Muəllif:

Xocalıya səmimiyyət

10 yaşım vardı. Uşaqlıqdan iflic xəstəsi olan bibim cavan yaşda haqqın rəhmətinə qovuşduğundan matəmdə idik. Rayonda bir adət var. Evində yas olan adam 40 gün televizorun üzərinə mələfə atar, özünü televizordan məhrum edərdi. 10 gün idi bizim də dünyadan xəbərimiz yox idi. Bir sözlə, başımız özümüzə qarışmışdı.

Sonradan öyrənəcəkdik ki, heç televiziya həmin vaxt baş verənləri xalqa çatdırmayıb. Amma rayonda hamının uzaqdan-yaxından hər hansı formada cəbhədən məlumatı olurdu.

Bir gün səhər yuxudan oyananda gördüm ki, nənəm şüşəbənddə yerdən oturub ayağının üstünə tas qoyub, nahara hazırlıq məqsədilə kartof soğan soyur. Diqqətlə fikir verdikdə nənəmin sakit, xısın-xısın ağladığını gördüm. Elə bildim nakam balası üçün ağlayır. Nənəmin belə ağladığını ondan əvvəl də bir neçə dəfə görmüşdüm. 1990-cı il 20 yanvar hadisələrindən sonra, 1991-ci il Qarakənd səmasında vertolyot qəzasında ölənlərin dəfn mərasimi televiziya vasitəsi ilə canlı translyasiya olunanda.

Bir qədər sonra oynamaq üçün küçəyə çıxanda qonum-qonşunun dilindən qırğın, vəhşilik, qan-qada, Xocalı sözlərini eşitdim. Ondan sonra nənəmin niyə ağladığını anladım.

Həmin həftə evimizdə adəti üzrə bibimin adına təşkil olunmuş cümə axşamında eşitdiyim ağılar, ağlaşma səsi bütün məhləni başına götürmüşdü. Bibim bəhanə idi. Sanki hamı ağlamağa yer axtarırdı. Hamı Xocalıda öldürülən millətin, ordakı bacı-qardaşların, körpələrin, qocaların faciəsinə ağlayırdı.

Xocalı faciəsi uşaq yaddaşıma bu cür və sonradan televiziya vasitəsi ilə gördüyüm dəhşətli kadrlarla hopdu.

Bu gün həmin tarixdən 26 il ötür. Nə az, nə çox, düz 26 il. Bir igid ömrü qədər. Bir gəncin çağlayan dövrü qədər. Xocalıda öldürülənlərin əksəriyyətinin yaşını çatdıra bilmədiyi rəqəm qədər. Təsəvvür edin indi o tarixdən bir gün sonra doğulan, Xocalını görməyən xocalıların 26 yaşı olacaq. Gəl indi onlara Vətən sevgisini, torpaq sevgisini anlat görüm, indi necə anlada bilirsən.

Bəs bu 26 ildə biz nə edə bildik? Deyəcəksiz ki, bütün dünyada “Xocalıya Ədalət” aksiyaları keçirilir. Bütün dünyaya Xocalı təqdim olunur. Amma sizi bilmirəm, mən bu kampaniyaların, aksiyaların bir müsbət nəticəsini görə bilmirəm. Vallah, gözlərim görür, qulaqlarım eşidir. Özüm də jurnalistəm. Yəni peşəmə uyğun olaraq bir çox proseslərlə maraqlanmaq zorundayam. Bir sözlə, keçirilən aksiyalar, aparılan kampaniyalar təqdirəlayiqdir. Amma ardıcıl olmadığı üçün effektiv deyil. Və yalnız ildə bir gün Xocalını xatırlamaq və həmin gün dünyaya tanıtmaq yetərli deyil.

26 ildə çox şey etmək olardı. Ən azından Xocalıda etdiklərini “mübarizcəsinə” etiraf etmiş hazırki Ermənistan prezidenti Serj Sarkisyanı dünyaya terrorçu, separatçı, vəhşi kimi tanıtdırmaq olardı.

Xocalıdakı hadisələri gözləri ilə görən 366-cı alayın hərbi qulluqçularını və erməni əsgərlərini tapıb danışdırmaq, danışdırtmaq, onların nəql etdiyi vəhşilikləri dünyaya çatdırmaq olardı.

Bədii, tarixi, elmi əsərlər yazdırmaq olardı.

Hollivud rejissorlarından biri ilə danışıb, vəsait xərcləyib yaxşı bir kino çəkdirmək olardı. Buna, məncə, büdcədə pul tapılar.

Dünyanın nüfuzlu televiziyalarından biri ilə danışıb, obyektiv sənədli film çəkdirmək olardı. Hadisədə iştirak etmiş həm zərərçəkən, həm də zərərverənləri tapıb danışdırmaqla.

Və bütün bunları bütün dünya ölkələrinin həm rəsmilərinə, həm də ictimaiyyətinə çatdırmaq olardı.

Və.s.

Piar belə olar.

Yoxsa, ildə bir dəfə paytaxtların mərkəzinə 5-10 nəfər toplayıb, əllərinə poster verib, “Xocalıya ədalət” qışqırtmaqla olmur bu işlər. Özü də bir dövlətin marağında olan bir məsələ bu formada başqa ölkələrə çatdırılmamalıdır.

Proqramlı, ardıcıl, məqsədli və taktiki aparılmalıdır bu məsələlər. Həm də səmimi.

Yoxsa ki, pul yemək, qazanc məqsədi ilə bütün məsələlərə yanaşan, kostyumlu-qalstuklu diaspor komitəsinin sədrləri və ya hökumət tərəfindən qarşısına qoyulmuş bir işə quş qoymaq üçün hansısa tədbirlər keçirən səfirlik rəhbərləri kimi deyil.

Səmimi!

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 520