Muəllif:

Bir cənub şəhərinin yubilyarına

Uşaq vaxtı atam bizə 1955-ci ildə Qazaxıstana işləməyə getməyindən, “Xam torpaq”larda gördüklərindən danışardı. Söhbətlərindən biri heç yadımdan çıxmır. Deyirdi ki, hamı onu “Rəşid Behbudovun yerlisi” çağırırmış, adamlar Azərbaycan adını eşitməyibmişlər.

O, sovet xalqının Azərbaycanı Rəşid Behbudovla tanıdığı dövr idi.

Azərbaycan mədəniyyətinin ən parlaq simalarından biri Rüstəm İbrahimbəyovun 80 yaşı tamam olan gün o xatirəni yada salmağım əbəs deyil. Sima sözünü də elə-belə işlətmədim. Xalqlar onun üzü, siması olan kəsləriylə sayılıb seçilir.

Rüstəm İbrahimbəyov da Azərbaycanın vizit kartlarındandır. Tək postsovet məkanında deyil, dünyanın hər yerində kino ictimaiyyəti ölkəmizi Rüstəm İbrahimbəyov simasında görür.

Özü də tək kino ictimaiyyəti yox!

Kubaya ilk səfərimdə özümlə xeyli kitabla yanaşı çoxlu film də aparmışdım. Növbəti gedişimdə eşitdim ki, Kuba müxalifətçilərinin ən çox bəyənib arzuladığı iki filmdən biri Rüstəm İbrahimbəyovun həmmüəllifi olduğu “Şərq-Qərb” filmidir. O biri film isə Donnersmarkın 2006-cı ildə çəkdiyi “Ştazi” dövrünün Almaniyasından bəhs edən “Özgələrin həyatı” idi.

Mən “Şərq-Qərb” filmindən danışan vaxtlarda Rüstəm İbrahimbəyov Kubanın dissidentləri, müxalif intellektuallarının gözündə Azərbaycanın canlı obrazı olurdu.

İş elə gətirdi ki, o səfərlərdən “Çamayra. Kuba dəftəri” adlı bir kitab ərsəyə gəldi. Və Rüstəm müəllim o kitaba ön söz yazdı. “Yaradıcı böhran” ovqatlarında adama inam aşılayan, ruh verən dopinq sözlərdən ibarət güvənc yazısı da deyərəm ona.

Dünənədək adını belə eşitmədiyi bir yazı-pozu adamının əlyazmasını oxuyub rəy bildirməsi korifey yazıçının sadəlik nümayişi idi, mənə görə. Bu dəfə onu başqa yöndən tanıdım.

İnsanın davranışı tək əxlaqına deyil, həm də onun dünyadərkinə, dünyagörüşünə bağlı məsələdir.

O gün də bənzər hadisə oldu.

Bu yaxınlarda xeyli zaman sərf edərək “Tamamlanmış yarımçıq portret” adlı bir yazı yazdım. Vəzirovun Moskvada nəşr olunan sonuncu kitabı maraqlı yazı mövzusu vermişdi. Kitab poçtla gəlib çıxanacan, mən onu oxuyub yekə bir yazı yazanacan azından iki ay vaxt çəkdi. Və…

Və qəribəsi odur ki, ən kəskin yazılarımı vermiş saytlar belə o yazını dərc eləmədi. İstər ölkəiçi mübariz, istər xaricdəki radikal saytlar olsun. Heç biri yaxın qoymadı. Səbəbini bilirəm, sözüm onda deyil.

Facebookda bununla bağlı inciktəhər paylaşım etdiyim gün bir zəng gəldi. Rüstəm İbrahimbəyov idi. Paylaşdığım yazını bloqumda oxuyub fikirlərini bildirirdi. Gecəyə doğru başqa bir ustad yazıçı, Çingiz Hüseyov da bənzər məzmunda mesaj göndərdi. Xeyli dost-tanışın qınağına tuş gələn, redaktorların imtina etdiyi yazı ovqatımda “təklənmək” duyğusu yaratdığı bir vaxtda ustad yazıçılar məqaləni gözümdə beləcə ucaltdılar.

Onda Rüstəm İbrahimbəyovu daha bir yöndən tanıdım. O, tək elliklə ümumi axında üzənlərin (hərəkat, mübarizə meydanı) yox, kənarda qalan tənha həqiqətlərin də yanında yer almağı bacarır. Bunu dəfələrlə nümayiş etdirib.

Sənətkarın böyüklüyü titulların sayında, yüksəkliyində deyil, duyumundadır. O duymuşdu ki, həmin yazıda söylənilənlər iqtidarlı-müxalifətli son 30 ilin ictimai-siyasi meydanında olanların xoşuna gəlməsə də xeyli həqiqət yüklüdür.

Ömrünün çoxunu ölkədən kənarda yaşasa da Azərbaycanı yaxşı tanıyıb, prosesləri incəliyinə qədər duymasını 2011-ci ildə “Toplum” jurnalı üçün ondan müsahibə alanda gördüm. İçərişəhərdəki evinə getmişdik. Maraqlı söhbət alındı. O görüşdə fikirləri aydın, dəqiq, ölkədə baş verənlərə vətəndaş yanğısıyla baxan vicdanlı və zəkalı bir ziyalını gördüm. Düşüncəsinin zaman və məkan miqyası, qloballığı onu tanıdığım başqa sənət adamlarından fərqləndirən cəhət idi.

Rüstəm İbrahimbəyov haqda sözümü hələ ona total hücumlar təşkil olunduğu vaxtlarda yazdığım “İbrahimbəyovun qorxulu kinosu”nda demişdim. Onda ona rəğbətimi sərgilədiyi vətəndaş mövqeyinə, haqsızlığa tuş gəldiyinə görə bildirmişdim.

Bu sətirlər isə sadəcə təbrik sözləridir. Bayaqdan sadaladıqlarım da hələ Bakının “İbrus” teatrı dönəmlərində, Ziyalılar Forumundakı görüşlərimizdə müşahidə elədiyim bir adamın portret çizgiləri deyil.

Rüstəm İbrahimbəyov portretini özü çəkib, kitablarında, filmlərində. Şübhə etmirəm ki, indi yazdığı “Uğurlu məğlubiyyət” adlı memuarı onun portretində ən parlaq boya olacaq.

O memuarı oxumaq arzusuyla, 80 yaşınızı təbrik edirəm, Rüstəm İbrahimbəyiv – bir cənub şəhərinin yubilyarı!

Vahid Qazi

5 fevral 2019

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 125