Muəllif:

ATOM BOMBASI QƏDƏR QORXUNC…

Bir şeyi heç cür anlaya bilmirəm. Xristianlıqla islam, ümumiyyətlə, dinlər nəyi bölə bilmirlər?

Dünyanı?

Allahı?

Yer kürəsini?

Fəlakət ondadır ki, onlar dünyanı da, allahı da, Yer kürəsini də çoxdan bölüblər. Bölüm-bölüm. Parça-parça. Həm də elə bölüblər ki, yəqin, dünyanın sonuna qədər də birləşdirmək mümkün olmayacaq.

“Pew Research Center”in 230 dövlətdə apardığı demoqrafik araşdırmaya görə, 6,9 milyardlıq Yer sakinlərinin 5,8 milyardı özünü inanclı sayanlardır.

Təqribən 2,2 milyard insan (dünya əhalisinin 32%-i) xristianlığa, 1,6 milyardı (23%) – islama, 1 milyardı (15%) – hindiuzmə, 500 milyonu (7%) – buddizmə, 14 milyonu isə (0,2%) – iudaizmə inanır.

400 milyon insan (6%) müxtəlif dinləri sınaqdan keçirir, 58 milyon isə sintoizm, bəhayilik kimi fərqli konfessiyalara tapınır.

1,1 milyon isə (16%) konkret bir dini qəbul etməsə də, hansısa formada allaha inanır.

Hindusların 97 %-i 3 ölkədə Hindistan, Nepal, Mavrikidə, xristianların 87 %-i xristianların çoxluq təşkil etdiyi 157 ölkədə, müsəlmanlarınsa 73 %-i 49 islam ölkəsində yaşayır.

Belə baxanda hamı yerbəyer olub. Münaqişəyə gərək yoxdur. Ancaq elə deyil. Hamının, illah da iki böyük çoxluğun fikrindən dünya ağası olmaq keçir. Gördüyümüz kimi, məsələ allahlıq deyil və hər birinə də elə gəlir ki, onlar Yer kürəsində məhz Allahın hakimiyyətini bərqərar edirlər. Allah onların əlində qorxunc atom bombasıdır. Maraqlıdır, bütün kainatın xəritəsində toz zərrəciyindən də kiçik olan Yer kürəsi sonsuz aləmlərin sahibi hesab edilən rəbbin nəyinə lazımdır?

Tarixin gedişatı göstərir ki, dünyanın qlobal qan çanağına çevrilməsi məhz dinlərin zühuruyla yaşıddır. Daha doğrusu, dinlər, ardıyca da saysız-hesabsız qanlar gəlir.

Heç kim allahın var, ya yox olduğunu bilmir. Haçansa kiçik bir insan sürüsünün gözəgörünməzi kimi doğulan allahlar insanların sayı və iştahı, ehtiyacı artdıqca daha da böyüyüb, çoxu zaman-zaman daha güclü allahlar tərəfindən qətlə yetirilib, günümüzə isə onlardan dörd-beşi salamat çıxıb ki, bəd ayaqda ümumi razılaşma əsasında onları da birləşdirib Tək eləyirlər.

Ancaq hətta allahlarını birləşdirəndən sonra da insanlar birləşə, dünyanı paylaşa bilmirlər. Hər kəs Allahı öz dostu, öz qohumu, öz doğması, öz əzizi hesab edir. Və hərə də onun ətəyindən yapışıb öz tərəfinə çəkməyə başlayır. Mərəkə də onda qopur. Məsələ ondadır ki, allahı dinlər arasında bölüşdürmək ehtirasıyla iş bitsəydi, yenə də şükürlüydü. Xristianlar öz aralarında, müsəlmanlar öz aralarında belə allahı bir neçə yerə bölür, qırğına çıxır, bir-birinin qanını tökürlər. İslam dövlətlərinin, xristian dövlətlərinin bir-biriylə apardığı müharibələr elə də uzaq keçmişə dayanmır. Planetimizin az qala hər qarışı dinlərin gətirdiyi barışcıl qanla suvarılıb!

Çağdaş dünyanın aydınları hətta xeyli məqamda son dərəcə ülvi meyarlara dayanan millətçiliyi qınayırlar. Halbuki millətçilik heç vaxt dinlərin törətdiyi qırğınların miqyasında bir savaşa səbəb olmayıb.

Bu gün dünya terror insidentlərinin, ölənlərin, zərər görənlərin sayı və dəyən maddi ziyanın miqyasına əsasən, 10 ballıq şkala ilə hesablanmış beynəlxalq terror indeksi reytinqində 0,63 balla 103-cü sırada qərarlaşan Yeni Zelandiya terrorundan danışır. Terror irqçilik və dini zəmində baş verib. İsveçrə əsilli bir zelandiyalı xristian tərəfindən planlaşdırılaraq törədilib.

