Muəllif:

Xəyanətin qədim, unudulmuş adı…

Əvvəlcə bir kişi xəyanətinin xəbəri gəldi: qadın xəyanət edən ərinin kişiliyini kəsib…

Sonra qadın xəyanəti ilə bağlı xəbər və video! Kişinin iddia etdiyinə görə, gənc, yaraşıqlı qadını kiminləsə görüşüb, kişi bilib, ya hadisə üstündə yaxalayıb, bu anlaşılmır, qadını eşşək sudan dönənə qədər döyüb, saçını qırxıb, söyə-söyə videoya çəkib, öz psevdokişi aləmində qadından, ona tərbiyə verən valideynlərdən, onun bütün nəslindən, yeddi arxadönənindən qısas alıb, kişi eqosunu təmin edib.

Orta məktəbdə saçını bir neçə xəbərdarlıqdan sonra da kəsdirməyən oğlanların başını müəllimimiz belə qırxardı, ordan-burdan qayçılayıb tellərini ovcuna qoyar, onun kişi heysiyyatına toxunardı ki, dərs olsun. O oğlanlar da qızlardan utanıb saçını vurdurmaq üçün dərhal bərbər Nağı əminin budkasına qaçardı.

Kişinin hərəkəti haqda qəti danışmaq, ona layiq olduğu qiyməti vermək fikrində deyiləm. Sosial şəbəkələr üç gün sərasər ondan yazdı. Yenə gender savaşçıları cuşa gəldi, yenə din-iman, adət-ənənə, tərəfdarları və əlbəttə əxlaq polisi funksiyasını öz boyunlarına götürmüş kişi və qadınlar həmin o başıqırxıq qadını asdı-kəsdi, həmin o kişiciyi kölgədə qoydu. Ümumiyyətlə video və xəyanət söhbəti mənə şübhəli gəldi, qadının donuq üzü, söyülə-söyülə, videoya çəkilə-çəkilə mətbəxdə ocaqdakı xörəyə baxması, yemək hazırlığı… İnandırıcı deyildi. Amma üzündəki göylər, qırxıq baş, əzilmiş sir-sifət realdı!

Bir bənzətməni demədən də keçə bilməyəcəyəm o qadının saçıyla bağlı. Pambıq yığımında bir ifadə vardı, yanlış xatırlamıramsa, “alazan etmək”, yəni yığmağa başladığı pambıq vərindən iki lopa pambıq o koldan, bir lopa bu koldan yığanda, yəni vəri təmiz yığmayanda nəzarətçi müəllimimiz belə deyərdi: “Nədən vəri alazan edibsən? Dövlətə niyə ziyan vurursan?”

Hər iki hadisədə qanun işə düşdü, birincidə qadın nəzarətə götürüldü, ikincidə kişi axtarışa verildi. Demək, qanun daha soyuqqanlı yanaşır məsələyə. Demək, ailə xəyanətini (hətta o sübut olunubsa) nə ölümlə, nə fiziki zorakılıqla cəzalandırmaq olar. Hərçənd əsəblər qırmızı cizgini aşanda nə qanun gözdə olur, nə başqa bir qoruq-qaytaq.

Burda bir haşiyə də yerinə düşər, məncə. Xanım yazarlarımızdan biri sonuncu insidentdə hay-küy salan xanım gender müfəttişlərinə birinci hadisəni nümunə gətirmişdi: baxın, o, qadının verdiyi cəza, bu kişinin. Birincinin amansızlığını, qəddarlığını kim dana bilər?

Belə çıxır, qadınlarla nisbətdə kişilər daha humanistdir? Məncə, heç bir halda bir-iki hadisəylə məsələni ümumiləşdirmək, hökm vermək olmaz. Bütövlükdə hadisələr kişi, ya qadın xarakterini deyil, insan xarakterini üzə çıxarır. Burda gender fərqi rol oynamır. Hərçənd mən özüm də bəsit mühakimələrdə həmişə əlinə kişinin əlindəki fürsətlər düşərsə, qadının daha amansız olduğunu düşünürəm. Yüz min illərin acığı var qadının qan yaddaşında. Ana padşahlığının bitdiyi gündən bugünəcən yığışıb qalan hirs-hikkə, intiqam atəşi!

