Muəllif:

FƏRRUXGİL VƏ YENİ ÜFÜQLƏR

Tələbəlik vaxtı otağıma çəkilib rok dinləyəndə anam içəri girib “Yenəmi bu qar-qura qulaq asırsan?” deyə etiraz edirdi. Ancaq “Queen” oxuyanda bir şey demirdilər. Çünki qrupun yaradıcısının əslən azərbaycanlı olduğunu demişdim onlara. Valideynlərimin milli hissləri özünü göstərir, başlarını bulayaraq, “yaxşı, bircə səsini aşağı elə” deyirdilər. “Led Zeppelin”, “Deep Purple”, “Rolling Stones”un səsi evi lərzəyə gətirəndə otağın qapısı açılır, mən də anamın tərs baxışlarına “Fərruxgildi” deyib, vəziyyətdən çıxırdım.

“Queen” qrupunun yaradıcısı əfsanəvi bəstəkar və rok müğənnisi Freddi Merkuri (Freddie Mercury, 1946-1991) idi. Tanzaniyada, uzaq Zanzibar adasında bir fars (zərdüşt) ailəsində doğulub. Atası Afrikaya Hindistandan, Bombey yaxınlığındakı Bulsara qəsəbəsindən köçmüşdü. Freddi Merkurinin əsil adı Farrux Bulsara idi, amma o vaxt Bakıda dolaşan əfsanələrə görə atası Cənubi azərbaycanlı, soyadı isə Gülsaraydı. Doğrusu, mən çox da bəyənmirdim “Queen”i. Məndə bir albomu vardı, forslanmaq üçün, bəlkə də gitaraçısını çox sevdiyim üçün almışdım. Məndəki albomun zərfinin üstündə də o gitaraçının şəkli vardı. Uzunboylu bir adamdı, adını sonralar unutdum getdi…

Klayd Tombo

Klayd Tombo (Clyde Tombaugh, 1906-1997) məşhur amerikalı astronom, 14 asteroid və Plutonu kəşf edən bir alimdir. Klayd İllinoys ştatında kasıbdan kasıb bir fermer ailəsində doğulur. 12 yaşında durbinlə Ayı ilk dəfə müşahidə edəndən sonra bütün ömrünü astronomiyaya həsr edir. Sinif yoldaşları xatirə dəftərinə “O, yeni dünyalar kəşf edəcək” yazmışdılar. Atası Klaydın ali təhsil almasına pul tapa bilmir. Gənc adam evdə oturub, elmlə məşğul olur, öz əli ilə toplayıb quraşdırdığı teleskopla göy cisimlərini müşahidə etməyə başlayır. Teleskopla Aydakı kraterləri, Yupiterin peykləri ilə Marsın səthinin fotolarını çəkərək Şimali Arizonadakı tarixi Loyell observatoriyasına (Lowell Observatory) göndərir. Fotolar mütəxəssisləri heyrətə gətirir və onu laborant-fotoqraf kimə işə götürürlər.

Tombo burada önəmli elmi araşdırmalar aparır və 1930-cu ildə Plutonu kəşf etməklə adını tarixə yazır. Bu böyük kəşfdən sonra Kanzas universiteti Tombonu ali təhsil almağa dəvət edir. Məzun olduqdan sonra gənc alim observatoriyada elmi araşdırmalarla bərabər müxtəlif universitetlərdə pedaqoji fəaliyyətlə də məşğul olur. Uzun və mutlu bir həyat yaşayır, 91 yaşında vəfat edəndə özündən sonra böyük elmi miras buraxır. Cənazəsini yandırıb külünü xüsusi qabda torpağa basdırdılar…

«New Horizons»

2019-cu ilin ilk günü. Yeni il gecəsinin hay-küyündən özümə gəlib diqqətimi bu günlərin ən önəmli hadisəsinə verirəm. Amerika yenə tarix yazırdı. NASAnın «New Horizons» (Yeni Üfüqlər) zondu Ultima Thule asteroidinin yanından keçirdi. NASA TV günlərdir bu tarixi anla bağlı anonslar edirdi. Ultima Thule Yer kürəsindən 6.5 milyard km (!!!) uzaqlıqdadır. İlk dəfədir ki, bir kosmik obyekt Yer kürəsindən bu qədər böyük məsafəyə uzaqlaşırdı. Başımızı qaldırıb göyə baxanda ulduzlar bizə necə kiçik və sonsuz görünürlərsə, indi zonddan da Günəş elə balaca görünür. Bu məsafədə zond Günəş enerjisindən istifadə edə bilmir. Yeganə enerji mənbəyi üstündəki radio-izotop generatordur. Onun verdiyi güclə 480 kq-lıq «New Horizons» Günəş sistemindən çıxacaq və 2026-ya qədər Yer kürəsinə qiymətsiz məlumatlar ötürəcək. İndi elm dünyası səbrsizliklə “o dünyadan” gələn xəbərləri gözləyir. Zatən əsas məqsəd də Günəş sisteminin yaranmasının ilk başındakı təkamül proseslərini öyrənməkdir. Bəşəriyyət Yaradılışın sirrini çözmək üçün bir əhəmiyyətli mərhələdən də keçmək üzrədir.

