Muəllif:

Tesladan Maska, Maskdan Azərbaycana düşüncə yolçuluğu


Sən heç arzularının arxasınca getmisən? Arzuların arxasınca getməyin zövqü bir başqadır, çünki heç bitməyəcək qədər həyat enerjilidir. Həm də, bu arzular bəşəriyyətin rifahına, insanlığın, mənəviyyatın, düşüncənin inkişafına xidmət edirsə. Bir gün orta təhsilini bitirirsən, için həyəcan dolu- arzularının, xəyallarının, təsəvvürlərinin verdiyi həyəcanla. Bir-neçə əşya və paltarını kiçik bir çantaya yığırsan, evdəkilərlə sağollaşıb arzularının arxasınca gedirsən. Hər hansı bir ali məktəbin, yaxud da müəssisənin dəhlizlərində arzularına gedən cığırları axtarırsan. İllər keçir və arzuların bu cığırlardan yollara doğru irəliləyir, sən də bu yolların ardınca daha böyük bir çanta ilə başqa bir şəhərə gedirsən, sonra daha başqa bir ölkəyə. Nəhayət bir gün arzularının arxasınca başqa planetlərə getmək istəyirsən, lakin çanta ilə deyil, bu dəfə sənə kosmik raket lazım olacaq. Əvvəlcə o raketlərlə arzularını göndərirsən, yəqin ki, bir gün də arzularının ardınca özün getməli olacaqsan. Sizcə bunu hamı bacarar? Məncə yox, amma bunu bacaran biri var — İlon Mask. O, artıq bu mərhələləri keçib və sonuncu mərhələdədir. Ola bilsin ki, nə vaxtsa arzusuna çatacaq, lakin bu da son olmayacaq, çünki arzuları orada da dayanmayacaq, bəlkə də qalaktikamızı tərk etməli olacaq, niyə də olmasın?

Əziz oxucu, sənin fikrincə o bunu necə bacarır? Öz fikrini dəqiqləşdir və sonra mənim yazdığımı oxu. Burada isə ikinci sualı verəcəm:”Sənə, arzularının arxasınca getməyə nə kömək edib?”.

Niyə məhz Tesla…

Mən də arzularımın arxasınca getmişəm və getməkdəyəm, ona görə də bilirəm ki, özgüvən və cəsarət məni arzularıma aparır. Bu yollar heç də asan yollar deyil, səni axmaq da hesab edirlər, hətta dəli də. Amma sən varsan, yaşayırsan və cəsarətinlə dünyanı fəth edirsən, ən azından belə düşünürsən. Lakin Maskın cəsarəti ona dünyaya meydan oxumaq üçün lazım deyil. Niyə? Gəlin birlikdə araşdıraq. Mask öz şirkətinin adını niyə Tesla qoyub, heç düşünmüsünüz? Mənə belə gəlir ki, dünya üzrə cəsarət nümunəsi sayılacaq insanlardan biri də Tesladır, bəli Nikola Tesla, alternativ enerji mənbəyi yaradaraq dünyaya pulsuz elektrik enerjisi verməyi planlaşdıran adam. Ona da bir çox ideyalarına görə dəli deyirdilər. Amma onun pulu yox idi, ona görə də lazım olan insanları ətrafına yığa bilmədi. Mask isə əvvəlcə pul qazandı və sonra arzularının ardınca getdi. Görünür Mask, Teslanın, bu cəsarət və xeyirxahlıq nümunəsi olan bir insanın, yaddaşlarda yaşamaq haqqının daha çox olduğunu düşünüb, ona görə də öz şirkətinə, özü də alternativ enerji ilə çalışan elektromobil şirkətinə, bu dahi insanın adını verib. Buna sadəcə “əhsən!” deyirəm.

Özü də unutmayaq ki, İlon Mask da dünyanı pulsuz internetlə təmin etməyi düşünür, bu isə həmin ideyanın davamıdır. Deməli Mask dünyaya meydan oxumağa yox, insanlara faydalı olmağa çalışır. Pullarını hamı üçün xərcləməyi isə ona qəribə baxışlar qazandırır, bir də onu anlayanların heyranlığını.

İlon Maska rəğbətimi daha da artıran isə onun Atatürkə olan münasibəti oldu. Əslində öz bacarığı və cəsarəti ilə insanlıq nümunəsi olan Atatürk də Maskın maraq dairəsində olmalı idi və çox sevindiricidir ki, var, özü də çox sayqı və ehtiramla. Atatürk də öz cəsarəti ilə türk insanına yeni bir dünya yaratdı, onları əsarətdən, işğaldan qorudu və türk insanına özünə güvənməyi, inanmağı və cəsarətli olmağı öyrətdi.
Cəsarət çox dəyərli bir keyfiyyətdir, həm də səni başqalarından fərqləndirən bir keyfiyyət. Sən insanlara kömək etmək istəyirsən, bəzənsə onlar səni anlamır…

Bizim ölkə üçün cəsarətli olmağın dərəcələri başqadır. Çoxlu pul qazanmaq olmur, ona görə də özün üçün raket düzəltmək ideyası hələ ki, bizlik deyil. Maddi olan heç bir qeyri-adiliyə imza ata bilməssən. Lakin buna ümid etmək də cəsarət istəyir və sən mənəvi dəyərlərinlə cəsarətini qidalandıra bilərsən. Təbii ki, bizdə belə hallar insanlara daha təəccüblü gəlir. Məsələn, insanlara dəyər vermək və bunu onlara hiss etdirmək cəsarəti…İş yerində haqsızlıqla üzləşəndə oranı tərk edib hər şeyi sıfırdan başlamaq cəsarəti….Feysbukda cəsarətli insanları tapmaq və onlarla yaxşı cəmiyyət yaratmağın xəyallarını qurmaq cəsarəti…Uşaqlara düşünməyi aşılayan müəllim olmaq cəsarəti, hansısa sayta məqalə göndərib nə vaxtsa çıxacağına və nəzərdə tutduğun hədəflərə çatacağına ümid etmək və sair cəsarəti…

İlon Mask qədər olmasa da bizim də özümüzə görə cəsarətimiz vardır və təəssüf ki, bunu da hər adam bacarmır. Azərbaycanda İlon Maskı ən çox təbliğ edən isə hörmətli İbrahim Nəbioğludur. Hətta Mask haqqında yazılan kitabı çox qısa bir zamanda Azərbaycan türkcəsinə tərcümə etdi və bizlərə təqdim elədi. Bu da özlüyündə çox cəsarətli bir addım idi, çünki çəkilən əziyyətin və xərcin qarşılığı müqayisə olunmayacaq qədər yetərsizdir. Amma bu fəaliyyət da cəsarət nümunəsidir, ən azı yaxşı cəmiyyətə doğru. İlon Maskın Teslanı, Atatürkü özü və dünya üçün cəsarət nümunəsi saymağı, bəşəriyyətə faydalı ola bilmək bacarıqlarına inandığı və heyran olduğu dahilər hesab etməiyi gün kimi aydındır. Biz də Maska inanmalı və gəncləri inandırmağı bacarmalıyıq. Bir də ki, cəsarətli olmaq çoxlu pulu olmaq və ya kosmosa raket göndərmək deyil, həm də pul qazanana və kosmosa çatana qədər sənə inanan, dəyər verən və sənin dəyər verdiyin insanların yanında olmasıdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 9,50 из 10)
Oxunma sayı: 1383