Yeri gəlmişkən, həmin siyahıda ilk beşlikdə ən yüksək göstəriciylə İraq (10), Əfqanıstan (9,44), Nigeriya (9,01), Suriya (8,62), Pakistan (8,40) qərar tutur. Türkiyə 9-cu yerdədir (7,52).

32-36-yerlər: ABŞ (5.43), Rusiya (5.33), Çad (5.27), Britaniya (5.10), İsrail (5,06).

95-ci yer: Azərbaycan (1,15).

160 ölkədən 130-u terrordan əziyyət çəkir, onların ilk beşliyi gördüyümüz kimi, 99 faizlə islam coğrafiyasının payına düşür. 30 ölkədə terror baş vermir. Onların içində isə cəmi iki islam ölkəsi var: Türkmənistan və Oman. Yeni Zelandiyanın da daxil olduğu 31 ölkə indeksə görə, ən az terror baş verən ölkədir (0,63-0,02 aralığı). Siyahıdakıların da üçü islam ölkəsidir – BƏƏ, Özbəkistan, Qətər.

İslam ölkələri terrorun miqyasına görə üstünlük təşkil edir. Bu ölkələrdə baş verən terrorların da az qala yüz faizini elə müsəlmanlar həyata keçirir və ən qələbəlik yerlərdə, xüsusilə məscid və camilərdə öz dinc müsəlman qardaşlarının qanını su yerinə axıdırlar. Buraya islam terrorçularının qeyri-müsəlman ölkələrində törətdiyi aktları da gələ bilərik. Əlbəttə, hamısı da Allahu-əkbərlə!

Mənə görə, dünyada terrorun iki xüsusi qanlı forması var: geopolitik və fərdi. Bir növ səlib yürüşü və bəşəriyyətə ən iyrənc terror metodları bəxş etmiş Həsən Sabbah sistemi.

Müsəlmanlarınkı gözə daha qanlı görünən, əslində isə kiçik miqyaslı və insanlarda daha çox nifrət oyandıran (son Zelandiya teraktında olduğu şəkildə) formadır. Bu, terrorun ən ikrahdoğuranıdır. Müqayisə etsək, kişinin qadını döyməsinə bənzəyir bu terror. Kişinin aciz, çarəsiz qaldığı, qadın qarşısında mənəvi gücsüzlüyün, məntiqin zərrəcə kara gəlmədiyi məqamdır. Və bir neçə günlük gündəm yaratmaq, fərdi faciələr, müsibətlər yaşatmaqdan artıq gücü yoxdur. Tez də unudulub gedir.

Xristianlığın terroru isə elə bərbəzəkli donlarda həyata keçirilir ki, hətta bəzən alqışlanır da. Sanki qarşılarında çox müqəddəs bir missiya belə var: dünyanı təhdid edən terror qruplarını və terror dövlətlərini zərərsizləşdirib bütün bəşəriyyətə xoşbəxtlik nəsib etmək.

Əslində, hər ikisi lənətlənəsi əyləmdir. Ancaq islam ölkələri mövcud dini fanatizmində, avtoritar idarəçilikdə qaldıqca, cahillikdən əl çəkmədikcə, ikincisi daim haqlı görünəcək.

Məsələnin kökündə isə bütün yaradılmış məxluqların ən ibtidai instinkti dayanır: dini silahlarla yaşamaq uğrunda mübarizə. Bu mübarizə isə hər keçən zaman bəşəriyyəti bir az da məhvinə yaxınlaşdırır. Həm də din-məzhəb demədən. Ona görə də indi bu gedişlə insanlıq haraya gedir deməyin də heç bir mənası qalmır. Ünvan bəllidir…

***

Yazımı başa çatdırandan dərhal sonra qarşıma çıxan xəbər məni heyrətə gətirdi. İslandiya parlamentinin səsverməyə çıxardığı deklarasiyanı tarixin gəlmiş-keçmiş ən zəkalı, ən parlaq, ən humanist, ən sağlam təfəkkürə dayanan sənədi saymaq olar. Söhbət bütün dinlərin kütləvi qırğın silahı kimi təsnif edilməsindən gedir. Bu deklarasiyadan sonra İslandiyada islam, xristianlıq, iudaizm, induizm və buddizm nüvə silahının, kimyəvi qazların və hərbi zəhərləyici maddələrin daxil olduğu kateqoriyadan hesab ediləcək.

Yeni qanuna səs verən parlamentarilərdən biri – Endryü Kanardın fikirləri bəşəriyyətin son ümid çırağı kimi diqqət çəkir:

“Səlib yürüşlərinə, cihad savaşlarına, yaxud Amerikanın evangelist oliqarxiyasının dünyanı necə məhv etməsinə nəzər yetirsək anlarıq ki, dini inanc kütləvi miqyasda dağıdıcıdır. Bundan bir qədər əvvəl biz xristianlıqla bağlı da bənzər sənəd qəbul etmişik. Biz insanlara çatdırmaq istədik ki, bütün dinlər psixi pozğunluq yaradır və bu, çox təhlükəlidir”.

Allah səndən razı olsun, Endryü…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (5 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 190