Muəllif:

GƏLİN İCTİMAİYYƏTİ, DÖVLƏTİ BU QƏDƏR ALDATMAYAQ

VƏ AZƏRBAYCAN ELMİNİ DÜNYAYA BELƏ GÜLÜNC ETMƏYƏK

 

Nuridə Atəşi

Bu yaxınlarda Heydər Əliyev Mərkəzinin rəsmi bir məlumatı bütün ölkə mətbuatına və sosial şəbəkələrə yayıldı.“Heydər Əliyev Mərkəzində Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti incisinin təqdimatı olub“. Bəzi şəxslər bu dəfə yenə mətbuatı, elmi ictimaiyyəti,Heydər Əliyev mərkəzini aldadaraq köhnə materialları, həm də  Xocalı-Gədəbəy mədəniyyətinə heç bir dəxli olmayan qızıl əşyaları „Xocalı-Gədəbəy mədəniyyəti“ adı ilə ictimaiyyətə, dövlətə və Heydər Əliyev mərkəzinə sırıdılar. Əsl pərdəarxası tarix isə bir az uzundur…

***

Tam 10 ildən artıqdır ki, Xocalı-Gədəbəy mədəniyyətinin Azərbaycan, o cümlədən Qafqazın digər ölkələrindəki, Rusiya və Avropa muzeylərindəki materiallarını tədqiq edirəm. Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin tarixşünaslığında və tədqiqat tarixində öncə almanlar, sonra sovet alimləri tərəfindən yol verilmiş bir çox tarixi, coğrafi yalnışlıqları, təhrifləri ortaya çıxartdım. Avropa və Rusiya muzeylərindən, arxivlərindən aşkar etdiyim onlarca yeni kolleksiyaları, arxeoloji materialları, arxiv sənədlərini və orijinal qazıntı hesabatlarını ilk dəfə Azərbaycana gətirdim və 2011-2012-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasında  başladığım doktorluq dissertasiyam vasitəsi ilə nəşr etdirilməsinin vacib olduğunu bəyan edən kimi bir neçə Sovet dövrü arxeoloqları bunları üzə çıxartmamağımı, heç yerdə yayınlamamağımı  əvvəl nəzakətlə, sonra isə hədə-qorxu ilə məndən tələb etməyə başladılar. İlk işim bu alimlərin Rusiya və Ermənistanda namizədlik işlərini və Sovet dövründə yazdıqları elmi əsərlərini tədqiq etmək, araşdırmaq oldu. Dərhal anladım ki, bu insanlar Sovet rejiminin, ideologiyasının qulu olmuş, həm də görünür, erməni alimlərin qəzəbindən qorxaraq Azərbaycanın, xüsusən Qarabağın tarixşünaslığında alman və rusların yalnışlıqlarını birbaşa öz tədqiqatlarında təkrarlamış və bir çox təhriflərə yol vermişlər. Bu gün bu alimlər (bundan sonra ONLAR) o işlərini, əsərlərini ortalıqdan toplayıb aradan çıxarır və elmi ictimaiyyətdən gizlədirlər. Vətənpərvər, türkçü, Azərbaycan milli mənəvi dəyərlərinin keşikçisi, Heydər Əliyev ənənələrinin sadiq davamçıları və s. adlarla özlərinə ikinci elmi karyera və müxtəlif mənsəblərdə möhkəm kürsülər qazanıblar.

Tədqiqat apardığım mötəbər Avropa Dövlət muzeylərinin birində Xocalı-Gədəbəy mədəniyyəti materiallarını araşdırarkən muzeyin işçisi, Qafqazşünas alim bir xanım çəkinə-çəkinə mənə dedi: “Nuridə xanım, Azərbaycandan gələn iki nəfər (adlarını burada çəkməyi lazım bilmirəm) bizdən tələb etdi ki, Xocalı-Gədəbəy mədəniyyəti yazarkən bu mədəniyyətin bundan sonra türk xalqına aid olduğunu yazmalısınız. Onlar e.ə. 1300-700-cü  yüzilliklərə aid materialları hansı cəsarətlə belə saxtalaşdıra bilirlər”? Xəcalətimdən nə deyəcəyimi bilmədim…

Əlbəttə ki, türkçülüyümüzün də bir tarixi var, dövlətçiliyimizin də, dilimizin də, dinimizin də, milli şüurumuzun da. Ama saxtakarcasına bu tarixi min illərdən uzağa aparmaqla elmi ictimaiyyəti də, dövləti də aldatmış oluruq və dünya elminə özümüzü gülünc edirik. Kreslo gücünə, zor gücünə Azərbaycanda bir çox elmi yalanları bəlli çevrələrdə hələ də uddurmaq olur, millətin, xalqın, elmin gözünə hardasa müəyyən vaxtlarda kül üfürmək olur, lakin dünya elmində bu cür saxtakarlara yer yoxdur. Və belə uydurmaları, şişirdilmiş, təhrif edilmiş yazıları heç bir ciddi xarici nəşrlər çap etmir və ONLAR heç bir beynəlxalq konfranslara dəvət edilmirlər.