Məni bütün cahilliyi, səviyyəsizliyi ilə hətta bütün dünyada baş verən bu tip hadisələr təəccübləndirmir, bu tip şeylər olub, olacaq da dünya durduqca. Məni bu hadisədə ən kiçik bir məqam, ən xırda detal dəhşətə gətirdi. Həmin saçıqırxılan qadının baxışındakı dəhşət! O baxış tam bir romandı. İnsan tarixində bəlkə saysız-hesabsız belə baxışlar olub. Ancaq o baxış hər dəfə təzədi, ilk dəfədi, sanki ilk qadın Həvvanın ilk baxışıdı.

Bəs xəyanət adlandırılan o hadisə niyə baş verir?

Yenə bir hadisənin zəmininə enib qiymətləndirsək (bizim səhvimiz də budur, həmişə bir hadisə üstündə gəzişmələr edib səbəb axtarır, məsələlərə qlobal yox, lokal prizmadan baxırıq), çoxu elə belə də deyir: bu cür səviyyəsiz kişiyə nəinki xəyanət eləmək, lap o yana da keçmək olar. Yox, qarşı tərəfin səviyyəsi heç bir halda səninçün alibi sayıla bilməz. Sadəcə, səbəb deyilən şeyin bir zərrəsi ola bilər.

Əvvəlcə görək xəyanət deyilən şeyin əsl adı nədir, onun tarixi hara gedib çıxır və xayənət sözünün neçə yaşı var?

Hər şeydən əvvəl onun adı xəyanət deyil, eşqdir (əgər araya şəhvət –bədən eşqi girməyibsə; hərçənd eşqlərin ən ibtidaisi, ən doğalı, ən qədimi elə bədən eşqi – ehtiras, nəsil artırma instinktidir), sadəcə, mənəvi və hüquqi qanun-qaydalar onun adını xəyanət qoyub. İnsan cəmiyəti, ailə institutu formalaşmağa başladığı vaxtdan bəri də xəyanət kəlməsi yaranıb. Sədaqət və xəyanət əkiz doğulan uşaqlardır. Eşq isə insanın yaradılışı ilə yaşıddı. Birinə quşu qondumu, sürünün içindən ayrılıb ona gedəcək və eşqini cinsi aktla başa vuracaq. Neynəyəsən ki, bütün zamanlarda belə olub, belə də olacaq. Ona görə də insanlar daim ruh üzərində qələbə çalmış qanun-qaydalara tabe olmaq məcbiriyyətindədir. Ancaq qanun, hüquq, ürəksiz sənədlər toplusu deyib, əlini hirslə yelləmək də olmaz, bütün qəlbsizliyi ilə bərabər, qanunlar həmin eşqin yolunu heç də tam qapamır, əksinə, daha nizamlı şəkildə onun yollarını açır, xəta-bəladan təmizləyir. Axı sirr deyil ki, eşq hər şeydən üstün olsa da, bir ruh halıdır, nizamsızdır, xaotikdir, ağına-qarasına baxmır, gözünü yumur, insanı öz kor gözləriylə ardınca, bəzən hara gəldi sürükləyir. Demək, insan cəmiyyəti kor gedişlərindənsə, bir az ləng, ama açıq gözlə addımlamağı üstün tutur. İnsan ən azı xüsusi durumlarda, məsələn, cəmiyyətin inkişaf mərhələsinin meyvələrindən biri olan nikahlılıq durumunda o qanunlara boyun əyməyə məhkumdur!

Bəli, ailə institutunun yaranması ilə eşq qüvvədən düşür, eynən yeni təkallahlılıq dini gələndə sındırılan bütlər kimi qırılır və küfr elan olunur. Yəqin orta çağları az-çox bilənlər o zamanlar eşqin bədənə girmiş cin hesab edildiyini bilirlər. Füzulinin bir qəzəli belə başlayır:

Pəmbeyi-daği-cünun içrə nihandır bədənim,

Diri olduqca libasım budur, ölsəm, kəfənim.

Yəni bədəndəki o cini çıxarmaq üçün bədənimə o qədər dağ basılıb, yerinə pambıq tıxanıb ki, artıq o pambıqlardan bədənim tam örtülüb, yaşadıqca paltarımdı bu, ölsəm, kəfənim…

Hərçənd Füzuli, eşqi hər şeydən başa qoyur. Bir çox elmə peşəkarcasına yiyələndiyi fakt olan böyük düha “eşq imiş hər nə var aləmdə, elm bir qeylü-qal imiş” deyir, ancaq biz bu beyti də elə üstdən, sözün birbaşa mənasında həyatımıza tətbiq edə bilmərik, heç Füzuli də o üst, zahiri anlamda deməyib…

Bəzən deyirlər, filankəs ərinə (arvadına) filan səbəb üzündən xəyanət etdi, yaxud xəyanət deməsək, başqasını sevdi. Yaxşı kişinin qadını xəyanət etməz. Ancaq qanında ayağısürüşkənlik varsa, yaxşı kişiyə-zada baxmır, qadın dəmir qəfəsdə olsa belə, istədiyini edəcək.

