Muəllif:

Zavala gələsən, Merkel…

İnsan çalıb-çapmadan, oğurluq etmədən, necə deyərlər, halalına haram qatmadan yaşaya bilərmi? Bunsuz keçinməsi mümkünmü?

Məncə, hə. Bir alman vətəndaşını – kəndlisini, fəhləsini, məmurunu götürək. Məsələn, bir alman kəndlisi onun balaları üçün tikilən məktəbin daşını oğurlarmı? Ya bir alman mühəndis özü və öz övladları, vətəndaşları üçün saldığı körpünün sementini, armaturunu və başqa şeylərini oğurlayıb satarmı artıq qazanc üçün? Cavab hər kəsə aydındı.

Ancaq söhbət bizimkilərdən gedir.

Məşhur lətifə hamının yadında olar. İçlərində azərbaycanlının da olduğu bir neçə mühəndis toplaşıb, söhbət edir. Hər kəs öz işindən danışıb, saldığı körpünü göstərir. Müəyyən qədər yeyinti etdiyini körpünü göstərərək dilə gətirir. Sonda azərbaycanlıya çatır sıra. “Bax, o körpünü görürsüzmü?” – soruşur. “Hanı, hansı körpü, axı biz körpü görmürük sən nişan verdiyin yerdə”, — deyirlər. Azərbaycanlı mühəndis qayıdıb nə desə yaxşıdı?

— Hə, bax, elə məsələ də ondadı. O körpü ancaq sənəd üstündə var…

Mühəndis qardaşımız körpünün tam arxasına keçib. Əlbəttə, çox böyük mübaliğədi. Ancaq gerçəklikdən heç də uzaq deyil. Smetada nəzərdə tutulan sementin, armaturun bir ədədi, bir kisəsi belə oğurlanıbsa, ayrılan pulun yarısı körpüyə gəlib çatmamış buxarlanıbsa, o körpünü körpü saymaq olmaz.

Beləcə, bütün körpülər yandırılıb…

***

…Ekskavatorçu dayı əkin sahəsinin dövrəsinə illər qabaq çəkilmiş şor kanalın otuzca metrini təmizləyəndən sonra məni və indi tarix müəllimi olan sinif yoldaşımızı da gördüyü işlərlə tanış etmək istəyən zəhmətkeş yoldaşımızı, kiçik sahibkarı yanına səslədi. “Artıq nöyütün işığı yanıb-sönür”, — deyə xəbərdarlıq etdi. Xəbərdarlığın canı oydu ki, mənə filan qədər dizel yanacağı almalısan.

— Yaxşı, nə qədər çatarsa, o qədər işlə, sonra gedib alarıq, — yoldaşımız ekskavatorçuya dedi, arxayın saldı, sonra məsələni mənə izah elədi. Tarixçi sinif yoldaşımız zatən kəndin, təsərrüfatın, traktorçuların hər cikini-bikini bilir deyə, qımışdı, mənalı-mənalı başını buladı.

Bu texnika bir idarədən icarəyə götürülür. İşin dəyəri hesablanır, traktora görəcəyi işə uyğun miqdarda yanacaq verilir, ödəmə aparılır. Ancaq traktorçular işin bir hissəsindən sonra yanacağın bitdiyini deyir (çünki iş başına gələnəcən yanacağın xeyli hissəsini çəndən çəkib satır və ya evində saxlayır), sonra sahibkara yenidən qədərindən artıq yanacaq aldırır, onun da artığını satır. El diliylə desək, göz görə-görə oğurlayır.

Sahibkar dostumuz bundan əvvəlki traktorçunun onun başına açdığı oyundan, onun 100 litr yanacağını oğurladığından danışdı. Deyir, adama aparıb işdən sonra qonaqlıq verdim, bu tip oğurluqlardan xəbərim olduğuna görə ona belə əclaf traktorçuların olduğundan danışdım, elələrini söyüb-batırdım bununçün ki, barı bu, oğurluğa qol-qoymasın. O isə araqdan vurub, kababı dişinə çəkə-çəkə dediklərimi təsdiqlədi, özü də elələrini söydü və aldığım yanacağı çəninə töküb sabah yenidən sahəyə çıxmaq adıyla getdi, bir də gəlmədi…

Bu dəfə aldanmaq istəmirdi, ona görə budəfəki traktorçunun başını bişirib axıra kimi işlətmək üçün öz aləmində fənd gəlirdi.

Müəllim dostumuz, bir xeyli güldü, “qardaş, xeyri yoxdu, onların qarşısını almaq olmaz. Sən neynirsən elə, nə kələk qurursan-qur, başına qoydumu, onlar öz dediklərini eləyəcək, — dedi, — özünü boşuna yorub işini axsatma”.

Sonra biçilmiş taxılı sahibinin qarşısına daşıyan sürücülərin oğurluqlarından danışdı. Sən demə, onlarla da bacarmaq mümkün deyilmiş. Sürücülərin ən usta fəndi maşının yüklüyünə (kuzov) qoyduğu iki-üç ehtiyat təkərdi. Ağır tonnajlı yük maşınının təkərini təsəvvür edin. Hər birinin içi 3-4 kisə taxıl tutur. Bir neçə reysə 20 kisəyəcən “xeyrin” olur. Bu, hələ onların oğurluq vasitələrinin qarşısı alınanda əl atdıqları sonuncu yoldu…

Traktorçunu kəndə evə nahara gətirəndə bir südrəngi “Jiquli” gəlib sahənin yaxınlığında dayandı. Çox gözlədik, getmədilər. Sonra biz nahara getməyə məcbur olduq…

Naharda traktorçunun bizim sahibkarla uzaq qohum olduğu üzə çıxdı. Üstəlik günorta namazını qılandan sonra sahibkar dostumuz xeyli toxtayıb arxayınlaşdı…

Nahar vaxtı dostumuz kişiyə ondan əvvəlki traktorçunun necə vicdansız olduğundan, özündən əvvəlki traktorçunun ünvanına səsləndirdiyi söyüşləri eşidə-eşidə sonunda necə alçaqlıq etdiyindən danışdı. Traktorçumuz ah çəkib din-iman qalmadığından, adamların şərəfini itirdiyindən acı-acı şikayətləndi…

Axşam adam zəng edib işi dayandırdığını, yanacağın tükənmək üzrə olduğunu dedi. Gedib onun traktorunu qabağımıza qatıb çöldən kəndə doğru irəlilədik. Ki yanacağı bitsə, görək. Bitmədi. Gətirib kənddə saxladı. Və öz evinə, qonşu kəndə yola saldıq. Hirsindən cilov gəmirirdi. Kişini tıx kəsir, ancaq ağzını açmırdı. Mısmırığını sallayıb oturmuşdu.

Sahibkar qardaşımız bizə “Bax, gördünüz, fırıldağın qarşısını belə alarlar, dinsizin öhdəsindən imansız gələr, — dedi və xeyli qürrələndi.

Sabah eşitdim ki, sahədə traktor işə başlayandan 15 dəqiqə sonra yanacağı bitib. Dostumuz dünən tələb olunandan iki dəfə artıq yanacaq almalı olub…

Səni zavala gələsən, Merkel! Nolardı səninkilər də oğru olsaydı…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (6 оценок, среднее: 9,50 из 10)
Oxunma sayı: 135