Muəllif:

Xəbərsiz qaldığımız qanlı savaş

Artıq çoxdandı dünya mediası öz aləmində həyəcan siqnalı verən məqalələr dərc edir. Canı bu: süni zəka, robotlar bir gün öz tanrısına, yəni insana savaş açacaq, onu yer üzündən siləcək.

Əslində isə bu savaş çoxdan başlayıb, insan oğlu öz məğlubiyyətinin astanasındadı. Eynən İnsan-Tanrı savaşında olduğu kimi. Əlbəttə, insanmı tanrını yaradıb, tanrımı insanı, bu, ayrı söhbətdi. Ancaq bir azsaylı, ama getdikcə artmaqda olan ateistləri çıxsaq, çoxluq bu hökmlə yaşayır: insanı allah yaradıb. Ona hər şey və üstəlik zəka verib. Tanrı prizmasından yanaşsaq, bu da süni zəkadı. İndi də biz nələrisə yaradıb, ona süni zəka vermişik. İnsan öz yaradanına (ona təbiət də deyə bilərik, evrim də) savaş açıb onu yaman günə qoyduğu kimi, bu süni zəka da insanı o günə salıb, onu insanlıq taxtından endirib, ya bir azdan endirəcək.

Dünya alimləri də şərti olaraq robot dediyimiz varlıqların insana haçansa müharibə elan edəcəyini, qanın su yerinə axacağını zərrəcə real saymır, ancaq görünməyən savaşın artıq çoxdan başladığını da danmırlar. Hələ bir də gördün, insan məchul varlıq oldu, adından başqa heç nə qalmadı, illər, bəlkə əsrlər sonra robotlar da cəbhələşdi, bir qismi dedi, İnsan var, bir qismi isə “biz evrimdən yaranmışıq”, — dedi, öz aralarında bitib-tükənməyən qanlı savaşlara başladılar…

Bax belə!

Biz isə sanki ağıllıyıq, texnologiyanı inkişaf etdirir, irəli getdikcə gedir, bütün çətinlikləri onların boynuna yükləyir, işimizi yüngülləşdirdiyimizi hesab edirik. Bu zaman öz əleyhimizə nə boyda savaş açdığımızı ağlımızdan belə keçirmirik.

Ağıl demişkən, elm adamlarının apardığı araşdırmalar insan beyninin çox sürətlə öz çəkisini itirdiyini üzə çıxarıb. Çin, Cənubi Afrika və Avstraliyada tapılan sümüklər üzərində incələmə aparılıb. Nəticələrə görə, insan beyni 5 min il əvvəllə müqayisədə 10 faiz kiçilib. Mütəxəssislər beynin sürətli dəyişilməsinin davam etdiyini bildiriblər. Genlər üzərində aparılan araşdırmalar da eyni nəticəni verib. Ortaya bir sual çıxır: nədən kromanyonlar (Kromanyon — üst paleolit adamlarının ümumiləşdirilmiş adı, müasir insanın ilk əcdadlarından. – Red.) bizdən daha ağıllı olub? Kromanyonların 1600-1800 sm2-lik beyin həcmi müasir insanın orta beyin həcmindən (qadınlarda orta hesabla 1300, kişilərdə 1450 sm2) çoxdur.

Ən maraqlı araşdırmalardan biri isə meymunların beyin həcminin getdikcə artmasıdır.

Amerikalı alim Adam Frankın rəhbərlik etdiyi astro-fiziklər qrupu insan sivilizasiyasının üç inkişaf modelini qurub. Mütəxəssislər bununla insanlığın üç inkişaf yolunu göstəriblər. Lakin bu yollardan heç biri nikbin olmağa əsas vermir. Astro-fiziklər insan populyasiyasının kəskin şəkildə artdığını, bunun da torpağın bətnini talamaqla əldə edilən resursların çoxalması nəticəsində baş verdiyinə inanırlar. Bununla da Yerin ekologiyası çirklənir, iqlim korlanır, beləliklə də insanın ümumi intellekt səviyyəsi enir. Bir gün bu resurslar tükənəcək, insan oğlu heç nəsiz qalacaq və bununla da planetin bizə verdiyi sərt cavabla qarşılaşaraq, qəfildən kəskin evolyusiya ilə üzbəüz qalacaq. Dərhal və yüz min il geriyə! Alimlərə görə, XX əsrin texniki inkişafı sabah planetimizdə baş verəcək güclü təbii fəlakətlərin heç birinin qarşısını almaq gücündə deyil.

İnsan oğlu texniki inkişafla ilk zərbəni beyninə vurub. Beynimiz artıq hər şeyin hazırına nazir olur. Onun imkanlarından getdikcə az istifadə edir, getdikcə onun fəaliyyətini məhdudlaşdıraraq kiçilməsinə səbəb oluruq. Telefon nömrələrini telefonun yaddaşından, hansısa bilgiləri hazır şəkildə internetdən, aradığımız ünvanı naviqasiya proqramlarından alırıq. Məişətdə hər şeyi bizim əvəzimizə görən icadlar var. Hətta sevdiyimiz insana hislərimizi belə artıq sözə gərək duymadan smaylların vasitəsilə çatdırırıq. Beyin getdikcə elə də gərəkli olmayan, heyvanlara bəs edəcək dərəcədə funksional olan bir orqana çevrilir, istifadəsizlikdən öz gücünü, intellekt səviyyəsini itirir. Resursların çoxluğu, ac qalmamaq arxayınlığı bizi baş işlətməkdən saxlayır. Kromanyonlarsa sağ qalmaq üçün daim beyin işlətməyə məcbur idi və bugünkü təcrübələr onu da göstərir ki, artıq meymunlar qafalarını çalışdırmağa başlayır, beyinlərini, metaforik olaraq desək, intellektlərini artırmağa nail olurlar.

Biz hətta o qədər passivləşmişik ki, azadlığımızı belə kiminsə alıb bizə hazır şəkildə verəcəyini düşünürük.

Sosial-maddi sferada da eyni tənbəllik! Çoxumuzun saxta sosial yardımlar, əlillik pensiyaları əldə etməyimiz də buna nümunədir. Əslində, gülməli görünən şey ağlamalıdır – biz gerçəkdən bir-bir əlilə çevrilir, yaxud çevrilməyə zorlanırıq. Burda da baş sındırmağa gərək hiss etmirik, bunu rüşvətlə iş görənlər bizim yerimizə düşünüb: saxta tibbi sənəd düzəlt, az da olsa üç-beş manatı havadan əldə elə, sadəcə, sağ qal, yaxud da eləcə sürün. Ama sağ qal. Desinlər, kişi yaşayır! Dövlətdən heç nə tələb etmədən, öz əlini ağdan-qaraya vurmadan hər şeyi dövlətin üstünə atmaq, oturub qəpik-qəpik artan təqaüdlərə umud olmağımız da elə budur!

Başımızı işlədək, dostlar, başımızı. O da qalıbsa…

Bizim durumu ancaq Təbrizin məşhur imam-cüməsi Məlakutinin İraq savaşına könüllülər toplanarkən dediyi sözlərlə ifadə etmək olar: “Camaat, gəlin yığışaq, gedin İraqla savaşa…”

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (5 оценок, среднее: 8,80 из 10)
Oxunma sayı: 244