Muəllif:

BİR KİŞİ ADAM…

Bir dəfə dostlarıyla söhbətdə özünün bitib-tükənməz qayğılarının yaradıcılığına mane olmasına işarə edərək Dostoyevski demişdi: “Mən də qraf Tolstoy kimi təmin olunmuş biri olsaydım, bəlkə 100 il sonra da məni oxuyardılar”.

Bu cümlədə Dostoyevskinin bütün iztirabları, əsil istedad sahiblərinə xas olan şəkildə öz əsərlərinin səviyyəsinə şübhə və inanmsızlıqla yanaşması bütün kədəriylə ifadə olunub. Onun az qala ağlayaraq dediyi bu söz indi bizə gülməli gəlir, bax a, yəni doğrudanmı bu sözü Dostoyevski deyib? 100 il nə olan şeydi ki onunçün? Sözün Olimpində oturan tanrılardan birinin 100 il üçün qayğısı ola bilərmi?

Bəli, biz təkcə onun haqqında yox, bəlkə özümüzlə bağlı da belə düşünürük bəzən. Gizli-gizli olsa da. Ona görə də o Dostoyevskidir, biz də biz. Yüz yox, heç əlli ilə də bel bağlaya bilmərik.

Bu söhbəti niyə xatırladım? Bu gün (22 mart) İsmayıl Şıxlının 100 yaşı tamam olur. Onun yüzilliyi ölkə səviyyəsində qeyd edilir. Bu, məsələnin rəsmi hissəsidir. Olmaya da bilərdi. Yaxşı ki, olub. Ancaq iş başqadır. Hətta bu rəsmi sayğıduruşu olmasa belə, İsmayıl Şıxlı həm əsərlərinin qəhrəmanları (xüsusən Cahandar ağanın simasında), həm öz əməlləri ilə kişilik simvoluna çevrilib və mən əminəm ki, yüzillər keçəcək, bu obraz yenə də öz əzəmətini qoruyacaq, hər il bir az da ölməkdə olan dəyərlərin fonunda daha da güclənməkdə davam edəcək.

İsmayıl Şıxlının həyat və yaradıcılığı ilə tanış olanda həm adamı fəaliyyətin nəhəngliyinin vahiməsi basır, həm də utanırsan.

Bu titanik yol II Dünya müharibəsinə yollanmaqdan başlayır. Mən həmişə istisnaları unutmadan o fikirdə olmuşam ki, hərbi xidmətdə olmamış adamlarda xarakterin tam və əsil kişiyə xas şəkildə formalaşması mümkün deyil. Üstəlik bu xidmət sülh zamanlarının adi xidməti borcu deyil, birbaşa müharibənin, qanın içində keçən xidmətdir. Adamda elə təəssürat yaranır ki, ustadın obrazları hansı zamanda yaşamasından asılı olmayaraq, məsələn, Cahandar ağa özü Cahandar ağa olmamış məhz İsmayıl Şıxlı ilə birgə döyüş yolu keçib. Bir-birinin yarasını sarıyıblar, kürək-kürəyə söykəyib vuruşublar, bir yerdə məktublar yazıblar, gündəlik tutublar. Cahandar ağa beləcə bu yolda kişiləşib, bütövləşib, formalaşıb və ondan sonra özünün XIX əsrinə qayıdıb.

Şəxsiyyəti və yaradıcılığı paralel şəkildə inkişaf etdirərək yaşamaq hər sənət adamına nəsib olan şey deyil. İllah da həyatının ilk şüurlu çağlarından ömrün sonuna kimi bu paralelliyə xələl gətirmədən yaşayıb-yaratmaq yəqin ki, hər adama qismət olmur.

Əlbəttə, yazıçının şəxsiyyəti və yaradıclığının vəhdəti məsələsi ən azı Azərbaycanda, yaxud islam Şərqində ciddi dartışma mövzusu olub. Buraya Qərbi daxil etmirəm. Çünki orada heç kimin şəxsi xarakteri, əxlaqı, məişət kimliyi müzakirə mövzusu ola bilməz. Bu, Qərb təfəkkürüdür, hər kəsin şəxsi həyatı onun xüsusi mülkiyyətidir, Qərb əxlaqı isə xüsusi mülkiyyətə müqəddəs nəsnə kimi baxır. Kimsənin o hissəyə burun soxmaq haqqı yoxdur! Qərbdə yalnız yazıçının ictimai əxlaqı söhbət mövzusu ola bilər. O da yenə yazıçının şəxsinə aid məsələdir və buna görə kimsə onları ittiham edə bilməz. Olsa nə əla, olmasa da, suç deyil. Bizdən fərqli olaraq.

Bizdəki dartışmaların kökündə şəxsiyyətin və yaradıcılığın ayrı-ayrılıqda deyil, vəhdətdə götürülməsidir ki, bu da əslində çox vaxt faciələrə səbəb olur, insanın yaradıclığının üstündən qara xətt çəkir. Arqument də zəif deyil. Nə qədər nəhəng yazıçı tanıyırıq ki, bizim anlayışlarla yanaşanda dünyanın ən şəxsiyyətsiz, ən əxlaqsız adamları olublar, ancaq o şəxsiyyətsizliklər unudulub gedib, əsərləri isə əsrlər keçsə də, ədəbiyyatın məhək daşı olaraq qalır. Onları bu gün şəxsiyyətlərinə görə deyil, əsərlərinə görə xatırlayırıq.

Bu kontekstdə İsmayıl Şıxlıya baxanda onun həyatını hissələrə bölməyə gərək qalmır. Bir İsmayıl Şıxlı görürsən – şəxsiyyəti və yaradıclığı bir-birindən zərrəcə fərqlənməyən Kişi! O əsərlər İsmayıl Şıxlıdır, İsmayıl Şıxlı o əsərlərdir. Biri-birinin bətnində. O əsərləri İsmayıl Şıxlı öz yazıçı bətnindən doğub və o əsərlər də yəqin ki, zaman-zaman öz müəllifini doğa-doğa yaşadacaqlar.

Bir az əvvəl dediyim vahimə və utanmaq məsələsinə qayıdıram. Bu vəhdətə ustadın pedaqoji fəaliyyətini, Qərb ədəbiyyatının tədrisindəki boşluqları doldurmaq üçün dilimizə çevirdiyi dərslikləri, yazdığı kitabları, ictimai fəlaiyyətini da daxil edəndə heyrətlənirsən: axı bütün bunları necə çatdırmaq olar? Görünür, mümkünmüş!

Biz isə eyni vaxtda iki iş görəndə qoca qarılar kimi donquldanır, sonucda Əli aşından da, Vəli aşından da oluruq…

Qarşımızda bu cür parlaq nümunə var. Adam o qədər mürəkkəb zamanda həm şəxsiyyətini qoruyub, həm əsərlərini yazıb, həm müəllim kimi əvəzsiz olub.

Ustadın Dram Teatrının binasında qeyd edilmiş 70 illik yubileyində ədəbiyyatşünas, tənqidçi, professor Qulu Xəlilovun cəsarətli çıxışı dediklərimizin həqiqət olduğunu isbat edir:

“Bizim çoxumuz zamanın havasına uyduq, təmiz adımızı qoruya bilmədik. İsmayıl Şıxlı isə bu adı ürəyi kimi təmiz saxladı”.

Yeni yaşın mübarək, Ustad!

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (6 оценок, среднее: 8,33 из 10)
Oxunma sayı: 193