Hələ 2011-2012 ci ildən AMEA-da  Dövlət komissiyası qarşısında fərq imtahanı verərək ixtisasımı rəsmən tarix və arxeologiya elminə dəyişib Arxeologiya və Etnoqrafiya İnstitutuna dokdorant kimi qəbul edilərək doktorluq dissertasiyamın üzərində işləyir, elmi məsləhətçim mərhum Prof. İlyas Babayevin rəhbərliyi altında tədqiqatlarımı davam etdirirdim.

7 ölkədən böyük maddi və mənəvi çətinliklərlə topladığım arxiv sənədlərini, materialları Azərbaycanın, Gürcüstanın, Rusiyanın, Almaniyanın, Fransanın və digər ölkələrin önəmli elmi nəşrlərində çap etdirirdim.  Bununla nəinki Xocalı- Gədəbəy mədəniyyətinin, həm də Cənubi Qafqazın 190 illik saxtalaşdırılmış, təhrif edilmiş tarixşünaslğını, tədqiqat tarixini dünya elmi ictimaiyətinə sübut edə və yavaş-yavaş beynəlxalq elmi diskussiyalara çıxara bilirdim.

Bəli, öz vətənimdə isə bu alimlər, daha doğrusu ONLAR hələ də daha güclüdürlər, Avropada həm özlərini, həm Azərbaycan elmini gülünc etsələr də, Azərbaycanda imkanları, hökmləri, pulları və sponsorları sayəsində kitablarını çap etdirib elmi cəmiyyətə „böyük elmi yeniliklər kimi“ sırıya bilirlər. Tarix kitablarına, dərsliklərinə istədikləri, ağıllarına gələn uydurmaları belə sala bilirlər. Müsahibələrimin birində demişdim:“Mən müdafiə edib diplomumu alan kimi Azərbaycan elmini, tarixini saxtalaşdıranlara qarşı mübarizə aparacağam“. Bu cümləmə görə hətta məni çağırıb hədə-qorxu belə gəldilər.

Elmi məsləhətçim, Professor mərhum İlyas Babayev və digər bir çox obyektiv arxeoloqlar „ ONLARI tənqid etmə“ dedilər, „ONLAR  güclü, məkrli və təhlükəlidirlər, sənin müdafiənə mane olacaqlar“. İnanmamışdım. Mən ki, dövlətə qarşı çıxmıram, heç bir siyasətlə məşğul deyiləm, sadəcə başımı aşağı salıb elmlə məşğulam, mənə qadağa qoymazlar, deyə düşünmüşdüm. Hətta ONLARdan tənqid etdiyim birisi  Bakıda keçirilən beynəlxalq konfransların birində mənim Xocalı-Gədəbəy mövzusunda edəcəyim çıxışdan öncə qıpqırmızı qızarmış, gözləri bərəlmiş halda üstümə cumaraq „Xocalı- Gədəbəy mədəniyyətini mən tədqiq edirəm sənin özünü bura soxmağa ixtiyarın yoxdur“ demişdi. Heç təmkinimi pozmadan:“Mən də aliməm, bu ölkənin vətəndaşıyam və rəsmən AMEA-nın, özü də Arxeologiya və Etnoqrafiya İnstitunun rəsmi doktorantıyam, mənim də Xocalı-Gədəbəy mədəniyyətini tədqiq etməyə ixtiyarım var“, deyib daha da cəsarətlə çıxışımı elədim. Həm bir çox yerli, obyektiv, həm də görkəmli xarici  arxeoloqlar tərəfindən aşkar etdiyim arxiv sənədlərinin çox önəmli olduqları haqqında və onların beynəlxalq elmi diskussiyalara çıxarılmasının, digər dillərdə nəşrlərinin son dərəcə labüd olduğu barəsində fikirlərini və gərəkli tövsiyələrini verdilər. Lakin həqiqətən də ONLAR mənim təsəvvür edə bilməyəcəyim qədər  güclü, təhlükəli  və məkrli olduqları üçün ən yüksək səviyyələrə çıxa bildilər, öz böhtanları və elmi yalanları ilə elmi ictimaiyyəti də, dövləti də aldadaraq mənim AMEA-da ilkin müdafiəmi etməmə, VAK sədrinin rəsmən müdafiyəyə buraxılma sərəncamı olmasına, bir çox dəyərli arxeoloqlarımızın dissertasiyam haqqında, hətta müdafiə komissiyasının belə müsbət rəyləri olmasına rəğmən, müdafiəmi Azərbaycanda əngəlləyə bildilər. Əlbəttə bir çox arxeoloqlar, elmi təşkilatlar, universitetlər, dövlət rəsmiləri mənə dəstək olmağa çalışdı. Bu qədər adil obyektiv insanların olduğunu görmək mənə güc, qüvvət veridi. Belə çətin və çıxılmaz bir vəziyyətimdə Xəzər Universiteti məni dosent olaraq Tarix və Arxeologiya departamentində işə götürdü.  Hamlet İsaxanlının böyük humanistliyi, elmə verdiyi qiymət, departamentin müdiri ciddi, obyektiv arxeoloq Roza Arazovadan çox şey öyrəndim, özümü inkişaf etdirdim. Xocalı- Gədəbəy mədəniyyətinin irsi, Avropa muzeylərindəki kolleksiyaları haqqında dərs deməyə başladım. Dərslik, metodiki vəsait yazdım. Hələ də VAK-dan dosentlik diplomumu ala bilməsəm də, mənim üçün böyük elmi təcrübə oldu. AMEA adından 77 akademikin, elmlər doktorunun, görkəmli arxeoloqların ölkə prezidentinə ünvanladıqları müraciət və vurduğum teleqramlar gedib ünvanına çatmasa da, elmi ictimaiyyət rəsmən arxamda durdu, tədqiqatlarıma inandı və dəstək verdi. Dəfələrlə Azərbaycanın Almaniyadakı o zamankı səfiri Pərviz Şahbazov VAK sədri mərhum Arif Mehdiyevə və müxtəlif dövlət rəsmilərinə zənglər elədi, dəstək göstərməyə çalışdı. Berlinə 2016-cı ilin may ayında etdiyi rəsmi səfəri çərçivəsində ölkə prezidenti cənab İlham Əliyevə şəxsən şikayət məktubumu çatdırmaqda dəstək oldu. Onun bu fədakarlığı, böyüklüyü, obyektivliyi qarşısında mən baş əydim (Bir zamanlar yazdığım tənqidlərdən utandım).Tənqidə bu cür böyüklüklə cavab verən mərd oğullarımız da var, haqlı, elmi tənqidlərimdən sonra mənim düşmənimə çevrilib hər cür böhtan-ləkə yaxmaqdan çəkinməyən iyrənc insanlarımız da.

