Muəllif:

BİZ MÜSƏLMANLAR TANRINI NİYƏ BELƏ EYBƏCƏRLƏŞDİRİRİK?..

 

 “…Tanrıya dedi ki, ən sevdiyin bəndə ilə məni görüşdür. Tanrı da buyurdu ki, filan yerə get, orada həmin adamı görəcəksən. Gəlib gördü ki, burada bir adam var, nə əlləri var, nə də ayaqları, hər ikisindən şikəst bir adamdır.

Amma oturub Allaha dua edir. Ondan soruşdu ki, Tanrı səni bu hala salıb, niyə ona yenə də dua edirsən? Allahın sevimli bəndəsi isə qayıtdı ki: “Allahım mənə ona şükr etməkçün dil və ağıl verib. Bunun özü mənə bəs deyilmi?”…

Bilmirəm, televiziyadan, bir din xadiminin dilindən eşitdiyim bu rəvayəti olduğu kimi, məna təhrifinə yol vermədən çatdıra bildimmi?..

Əlbəttə, kiçik rəvayətdəki adi bir bəndənin Tanrı sevgisi ən böyük, ən uca hörmətə layiqdir, çünki Tanrını, Yaradanı daim sevmək, həmişə, bütün hallarda ona şükür etmək lazımdır, ən azı ona görə ki, ən pis, ağır durumumuzda belə şükranlıq üçün nəsə tapa bilərik.

Müsəlman olmasa da, Diogenlə bağlı məşhur rəvayət var. Böyük İsgəndər arayıb-axtarıb Diogeni tapır və ondan soruşur ki, sənin üçün nə edə bilərəm? Diogensə deyir:”Mümkünsə, Günəşin qabağından çəkil”…

Bəli, Tanrımız bizi hər şeydən məhrum etsə belə, yenə də onun yaratdığı bu böyük möcüzəylə — Dünya ilə hər hansı təmasda olmağın özü də artıq  xoşbəxtlikdir.

Çox təəssüf, insan bu məqamları yalnız qocalanda, həyat deyilən şeyin sonsuz olmadığını anlamağa başlayanda başa düşür: kiçicik yarpaq, onun cücərməsi, göyərməsi və axırda da solması belə insana bir möcüzə kimi görünür…

Amma sözüm bunda deyil. Biz müsəlmanlar tez-tez “Tanrı sevgisi”, “Allaha məhəbbət” deyirik, amma Yaradanı elə təsəvvür edirik (baxmayaraq ki, Tanrı bütün təsəvvürlərdən yüksəkdədir, təsəvvürlərə sığmayandır) ki, sanki qarşımızda qəzəbli bir hökmdar, despot dayanıb, o bəndələrini təkrar-təkrar sınamaqdan və onlara əzab verməkdən həzz alır…

Ən əvvəl bircə kəlmə ilə bu “təsəvvür”lərdən danışmaq istərdik. Bəzən bizim din adamları elə danışırlar ki, guya hər şey, hətta Tanrı da onların dedikləri kimidir, sanki gedib onu görüblər. Mən ötən ay elə bu saytdaca N.Borun “əlavəlik prinsi”pindən yazmışdım. Bunun kiçicik davamı kimi deyərdim ki, bizim sözlərimiz, anlayışlarımız Tanrını da təsəvvür — təsvir etmək üçün yetərli deyil, bu cəhdində acizdir –Tanrı bu təsəvvürlərə qəti sığmaz.

Üstəlik, bizim təsəvvürlərimiz bizim təcrübəmizdir. Biz təcrübədə qəzəbli hökmdarlar görmüşük, Dünyanın məhz belə idarə olunmasının şahidi olmuşuq, odur ki, Tanrını da bu cür təsəvvür edirik: nəhayətsiz bir hakimiyyət və sadizmlə çulğalaşmış mərhəmət; kiçicik təbəəsinin onu sevib-sevməməsini bilmək üçün olmazın sınaqlara çəkir onu, yarıcan bir hala salır, amma öldürmür, çünki o, “mərhəmət sahibi”dir, “ədalətli”dir.

Bəli, Tanrını da belə qəzəbli hökmdar kimi təsəvvür edirik. Halbuki fərqli yanaşmalar da var. Xristianlıq “Tanrını sev!” deyir. Onun təsirilə yaranan bizim təsəvvüf nəzəriyyələri də Tanrıya sevgi üzərində qurulub.

Bilirsiniz, əlbəttə, Tanrının qəzəbindən qorxmaq lazımdır. Amma bu, o demək deyil ki, Tanrını qorxunc varlıq (hətta varlıq anlayışı da burada şərtidir, çünki Tanrı laməkandır, zamandan və məkandan yüksəkdədir!) kimi təsəvvür etmək lazımdır.

Dini mərasimlərdə, hüzr məclislərində sözün lap birbaşa mənasında bəzən cəfəngiyyat dinləmək məcburiyyətində qalırıq, amma özümüzə bununla təsəlli veririk ki, mollaların və ya din xadimlərinin heç də hamısı yüksək savad sahibi deyillər və mərhumun ruhunun xatirinə, hüzr yiyəsinin xətrinə yarım saat, iyirmi dəqiqə bu qorxulu rəvayətləri — nağılları dinləyir, sonra da yollanırıq öz işimizin-gücümüzün dalınca.

