Muəllif:

Üç itkin vətəndaş

2017-ci ilin sonunu isə üç alpinistimizdən xəbər gözləyə-gözləyə keçirdik. Dekabrın 24-dən itkin düşən üç gəncdən xəbər gözləyirdik.

Hələ də gözləyirik.

Artıq neçənci dəfədir il sonlarını kədərlə başa vururuq. Məsuliyyəsizlik ücbatından.

2015-ci ilin dekabrında Günəşli yatağında baş verən faciənin qurbanlarını və onların ailələrini düşünüb kədərlənirdik.

Hadisələrin vaxtı kimi baş vermə səbəbi də oxşardır. Əslində, rəsmi açıqlamalarda səbəb kimi hava şəraiti göstərilsə də, bunun bir adı var: qurumların məsuliyyətsizliyi.

Günəşli yatağındakı faciədə ilkin məlumatlarda hava şəraiti, təbii fəlakət, qasırğa günahkar göstərilirdi. Bir növ günah keçisi kimi havanı, təbiəti günahlandıraraq məsuliyyəti öz üzərindən atmaqdı bu. Amma soruşan olmayacaqdı ki, havanın belə keçəcəyi əvvəlcədən rəsmi proqnozlardakı məlumatlarda göstərilmişdisə, niyə öncədən ehtiyat və təhlükəsizlik tədbirləri görülməmişdi? Soruşan olmadı da.

İndi də eyni vəziyyət. Üç alpinist dağa çıxmamışdan öncə niyə onlara hava şəraiti ilə əlaqədar xəbərdarlıq edilməmışdı? Nə üçün onlara dağa qalxmağa icazə verilmişdi? Bu suallar açıq qalsa da, ortada acı bir həqiqət var. İndi həmin o üç vətəndaş itkindir. Niyə tapılmır? Niyə tapa bilmirsiz?

Bakının mərkəzində medianı ora töküb təlimlər keçirməklə deyil ki. Bu və bundan əvvəki yaşanmış faciələr göstərdi ki, rəsmi qurumların heç biri, xüsusən də bu kimi hadisələrin nəticələrinin aradan qaldırılmasına məsul olan Fövqəladə Hallar Nazirliyi özü fövqəladə hadisələrə hazır deyil.

Günəşli yatağındakı faciədə də, Bakının mərkəzindəki bina yanğını zamanı da, indi üç alpinistimizin düşdüyü vəziyyətdə də biz bunun şahidi olduq.

Əgər hazır olmuş olsaydıq, bundan əvvəlki faciələrdə qurbanların sayı iki dəfə az olardı. Doğrudur, ağır və çətin işdir. Ekstrim peşədir. Amma orda işləmək iş planı doldurmaq və ya maaş almaqla bitmir. İşin məsuliyyətini anlamaq lazımdır. Peşəkarlıq lazımdır. Bir də yazıram: peşəkarlıq.

Amma əslində bizimkilər bir məsələdə daha çox peşəkardırlar. Məsuliyyəti öz böyunlarından atmaqda onlara çatan olmaz. Son günlərin açıqlamalarında bu aydın görünür. Bir nazirlik o birisini, o birisi bu birini ittiham etməklə məsuliyyəti öz boynundan atmaq istəyir. Öz səriştəsizliyini başqasına yükləməyə çalışır. Günah keçisi axtarır.

İtkin düşən üç gəncdənsə hələ də xəbər yoxdur.

Rəsmilərə bağlı media orqanları da üç gəncin aqibəti ilə bağlı, onların axtarışları ilə bağlı məlumatları qorxa-qorxa, xəsisliklə verirlər. Üç vətəndaşından xəbər gözləyən insanları məlumatsız qoyurlar. Fikir yayındırmağa çalışırlar.

Cəmiyyət olaraq özümüzdə də az yoxdur. Sosial şəbəkələrdə yazılanları oxuyanda adam dəhşətə gəlir ki, görəsən bu insanlar nə yeyib, nə içirlər?

Kimi yazır ki, qız uşağının dağda yad oğlanlarla nə işi var? (Gənclərdən biri xanımdır.) Oturub evində biş-düş edə bilmirdimi?

Kimi yazır ki, ümumiyyətlə onların işi-gücü yoxdurmu ilin günün bu vaxtında dağa çıxırlar? Bu sual qarşısında acizəm. Adamlar anlamaq istəmir ki, alpinistin işi dağa çıxmaqdır.

Və maraqlı müzakirələr son günlərdə başlayıb. Kimsə yalan-doğru ortalığa bir xəbər atıb ki, həmin gənclər prezident İlham Əliyevin ad günü münasibəti ilə zirvəyə onun portretini asmaq üçün dağa qalxıblarmış. Bu xəbər çıxandan sonra o gənclərdən nigaran olduqları barədə durmadan yazan bəzi insanlar, demək olar, daha bu barədə yazmırlar. Bu xəbərin nə dərəcədə doğru olub-olmadığını deyə bilmərəm. Doğru olsa nə olacaq ki? Əsas məsələ siyasi düşüncəsindən asılı olmayaraq üç vətəndaşın itkin düşməsi deyilmi, ay demokratlar? Məsələ üç gəncin həyatı deyilmi? Məsələ həmin o gənclərin siyasi düşüncəsindən asılı olmayaraq hələ də tapılmaması deyilmi?

Deməyə, yazmağa söz bu qədərdir. İndi qalır yenə ümidlə gözləmək. Gözləyək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 217