Prezident İlham Əliyev məktubumu alan kimi dərhal  problemin həll olunması barəsində göstəriş versə də, ONLAR çox güclü və məkrli idi. Əlbəttə dövlət aparatında oturan rəsmi şəxsin Xocalı-Gədəbəy mədəniyyətini araşdırmağa, və yaxud problemin doğrudan da həll olunub olunmadığını yoxlamağa vaxtı və imkanı yoxdur ki!  Dövlət aliminə, məmuruna inanır və  təbii ki, inanmalıdır da. Bəs əgər alimi, məmuru dövlətini aldadırsa, onda necə?

VAK sədri mərhum Arif Mehdiyev məni yanına çağırıb dedi:“Qızım, mən sənin tədqiqatların haqqında əlavə olaraq məxfi komissiya çağırdım. Obyektiv rəylər  və ONLARın yazmış olduğu imzalı donoslar da əlimin altındadır (Mənə göstərmədi). Sənin fəaliyyətində nə antitürkçülük, nə dövlətə, nə də milli mənəvi dəyərlərə xəyanət deyilən bir şey var. Sən əsl tarix yazırsan, heç kəsdən qorxma, get tədqiqatlarına davam elə“,- deyərək müdafiəyə buraxılmağım barədə sərəncamı kağızların, donosların arasından çıxartdı. Halbuki Prezident Adminsytasiyanın Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadə bir neçə gün öncə onu şəxsən yanına çağırtdıraraq Arif müəllimi mənə dəstək verdiyi üçün „danladığını“ eşitmişdim. (Bunu da mənə demədi). Çox səmimi olaraq dedim:“Arif müəllim, çox sağ olun dəstəyinizə görə, amma mən istəmərəm sizi mənə görə danlasınlar. Gözlərimin içinə təəccüblə baxıb sakitcə:“Вы за меня не беспокойтесь.Со мной больше ничего не может случиться. Я вам доверяю. Идите и защищайте свою работу». Qələmini çıxararaq müdafiəyə AMEA Müdafiə Komissiyasının sədri Teymur Bünyadovun üstünə yazdığı sərəncamı imzaladı və hər şeyə rəğmən o böyük İnsan mənə son dəstəyini verdi. Çox təssirləndim. Вэрдшяэ çıxıb stula çökdüm və bir xeyli özümə gələ bilmədim. O günü öz-özümə söz verdim. Nə olursa olsun, mənə bu qədər inanan insanların etimadını doğruldacaq, əsl elmdən əl çəkməyəcəyəm. Fatma xanımı isə „ONLAR“ yəni bədxahlar yaxşıca „inandıra“, öz tərəflərinə çəkə bilmişdilər. 3 dəfə qəbuluna getsəm də, dəfələrlə uzun uzadı məktublar yazsam, hər şeyi olduğu kimi açıq-açıq yazsam da, nəinki məni başa düşməyə çalışır, məni qəbul edir, əksinə mənə dəstək verən insanlar belə onun amansız qəzəbinə düçar olurdu. Mənə olan ittihamları nəinki qəbul edir, heç başa düşə bilmirdim. Heç cür anlaya bilmirdim ki, mən prehistorik olaraq eradan  da 1500 il öncə hansı türkçülükdən, hansı milli mənəvi ideyalarımızdan və hansı Azərbaycan qadınının bu günkü islami namus və əxlaq dəyərlərindən elmi əsər yaratmalıydım? Mən Avropa mədəniyyətində, ədəbiyyatında və elmində imzası tanınan, məsuliyyət daşıyan bir şair, publisist və nəhayət tarixçi olaraq necə dünyaya yeni və həm də məndən „ONLARın“ tələb etdiyi saxta bir tarix yazıb ortaya çıxaratmalı, təqdim eləməliydim?

