Muəllif:

ZƏRDÜŞT ÖLDÜR DEDİ, MƏHƏMMƏD SEVDİ…

Dinlərin pişiyə münasibəti tarixən fərqli olub və zaman-zaman dəyişib. Bəs hansı din, hansı peyğəmbər pişiyə necə yanaşıb, bir-bir baxaq:

İudaizm

Tövratda pişiyin adı yerli-dibli çəkilmir. Bunu bəzi araşdırmaçılar köçəri yəhudilərin anbar keşikçisinə — yəni siçanların qəniminə ehtiyaclarının olmaması ilə izah edir. Bundan başqa, yəhudilər pişiyi bütpərəstliyin rəmzi sayıblar. Misirin əsarətində olan yəhudilərin koptların müqəddəs saydığı heyvana münasibəti başadüşüləndir. Talmuda görə, pişiklərin ilanları yaxalaması qiymətləndirilir, ancaq onların uşaqlar üçün çox təhlükəli olduğu bildirilir.

Bütövlükdə yəhudilər itlərdən fərqli olaraq pişiklərin evdə saxlanılmasının tərəfdarı deyil, ancaq onlara qayğı göstərmək, sağaltmaq və yaxşı yemləməyi lazımlı sayırlar. Pişiklərlə amansız rəftar, onların axtalanması qadağan olunsa da, insanlara çox mane olduqda döymək, vurmaq yasaq olunmur. Ən əsası isə pişiklərə sevgi insana sevgidən artıq olmamalı, insana yardım birinci yerdə dayanmalıdır.

Yalnız ultraortodoksal yəhudilər (haredimlər) hesab edir ki, pişiklər yəhudi olmayanların əcdadıdır və onları harda görsən daşlaya bilərsən.

Xristianlıq

Erkən xristianlıqda pişiklərə çox müsbət yanaşma olub. Əfsanəyə görə, bir gün körpə İsanın çox üşüdüyünü görən pişik ona yaxınlaşaraq bədəniylə onu isidib. Məryəm köməyə görə pişiyi sığallayıb və alnına öz adının baş hərfini (M) həkk edib. Başqa bir mifə görə isə, Allah Adəm və Həvva qovulduqdan sonra yalnız pişiklərə cənnətin yolunu yadda saxlamaq hüququ verib.

Ancaq Orta əsrlərdə xristianlıq pişiklərə münasibətini qəfildən dəyişib. Katolisizmdə pişiklər şeytan və cadugərlərlə əlaqadə günahlandırılıb, cadugərliyin, günahkarlığın, zinanın, şəhvətin, hətta oğurluğun simvolu hesab edilib. Almaniyada pişiklər tonqalda yandırılıb, Flandriyada onları qüllədən atıblar, Fransada ölənəcən döyüblər. Hesab edilir ki, İnkivizisiya o zaman Avropadakı pişiklərin 90 faizini məhv edib. Siçan və siçovulların qəniminə bu münasibət ona gətirib ki, vəba az qala Avropa əhalisinin yox olmasına səbəb olub. Nəticədə katolik kilsəsi pişiklərə mənfi münasibəti dəyişməyə məcbur olub.

Pravoslavlıqda isə pişiklərə həmişə təmiz heyvan kimi yanaşılıb. Provaslavlara görə, pişik evdə, hətta məbəddə də yaşaya bilər, sadəcə onları qurbangaha buraxmaq olmaz.

Protestantlar isə hələ də bu zolaqlılara yaxşı yanaşmır. Katoliklər xüsusilə qara pişikləri sevmədiyi halda, puritanların ağ pişiklərdən zəhləsi gedib. Skandinavlar, ingilis-amerikan protestantları ər-arvad xəyanətində, zinakarlıqda ağ pişikləri iştirakçı sayırlar.

Xristianlığın yekun rəyinə görə, pişik saxlamaq olar, ancaq onlara sevgi kult dərəcəsinə çatmamalıdır.

İslam

İslama görə, pişik hardasa ən müqəddəs heyvan sayılır. Müsəlmanın pişiyinə hər şey olar, əlbəttə, evə, hətta məscidə də girə bilər. Bu cür yanaşmanın səbəbi aydındı – Məhəmməd peyğəmbərin özü bu heyvanı çox sevib, dəyərləndirib.