Aydan

Zondla bağlı təzə məlumat tapmaq üçün interneti ələk-vələk edirəm.  Saytlardan birində qarşıma Cape Canaveraldakı kosmodromdan «New Horizons»u 2006-cı ildə kosmosa çıxaran Atlas 5 raketinin startı çıxır. Görüntüləri olduqca tanış bir səs, məni nəsə uzaqlara aparan bir melodiya müşayiət edir. Diqqətimi toplamaq istəyirdim ki, kiçik qızım iş otağımın qapısından başını içəri salıb “Aaaa, bəs sən “Queen”i sevmirdin axı?” deyir. “Zondla nə əlaqəsi var bunun?” deyə soruşuram. “Brayan Meydir daaa oxuyan” söyləyəndə eşitdiyimə inanmıram. Məgərsə musiqi də, oxuyan da “Quenn” qrupunun adını unutduğum əfsanə gitaraçısı Brayan Meydir. Mahnını dinləməyə davam edirdim ki, Aydan təbəssüm edərək yenə məni şoka salır: “Onun astrofizikadan PhD-si olduğunu bilirsənmi?”

Yeni ilin ilk dəqiqələrində tanınmış musiqiçi NASAnın Merilənddəki Tətbiqi Fizika Laboratoriyasında yerləşən «New Horizons» idarəetmə mərkəzini ziyarətə gəldi. Gələn kimi də yenicə bəstələdiyi «New Horizons» adlı yeni mahnısını təqdim etdi (məqalənin sonunda linki tıklamağı unutmayın – İ.N.). Çıxışında mahnını ülvi məqsədlər üçün yazdığını, zondun göndərəcəyi bilgiləri analiz edəcək alimlər cərgəsinə qatılacağını dilə gətirdi:“Mən turist deyiləm, bura da çalışmaq və kəşf etmək üçün gəlmişəm”

Brayan Mey

Brayan Mey (Brian May) 1947-ci ildə Londonda göz açıb dünyaya. Bütün dünya onu rok musiqiçisi, əfsanəvi qrupun əfsanə gitaraçısı və çox sayda hit mahnının müəllifi kimi tanıyır. Ancaq çox az insan var ki, onun alim, astrofizika üzrə fəlsəfə doktoru (PhD) olduğunu bilsin. Orta məktəbdən sonra Brayan tanınmış “Imperial College London” da fizika və riyaziyyat oxuyub. Uşaqlıqdan gitara çalan Brayan musiqi karyerasına tələbə vaxtı virtuoz gitaraçı Cimmi Hendrikslə başlayıb. Ancaq elmi işini müdafiə etdikdən sonra musiqiçi dostları onu elmdən bir müddət uzaqlaşdırıblar. O, 1970-ci ildən 1991-ə — Freddi Merkuri ölənə qədər “Queen”lə şöhrətin zirvəsinə çıxıb.

Son illər bu istedadlı insan musiqi ilə yanaşı nəzəri fizika və riyaziyyatla da fəal məşğul olur. Elmi çalışmalarını diqqətə alaraq asteroidlərdən birinə onun adını veriblər. Hardfordşir (Hertforshire) universiteti ona fəxri elmlər doktoru (Doctor of Science) adı verib. O, BBC-də “Qaranlıq səma” adlı elmi verilişin aparıcısı, “Böyük partlayış. Kainatın tam tarixi” adlı kitabın müəlliflərindən biridir. Mey 2008-2013 illər arasında Liverpuldakı John Moores universitetinin rektoru vəzifəsində də çalışıb.

Həm rok musiqiçisi olasan, həm də astrofizik. Və bir də qalxıb 71 yaşında Londondan ABŞ-a gələsən ki, Uzaq dünyalardan təzə xəbərlər, ümidverici məlumatlar öyrənəsən. Necə yaşam anlayışıdır ki, Yaradılışın sirrini çözmək üçün gənclik eşqi ilə yanasan. Bizi isə öyrədirdilər ki, Qərb dəyərləri məhv olub gedir, mənəviyyat yox olur, rokçular da narkomandır.

O “mənəviyyatsızlar və narkomanlar” «New Horizons» zonduna elmi cihazlarla bərabər kiçik bir kapsul da yerləşdiriblər. Kapsul da zondla bərabər Günəş sistemindən çıxacaq. Qarşıda sonsuzluğa məchul bir səyahət var. O kapsulun içində Klayd Tombonun məzarından götürülmüş bir çimdik külü var. Tombo Yeni Üfüqlərə hamımızdan əvvəl çatacaq.

Anam həyatda olsaydı, bu məqaləni oxumağını istərdim. “Qar-qur” dediyi “Fərruxgil” haqda fikri dəyişərdi…

https://www.youtube.com/watch?v=j3Jm5POCAj8

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (12 оценок, среднее: 9,92 из 10)
Oxunma sayı: 339