Arxeologiyaya 2007-ci ildən Qafqazın döyüşçü qadınları olan amazonlar, silahlı qadın qəbirlərinin tədqiqatları ilə gəlmişdim. Və tədqiqatlarım, aşkar etdiyim artefaktlar məni Xocalı-Gədəbəy mədəniyyətinin tədqiqatlarına yönəltdi. ONLAR aşkar etdiyim Avropa arxiv sənədlərini danmağın mümkün olmayacağını, bu barədə mənim obyektiv alimlər tərəfindən dəstək alacağımı və aldığımı yaxşı bilirdilər. Ona görə də məni „NAMUSLA“  „vurmaq“ qərarına gəldilər. Bir qadını, həm də gözəl qadını başqa necə ləkələmək olardı ki? Bunun üçün təsəvvür ediləcək və edilməyəcək ən çirkin vasitələrə əl atdılar. Milli mənəvi dəyərlər və ulu nənələrimizin namusunu qorumaq şərəfi ilə çıxış etmək!  Çox təntənəli və əzəmətli də səslənir təbii. Halbuki hələ ilk tədqiqata başladığımda „ONLAR dan“ biri  hətta mənə amazonların Tomrisdən başlayaraq birinci xanım Mehriban Əliyevada bitirməyimi və mənə şəxsən özünün elmi rəhbər olmaq arzusunu belə bildirmişdi. Mən „Birinci xanımın mənim məddahlığıma ehtiyacı yoxdur“ dediyimdə isə məndən uzaqlaşaraq „ONLAR a“ qoşulmuşdu. Edilən haqsız ittihamlardan ən gülüncü 4 min il bundan əvvəl yaşamış olan amazonları tədqiq etməyim, özüm əxlaqsız olmaqla yanaşı həm də əxlaqsız olan amazonları bu günkü Azərbaycan qadınının ulu nənələri edərək onların namusuna, milli şüuruna xələl gətirməyim idi. Nə qədər gülünc, iyrənc bəhanələr! Və zamanım da yox idi ki, məni namusla „vurmağa“ çalışan bu əbləhlərin özlərinin, arvadlarının, qızlarının namuslarıını araşdırıb bir ortalığa qoyum. Onların səviyyəsinə düşməyi o səviyyədə cavab verməyi əslində özümə yaraşdırmadım da.  Mən sadəcə müdafiə etmək, elmlə məşğul olmaq istəyirdim.