Amma bir də görürsən ki, eyni sözlər, fikirlər, bənzətmələr və analogiyalar hətta efirlərə yol tapır, çünki indi bütün verilişlərə ilahiyyat adamlarını dəvət etmək dəbdi və bu dəbin yaxşı cəhətlərilə bahəm mənfi tərəfləri də var — bu adamlar bəzən Tanrı, cənnət-cəhənnəm, qiyam haqda elə danışırlar ki, sanki bunları gözlərilə görüblər. Etiraz-filan da qəbul etmirlər, sanki hər şey elə bunlar deyən kimidir: hər şey qorxu üzərində qurulmalı və bəndə də qorxaraq Tanrısına itaət etməlidir.

Rəssam El Qreko haqda maraqlı film var. Onu inkvizisiya məhkəməsində ittiham edirlər ki, bəs sən mələkləri elə təsvir edirsən, belə təsvir edirsən! Rəssam da onlardan soruşur:“Siz haradan bilirsiniz ki, mələklər başqa cür olur? Məgər onları görmüsünüz?”. İndi bizim din adamları da elə danışırlar ki, sanki Tanrını da, mələkləri də, cənnəti də, cəhənnəmi də görüblər…

Bir tərəfdən onları qınamırıq, çünki insan öz gördüklərinin – təcrübəsinin sərhədlərindən kənara çıxmaqda acizdir və din adamları bir yana, hətta alimlər belə edir: bir kvarka “qırmızı” deyirlər, digərinə isə “mavi”…

Əslindəsə kvark nə qırmızıdır, nə də mavi – sadəcə, bizim öz təcrübəmizdə bundan başqa bir şey yoxdur. İndi din adamları da, molla – mərsiyyəxanlar da gözlərini açıb hökmdar görüblər və odur, Tanrını da belə təsəvvür edirlər, amma unudurlar ki, hökmdar nə qədər ədalətli və mərhəmətli olursa-olsun, yenə də Tanrı deyil, üstəlik hökmdarın qəzəbli olmasının əsası da var, çünki hökmdar özü də qorxur – bəli, hakimiyyəti itirməkdən qorxur, ona görə də qorxuncdur, qəzəblidir. Tanrının isə belə qorxusu yoxdur, kimsə onun hakimiyyətinə iddia edə bilməz.

Həm də belə bənzətmələr bilirsinizmi nədən qaynaqlanır? Biz müsəlmanlar düşünürük ki, Tanrı bütün hərəkətlərimizi proqramlaşdırıb, hər bir olayın arxasında məhz onun iradəsi dayanır: odur ki, hətta ağrılı anlarımızda belə özümüzü sındırmamaq, tamam ruhdan düşməmək üçün “Tanrı bizi sınağa çəkir” deyirik.

Halbuki daha düzgünü birdəfəlik qəbul etməkdir ki, Yaradan Dünyanı bizim ixtiyarımıza verib, o, bizə sərbəstlik və seçim bəxş edib, Dünyanı cənnətə və ya cəhənnəmə çevirmək bizlikdir. Özümüzün yaratdığımız ağrıları, acıları, problemləri Tanrının adına yazıb “Bizi imtahana çəkir!” demək lazım deyil…

Bəzən belə yozumlar o qədər gülməli və banal bir forma alır ki, bilmirsən, nə edəsən, dərdini kimə deyəsən. Hətta qəddar hökmdarların peyda olmasının belə öz izahı var bu sxemdə; guya ki, Tanrı onları bizi cəzalandırmaq üçün göndərir…

Halbuki əslində heç kim heç kimi göndərmir — sadəcə, biz belə düşünürük. Odur, Tanrını da eybəcərləşdirməmək, özümüzə oxşatmamaq üçün onu gündəlik davranışımızın məsuliyyətindən azad etmək lazımdır.

Bəli, Tanrı əvvəl cansız təbiətin qanunlarını göndərdi: Kainat, qalaktikalar, ulduzlar, planetlər yarandı. Sonra Tanrı canlı təbiətin qanun və qaydalarını göndərdi; canlı həyat, bitkilər, heyvanlar və insanlar yarandı. İnsanı digərlərindən ayırdı və Tanrı gördü ki, insan toplumunun-cəmiyyətin daha bir qanuna da ehtiyacı var. Odur ki, dini, yəni əxlaq qanunu göndərdi.

Bununla da Tanrının bu Dünyadakı işləri “bitdi”. Qalan hər şey artıq bizlikdir-özümüzlükdür: Onun göndərdiyi əxlaq qanununa əməl də edə bilərik, etməyə də. Etsək, hamımızın həyatı xoş və tox olacaq, etməsək, əsl cəhənnəmi öncə burada, elə Yer üzündə çəkəcəyik; düşünməyərək ki, bizi hələ axirət də gözləyir və oradakı “hökmdar” həqiqətən də artıq elə  Tanrının özüdür…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 57