələrinin fəryadını çox eşitmişik. Həbsxanada övladlarına verilən işgəncələrdən yana-yana danışıblar. O hadisələr bu ölkədə, haradasa yaxında baş verib. Heç kim xəbərsiz deyildi. İşgəncə verən adamlar dünyasını dəyişməyib, başqa ölkəyə, planetə köçməyib. İslahat haradadırsa, bunu da unutmasın…

Günahsız insanları illərlə həbsxanada saxlayıb, sonra azadlığa buraxmaq islahat sayıla bilməz. Hələ onu demirik ki, neçə siyasi məhbus həbsxana həyatını davam etdirir, azadlıqdan, yaxınlarından uzaqda qalıb.

Azərbaycanda ölkənin azadlığı uğrunda mübarizə aparmış nə qədər günahsız adam kamera divarları arasında yaxınının ölüm xəbərini aldı. Emin Milli, Qənimət Zahidov həbsxanada olanda atasını, Mehman Hüseynov anası, Rəşadət Axundov babasını itirdi…

Rəşadətın azadlığı əlindən alınandan sonra oğlu dünyaya gəldi. Aqil Məhərrəmovu əkiz körpələrindən ayrı saldılar. Aqil məhkəmədəki son sözündə deyirdi: “Mən həbs olunanda qızlarım dörd aylıq idi. Hər ay mənim üçün şəkillərini gətirirdilər. Turgenev deyirdi ki, sevən qadının baxışlarını heç bir rəssam çəkə bilməz. Məncə, övladlarının hər ay şəkillərini gözləyən və onlara baxan atanın baxışlarını da heç bir rəssam çəkə bilməz. Artıq bir yaş iki aylıqdılar. Doğum günlərini mənsiz keçirirlər. Çıxardıqları ilk səsləri, gülüşlərini, iməkləməklərini, yeriməklərini, hər anlarını onlarla yaşamaqdan məni məhrum etdilər. Bəlkə də, təəccüb edəcəksiniz. Amma mənim üçün bu anları yaşaya bilməmək çox böyük itkidir. Bütün bunlara, gördüyüm işgəncələrə rəğmən, məndən 10 dəfə, 100 dəfə soruşsaydınız ki, dəyərdimi? Deyərdim ki, bəli, dəyərdi…”

Bu necə islahatdır ki, heykələ şüar yazdığına görə gəncliyinin üç il ilini dəmir barmaqlıqlar arxasında keçirmiş Bayram Məmmədovu əfv edib buraxırlar, həmin hərəkətindən peşman olmadığını dilə gətirdiyinə görə 15 gün sonra yenə tutub həbsə göndərirlər? Bədəninin 80 faizi ölü olan, yataqda başqasının yardımı olmadan, hətta çevrilə bilməyən Əbülfəz Bünyadovu həbsdə saxlamağın adı nədi? Bu adam Nardaran hadisələrində onurğasından güllələnib…

Ölkə xırda-para islahata sığmaz daha. Ölkə islahatdan çıxıb…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 9,50 из 10)
Oxunma sayı: 163