Əslində amazonlar kim olublar? İgid, qəhrəman, cəsur döyüşçü Qafqaz qadınları. Yüzdən artıq antik müəllif onların qəhrəmanlığı, igidliyi, torpaqları, amalları uğrunda mərdanə savaşlarından yazmışlar.Tomrisin Kir üzərində qələbəsindən Herodotun bizə ötürdüyü mənbələr nə qədər qürur vericidir. Dahi Nizami Gəncəvi antik müəlliflərin  Qafqazın „Son amazonu“ adlandırdığı Talestrisi Nüşabə adlandıraraq dahiyanə tarixi-ədəbi əsər yazmışdır ki, bunlar bizim qürur yerimizdir. „Ayna“da çap olunan məqalələrimin birində yazmışdım: „Mehriban Əliyeva əsl amazondır“. ONLAR, o bədxahlar bu komplimentimi iyrənc məqsədləri üçün çevirməyə belə cəsarət etmişdilər. Əsl həqiqət isə belə idi: 2007- 2009-cu illər idi. Qobustanda tədqiqatlar apardığım zaman orada qum karxanası aşkar etdim. Dünya mədəni irsinə aid olan Qobustanda qum karxanasının fəaliyyət göstərməsi yolverilməz idi. Bir gündə 30 böyük zil maşını saydım ki, onların dərin quyularına üzəri tarixi qaya rəsmləri olan qaya parçaları düşür və milli irsimiz göz önündə birdəfəlik yox olub gedirdi. Muzeyin direktoru isə otağında oturub bu mənzərəni seyr edir və səsini belə çıxartmırdı. Qum karxanasının kimə aid olduğunu yaxşı bilirdim və hamı ondan tük salırdı. Bakının mərkəzində tikdirdiyi onlarla çoxmərtəbəli binalara bu qumun daşındığını da bilirdim. Bir çox nazirliklərə, yüksək instansiyalara Qobustanda belə bir qum karxanasının fəaliyyətinə yolverilməz olduğunu yazsam da, heç bir səs çıxmadı. Məsələni ətraflı yazaraq Heydər Əliyev fonduna, elə Məhəbbət xanım Mehdiyevanın yanına gəldim. Məktubu ona verdim, gördüklərimin hamısının şəkillərini çəkmişdim. Hər şeyi ona faktlarla göstərərək danışdım. Bunları Brinci xanımın diqqətinə çatdırmasını, yalnız onun cəsarətinə və onun bu işə əncam çəkə biləcəyinə ümid etdiyimi söylədim. Bir həftədən sonra Məhəbbət xanım cavab verdi: Mehriban xanım dedi ki, qoy Nuridə xanım narahat olmasın, nə lazımsa ediləcək. Üstündən bir həftə keçmiş yenə Qobustana getmişdim. Gözlərimə inana bilmədim. Qum karxanası yerli-dibli yox olmuşdu. Bütün kombaynlar, ekskavatorlar, kamazlar yox edilmiş, hər tərəfə hasar çəkilmiş və abadlıq işləri aparılırdı! Bu heç bir kişinin, heç bir nazirin görə bilməyəcəyi ağlasığmaz bir iş idi, bir fədakarlıq idi. Elmin, mədəniyyətin, milli irsin qorunması üçün bir savaş və qələbə idi! Bu bəli, əsl amazonluq idi! Antik müəlliflər belə igidliklərinə görə məhs Talestrisi „Qafqazın son Amazonu“ adlandırmışdılar. Qədim romalılarda İmperator əsgərlərini mükafatlandırarkən deyirdilər:“Halal olsun, sən əsl bir Amazon kimi savaşdın!

Ölkəmin obyektiv arxeoloqları əlbəttə bilirdilər ki „ONLARın“ dərdi Amazon dərdi deyil, milli-mənəvi dəyərlərin müdafiyəsi deyil, heç nənələrinin namusu da deyil, belə olsaydı, iki dəfə Amazonlar haqqında təqdimatım AMEA-nın prezidiumunda və (2009-2011) 2011-ci ildə isə „Qafqaz amazonları“ kitabım AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi şurasından müvəffəqiyyətlə keçirilməz və sonra isə AMEA-nın naşirliyi ilə 4 dildə çap olunmazdı. Əgər belə deyilsə, niyə  ONLAR o zaman milli mənəvi dəyərlərin və nənələrinin namusu keşiyində durmadılar və etiraz səslərini qaldırmadılar və niyə donoslarını sel kimi Akademiyanın Prezidiumuna,VAK-a, Prezident Aparatına yağdırmadılar? Niyə ONLARın bütün bu türkçülükləri, milli şüurları, nənələrinin namusunu qorumaq canfəşanlıqları yalnız mənim Xocalı-Gədəbəy mədəniyyətinin tarixi ilə bağlı saxtakarlıqlarını ortaya çıxartdığım zaman oyandı? Və Fatma Abdullazadəni inandıraraq, ətəyindən yapışaraq arxasında gizləndilər. Dəfələrlə mən onları rəsmi məktublarla, müraciətlərimlə açıq elmi diskussiyalara dəvət eləsəm də, başlarını çölə qıxarmağa cəsarət eləmədilər. İmzalarını dandılar və gizli-gizli yazdılar.

Məlumdur ki, bütün çətinliklərə  baxmayaraq mən 5 dildə, 7 ölkədə apardığım elmi fəaliyyətimin nəticəsi olaraq  bu yaxınlarda Fransanın Lion (Lyon) Universitetində arxeologiya üzrə „Mərkəzi və Cənubi Qafqazın Son Tunc-Erkən Dəmir dövrü Azərbaycanın Xocalı-Gədəbəy mədəniyyəti kontekstində: E.ə. 1300-700-cü yüzilliklər“  mövzusunda elmlər doktorluğu müdafiə elədim. Bir neçə ölkənin  mütəxəssislərindən ibarət beynəlxalq Juri  dissertasiyamı yüksək qiymətləndirdi.  ONLARın Fransaya gedib çatan səsləri və hədə-qorxuları isə təəssüf ki, böyük beynəlxalq elmdə yalnız ikrah və təəssüf hissi doğurdu və yapışacaq bir ətək tapa bilmədilər. Əslində, Mövlananın bir cümləsini xatırlayaraq sevinirdim də bir tərəfdən:“İstədiyin bir şey olarsa bir xeyir, olmazsa min xeyir ara“. Bütün bu maneələr mənə kömək elədi.Və illərlə apardığım haqq-ədalət mübarizəsinin nəticəsi olan bu uğurum həm də çox sualların cavabı idi.