Hədislərə görə, peyğəmbərin Muiz adlı pişiyi bir gün onun əbasının ətəyində yatıbmış. Peyğəmbər durub harasa getməliymiş, ancaq pişiyi oyatmağa qıymayıb, əbasının ətəyini kəsib, gedib. Deyilir ki, peyğəmbər pişiyinin su içdiyi qabdan su içər, hətta bunu dəstəmazdan qabaq çox məsləhətli sayarmış.

Hədislərdən o da məlumdur ki, peyğəmbərin dostu və dəstəkçisi Əbu Hureyranın (Pişiklər atası) pişiyi bir gün islam yaradıcısını sancmaq istəyən ilandan xilas edib. Peyğəmbər də minnətdarlıq olaraq pişiyin belini sığallayıb, ona həmişə pəncələri üstə düşməyi öyrədib və alnına adının baş hərfini həkk edib — M… (Məryəm+Məhəmməd).

Buddizm

Öncə pişiklər buddizmin qorumaya aldığı heyvanlar sırasında olmayıb. Bu, onların Budda ölüm yatağında olarkən göstərdiyi sayğısızlıqla bağlı mifdən qaynaqlanır. Lakin zamanla budda kahinləri pişiklərdə meditasiyaya meyl görür, onların siçanları ovlama qabiliyyətini qiymətləndirir, ondan sonra qərara gəlirlər ki, Budda hər bir canlıda mövcuddur və pişik də nirvanaya çata bilər.

Lakin əsil buddist azadlığını əlindən alaraq pişiyi evində saxlaya bilməz. Ancaq onları, sadəcə, yemləmək, sağlıqlarının qayğısına qalmaq lazımdır.

Zərdüştlük

Dünyanın ilk monoteist dini olan atəşpərəstlikdə bütün heyvanlar iki yerə bölünürdü – təmizlər, natəmizlər. Təmizlərə, məsələn, itlər, kirpilər, natəmizlərə isə ilanlar, həşəratlar və… bəli, pişiklər daxil idi. Hesab olunurdu ki, pişikləri şər ruh Əhrimən yaradıb, bu natəmiz heyvanlar isə onun ordusunun əsgərləridi. Buna görə də onları öldürmək Şər üzərində qələbədə Xeyirə kömək edir.

Beləliklə, zərdüştçülüyə görə, pişiyi evdə saxlamaq, onun toxunduğu ərzaq və qablardan istifadə etmək olmaz.

***

Dinləri bir yana qoyub birbaşa pişiklərlə bağlı elmin nə dediyini yazmaq olardı. Ancaq elmin pişiklərlə bağlı faktı açıqlamasını oxuyandan sonra dərhal dinlərin bu haqda nə düşündüyünü, pişiklərə necə yanaşdığını, onlardan hansının baxışlarının elmlə üst-üstə düşdüyünü fikirləşdim, araşdırma apardım.

Pişiklərə necə yanaşmalıyıq, onları daşlamalı, dışlamalı, yoxsa ağuşumuzda bəsləyib şiddətli şəkildə sevməliyik? Pişiklər onlara tapınan qədim misirlilərin, islamın dediyi kimi müqəddəsdir, insanların xilaskarıdır, yoxsa zərdüştlüyün də dediyi kimi, Şərin sağ əli olaraq bəşəriyyəti məhvə aparan qüvvədir?

Oxucularımı çox yormayıb, bu haqda gələn yazımızda danışar, elmi nəticələrə göz yetirərik. Əminəm ki, mövzumuzun it-pişik söhbəti olmadığını, olum-qalım məsələsi olduğunu anladınız…

Özünüzü qoruyun…

7 оценок, среднее: 9,29 из 107 оценок, среднее: 9,29 из 107 оценок, среднее: 9,29 из 107 оценок, среднее: 9,29 из 107 оценок, среднее: 9,29 из 107 оценок, среднее: 9,29 из 107 оценок, среднее: 9,29 из 107 оценок, среднее: 9,29 из 107 оценок, среднее: 9,29 из 107 оценок, среднее: 9,29 из 10 (7 votes, average: 9,29 out of 10, rated)
Oxunma sayı: 1254