Yox, qardaşlar, bacılar, kafirlər, hacılar! Heç kimin qanında (genində) ayağısürüşkənlik yoxdu və əksinə, bu hamımızın gen yaddaşında var, ta o ibtidai, sürü halında yaşadığımız çağın ən təbii yaşayış tərzi, instinkti kimi. İndi bu yaddaş bəzən bəzi adamlarda qəfildən oyanır, Cek Londonun bir hekayəsinin adında olduğu kimi “Əcdadların harayı” bizi öz keçmişimizə səsləyir, bizdə o çağın ruhu yuxudan oyanır və bütün qanun-qaydaları ayaq altına atıb eynən lunatiklər kimi hara getdiyini bilmədən, gedir. Nə olursa, ayılanda olur…

Biz hətta milyonluq ordu, milyardlıq əxlaq polisi dəstələri yaratsaq belə, bəzən bu əcdadların harayı qulağımızda səslənəcək, bizi yenidən o heç bir buxov tanımayan eşqə səsləyəcək. Üstəlik, o haray sənin necə təmin olunmana, varlı-hallı, mirlayrdları başından aşan vəziyyətdə, yoxsa səfillik içində yaşamağına, dəhşətli sevilib, yaxud sevgiyə-qayğıya möhtac qalmağına baxmır. Bir də görürsən, milyarderin arvadının ayağı sürüşdü getdi, bir də görürsən səfil ailəninkinin…

Mənim daha çox qadınlardan danışmağım gender vəkillərinə seksizm kimi gəlməsin. Kişilərdən ona görə çox danışmıram ki, onlarım 99 faizi bütün ömürlərini elə əjdadların harayı ilə yaşayır, çünki toplum qanunları onları qadınlara nisbətdə daha az buxovlayıb.

İnsan daim özünə can atır. İnsan insan olaraq qaldıqca xəyanət deyilən azad ruhun eşqi də daim təkrarlanacaq, hər dəfə birinin yolunu kəsəcək. Baş verəcək hadisələrin qarşısını almaq insan oğlunun əlində deyil, barı ondan sonrasında insan olaq, yenə öz ibtidai təfəkkürümüzə qayıdaq, qan tökməyək, fiziki güc tətbiq etməyək, hadisələri verək qanunların ixtiyarına.

Kişilik eqosunu (qadınlıq) yalnız hadisə baş verəndən (yaxalanma) sonra anlayan kişi hansı eqodan, hansı kişilikdən danışır? Sən səni sevməyən biriylə yaşayırsansa, sənin eqon onda tapdanır, onda! Sən hər şeyi görə-görə, yəni eşqsizliyi bilə-bilə yenə o qadınla yaşayırsansa, hətta qadının israrına baxmayaraq, onunla boşanmırsansa, o zaman sonrakına da hazır ol! Və qadın, sən səni sevməyənlə boşanmadan bir yerdə yaşayır, hətta ona xəyanət etmirsənsə belə, öyünmə, sənin o xəyanət edənlərdən heç fərqin yoxdu. Sən, sənə yad olan bir kişiylə yatağa girirsən nəticədə! Nəyə arxayınsan? O bir əlcə nikah şəhadətnaməsi adlı kağıza? O kağız ancaq dövlət idarələrində keçərlidir, onun insan ürəyi ilə, nə də əxlaqla bir əlaqəsi var. Eşqsizlik hər bir halda xəyanətdi, istəyir ayağın sürüşsün, istəyir lap moment kleyi ilə yerinə yapışsın. Sevmədiyi adamla bir yatağa girən, bir ailə içində bir kağızın hökmüylə yaşayan kişi də, qadın da hətta kənara bir millimetr addım atmasalar da, fahişə rütbəsindədir. Onda di haydı, alın əlinizə qayçını, hər gün biriniz kişilik kəsin, biriniz saç alazan edin…

Kəsəsi, onun adı xəyanət deyil, eşqdi. Qədim, unudulmuş, yasaq eşq…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (4 оценок, среднее: 9,75 из 10)
Oxunma sayı: 234