Əslində inanın ki, özümə söz vermişdim, daha heç kəsi tənqid etməyəcəyəm, illərin təcrübəsi və bir də yetginlik çağımın gətirdiyi səbr, böyüklük, bağışlama hissi və müdriklik sayəsində sakitcə öz  tədqiqatlarımı aparacağam, öz davamçılarımı yetişdirəcəyəm, yəqin ki artıq kimsənin mənimlə, mənim də kimsəylə işim olmayacaq. Və doğrusu düşünürdüm də  yəqin artıq ONLAR da başa düşdü ki, elmin inkişafının qarşısını almaq mümkün deyildir. Əsl elmə dəstək verən hər yerdə tapılacaqdır və ONLAR da artıq  ya peşiman olaraq yanıma gələcəklər, ya da  özlərini dünyaya, elmi ictimaiyyətə daha çox gülünc etmədən ətəklərindəki daşları yerə tökəcəklər.

Lakin  bu dəfə başqa bir sürprizlə üzləşdim və bu sürpriz  bu yazını yazmağa məni məcbur elədi.

Heydər Əliyev Mərkəzinin rəsmi bir məlumatı bütün mətbuata və sosial şəbəkələrə yayılmışdı.“ Heydər Əliyev Mərkəzində Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti incisinin təqdimatı olub“. Xəbərləri oxudum, təqdimat mərasimini izlədim, ONLARdan bir neçəsini orada canlı gördüm, çıxışlara diqqətlə qulaq asdım və məqsəd mənə dərhal aydın oldu. Mənim Avropada müdafiə etməyim əlbəttə ki „ONLARın“ elmi məğlubiyyəti idi. Və ONLAR dəfələrlə ən yüksək instansiyalara min-bir elmi, şəxsi böhtan-yalanlarla dolu donoslar yazıb göndərmişdilər və mənim öz  ölkəmdə müdafiə edə bilməməyimə nail olmuşdular. Bir də ki, mənim Fransada müdafiə etdiyim elmi işim həm də Xocalı-Gədəbəy mövzusu idi. Qarabağın tarixi idi. Mən nəinki Avropada ilk elmlər doktoru adı alan ilk azərbaycanlı arxeoloq olmuşdum, həm də, təvazökarlıqdan nə qədər uzaq olsa da, Cənubi Qafqaz üzrə ilk elmlər doktoru adı almışdım. (Habilitation de Direction de Recherches). Əslində habilitasiya elmlər doktorluğundan da yüksək bir diplomdur. Bu diplomla istənilən Universitet alimi dərhal Professor olaraq çağıra bilər. Fransa dövləti hətta dəstək də vermişdi. Dövlət səviyyəsində AMEA-ya  sorğu göndərilmişdi. Bütün illər boyu zəhmətlərimi bilən, elmimə, qələmimə inanan Akademiyanın Vitse- Pezidenti İsa Həbibbəyli hətta mənə dəstək verilməsinə etiraz etməmişdi. Və son nəticə olaraq mən bütün etimadları doğrultmuş, ortaya beynəlxalq ekspertlərin rəyi ilə desək „Dünya elmində diskussiyalara çıxarıla biləcək Xocalı-Gədəbəy mədəniyyətinin tarixi haqqında samballı və obyektiv bir  bir elmi əsər“ qoymuşdum.  Bu məsələ əlbəttə ki, dövlətin nəzərindən qaçmayacaqdı. Kimsə çıxıb ONLARdan haqq-hesab, ədalət tələb edə, imzalı donosların hesabını sora bilərdi. İnsan oğlu bir yalan danışar və sonra o yalanı qoruya bilmək üçün yüz yalan uydurar deyirlər. Bu dəfə yenə mətbuatı, elmi ictimaiyyəti həm də ölkənin ən nüfuzlu fondunu, Heydər Əliyev mərkəzini aldadaraq köhnə materialları, həm də  Xocalı-Gədəbəy mədəniyyətinə heç bir dəxli olmayan qızıl əşyaları „Xocalı-Gədəbəy mədəniyyəti“ adı ilə ictimaiyyətə, dövlətə sırıdılar.

Mətbuata verilən məlumatlarda qeyd olunurdu ki, guya „Bu yaxınlarda Goranboy, Şəmkir, Tovuz və Ağstafa rayonlarındakı tarixi abidələri öyrənmək üçün respublikanın qərb regionuna ekspedisiya təşkil ediblər. (Dəqiq haradan və hansı abidədən  tapıldığı kimsəyə söylənilmir — N.A.) Bu tapıntının digər vacib tərəflərindən biri də odur ki, indiyə qədər Xocalı-Gədəbəy mədəniyyətinə aid bu qədər qızıl-zinət əşyaları tapılmamışdı. Qəbirdən sümüklər və keramik materiallar da aşkar edilmiş və keramikanın nəticəsində bunun dövrünü təyin ediblər“. Mənbələr: 10 Dekabr 2018  Trend; 10 dekabr milli.az;  27 aprel — Sputnik.

Bu faktlar əsl elmi sensasiya idi. Bununla nəinki mənim Fransadakı müdafiə etdiyim dissertasiyam, elmi yeniliklərim heçə endirilir, hətta Xocalı-Gədəbəy mədəniyyətinin tarixində böyük bir elmi sensasiya baş verirdi. Əgər bütün bunlar  doğrudan da həqiqət olsaydı.Və əgər bunlar yeni materiallar olsaydı və nəhayət bu materiallar doğrudan da Xocalı-Gədəbəy mədəniyyətinə aid olmuş olsaydı!

Əgər belə olmuş olsaydı, dərhal  Ekspert şurası çağırılmalı, sümüklərə və keramikaya görə ekspertizanın nəticələri açıqlanmalı və dünya elmində Xocalı- Gədəbəy mədəniyyətinin tarixşünaslığında böyük elmi kəşfin olduğu dünya elminə bildirilməli, elmi konfranslar, dəyirmi masalar və s. təşkil edilməli idi. Çünki Xocalı-Gədəbəy mədəniyyəti  həm də  „Gəncə-Qarabağ mədəniyyəti“, „Mərkəzi Cənubi Qafqaz mədəniyyəti“, “Samtavro mədəniyyəti”, “Lçaşen- Mestamor mədəniyyəti”, “Lçaşen-Tsitelgori mədəniyyəti” kimi adlarla qonşu ölkələrin də mədəniyyəti hesab edilir.

Mətbuat xəbərlərində daha sonra deyilir: „Təqdimat zamanı çıxış edən Heydər Əliyev Mərkəzinin departament direktoru Məhəbbət Mehdiyeva bildirib ki, Mərkəz fəaliyyətə başladığı ilk gündən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik ənənələrinin, irsinin araşdırılması, gənc nəsil arasında yaşadılması ilə yanaşı, mədəniyyət və incəsənətimizin təbliği ilə bağlı bir sıra layihələr həyata keçirib. Ziyarətçilərin ən çox üz tutduğu ekspozisiyalar sırasında olan «Azərbaycan inciləri: tarixin axarında» sərgisində nümayiş etdiriləcək bu eksponatlar vasitəsilə qonaqlara tariximiz barədə yeni məlumat çatdırılmış olacaq“.

Real bir faktdır ki, Heydər Əliyev Mərkəzi elitar bir mərkəz olaraq elm və mədəniyyət üçün yüzlərlə önəmli layihələrə dəstək verir, elmin, mədəniyyətin beynəlxalq imicini qorumaq, daha da yaxşılaşdırmaq üçün hər il onlarla beynəlxalq konfranslara, forumlara, müxtəlif mədəni elmi tədbirlərə ev sahibliyi edir. Təsəvvür edin, əziz oxucularım, indi siz  təsəvvür edin ki, bu yalançı materialların altına “ Xocalı-Gədəbəy mədəniyyətinin inciləri” yazılaraq xarici alimlərə təqdim edilir. Və bilməməzlikdən edilə biləcək bu səhv üzündən  ölkənin imicinə, elmin imicinə və nəhayət Heydər Əliyev mərkəzinin imicinə nə qədər böyük bir zərbə vurulmuş olur.

Bilməyən insan hər şeyə inana bilər. Mərkəzin rəhbərliyi və ya dövlət adamı ölkəsinin aliminə inanır, onun sözünə inanaraq qərarlar qəbul edir, sərgilər, təqdimat mərasimləri təşkil edir.

Əgər Məhəbbət xanım  Mehdiyevanı şəxsən tanımasa idim və Xocalı-Gədəbəy mədəniyyətini 10 il özüm tədqiq etməsəydim, bəlkə mən də buna inanar və yaxud inanmayıb bir çox arxeoloqlar kimi mən də göz yuma bilərdim. Məhəbbət xanımı hələ Heydər Əliyev fondunda işlədiyi zamandan tanıyıram. Onun dəfələrlə obyektivlik göstərərək beynəlxalq layihələrə, mədəni irsin toxunulmazlığı, qorunması barəsində göstərdiyi diqqəti, səyi, qayğını, prinsipiallığının şəxsən dəfələrlə özüm şahidi olmuşam. O, bilsəydi ki, bu materiallar Xocalı-Gədəbəy mədəniyyətinə aid deyil, heç bir zaman belə bir təqdimatın Heydər Əliyev Mərkəzində keçirilməsinə yol verməzdi.

Bu  başıbəlalı qızıl incilər haqqında əsl həqiqət bəs nədər ibarətdir? Qəti əminliklə onu qeyd edim ki, öz dövrünə görə çox qiymətli və maraqlı tapıntılar olan bu materiallar yeni aşkar edilmiş materiallar deyil. Bunu Heydər Əliyev Mərkəzi xarici və yerli ekspert Şurası çağıraraq sümükləri və keramikanı tələb edərək (əgər doğrudan da varsa) çox rahat təyin edə bilər. İkincisi, daha qətiyyətlə ərz edim ki,  bu materialların Xocalı-Gədəbəy mədəniyyətinə heç bir dəxli yoxdur. Onlar çox sonrakı dövrün materiallarıdır. Bu materialların analoqlarını alim Elzara Xayreddinova Krımdan aşkar edilmiş eyni tipli qızıl məmulatları üzərində aparılmış müxtəlif analizlər vasitəsi ilə sübut etmişdir. Və onlarla rusiyalı, avropalı arxeoloqların elmi əsərlərində bu tip qızıl əşyaların analizləri, dövrü və mənşəyi  verilmişdir. Ermitaj muzeyində bu qızıl incilərin analoqları qorunur. Onların eramızın IV əsrinin sonu və VII əsrin ilk yarısına aid olduğu müxtəlif rus, ukraynalı və avropalı alimlər tərəfindən sübut olunmuşdur. Xocalı-Gədəbəy mədəniyyəti isə Eradan əvvəl 1300-700-cü yüzillikləri əhatə edir.

Institutun bir çox arxeoloqları bu həqiqəti əlbəttə bilirlər, amma, necə deyərlər, abırlarına qısılıb susurlar. Lakin institutun gənc və ümidverici arxeoloqu Səbuhi Hüseynov bu barədə ciddi araşdırma aparır və hazırda geniş elmi məqalə yazır.

İndi bu zavallı “ONLARrın”  (çoxları onların əsil adını da, simasını da tanıyır) “yuxarıda” yapışmağa və altında gizlənməyə ətəkləri yoxdur. Yapışmaq, can atmaq istədikləri “ƏTƏY”ə  isə belə saxtakarcasına aldadaraq bir daha yapışa biləcəklərinə göz yummayan elmin sadiq keşikçiləri var və getdikcə də artmaqdadırlar.AMEA-da gənc, sağlam və ümidverici bir alim nəsli yetişir və mən bu nəslin hər zaman yanında olacağam.

Bu məqaləm qətiyyən AMEA ya qarşı, xüsusən Arxeologiya və Etnoqrafiya İnstitutuna qarşı yazılmış bir məqalə deyil. Bu institutda nə qədər obyektiv arxeoloqlar, mənim alim kimi, arxeoloq kimi yetişməyimdə əməyi olan, boynumda haqqı-sayı olan arxeolaqlar var. Mərhum İlyas Babayev, Əsədulla Cəfərov, Arif Əliyev, Abuzər Ələkbərov, Mübariz Xəlilov, Tükəzban Göyüşova,  Səbuhi Hüseynov və b.

İnstitutun direktoru Maisə Rəhimova çox obyektiv, tələbkar, işinin məsuliyyətini anlayan, hamı ilə dil tapmağa çalışan adil və böyük ürəyə, dəmir intizama sahib olan bir rəhbərdir. Əsl bir Amazondur! Qəti əminəm ki, o bu materialların Xocalı-Gədəbəy mədəniyyətinə aid olmadığını bilmiş olsaydı, heç zaman Heydər Əliyev mərkəzinin, elmi ictimaiyyətin belə aldadılmasına  icazə verməzdi.

Maisə xanım özü dəfələrlə ONLARın da qərəzlərinə, iftiralarına, arxadan ona saplanmaq istəyən xəyanət qılıncına, quyu qazmalarına düçar olmuşdur. Lakin əzmi ilə, mətanəti ilə, həqiqəti müdafiə etdiyi üçün, əsl elmin tərəfdarı olduğu üçün hələ də İnstituta rəhbərlik edə, qara qüvvələrlə mübarizə apara, savaşa və baş edə bilir.

Bəli, göründüyü kimi ortada faktlar var, qızıl incilər var, yalanlar var, mənbələr var, yazılmış donoslar var, imzalar var. Və ONLAR var.

Mənimsə hər zaman olduğundan bu gün daha da çox obyektivliklərinə inandığım alimlər, elmə, mədəniyyətə və əsl həqiqətə qiymət verməyi bacaran böyük insanlar, dostlar var!

Əlbəttə ki, bu gün mən heç kəsdən üzr, peşmançılıq, etiraf yaxud da ki, təşəkkür gözləmirəm. Amma lütfən, gəlin ictimaiyyəti, dövləti bu qədər aldatmayaq  və Azərbaycan elmini dünyaya gülünc etməyək.

26 dekabr 2018, Berlin

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 484