Muəllif:

TƏBRİZ NİYƏ QALXMADI?..

Böyük sosial təlatümlər — qiyam və inqilablar böyük nəğmələrini də yaradıblar. Uzağa niyə gedək, “Marselyeza” da, hətta “İnternasional” da beləcə yaranıb.

İranda dekabrın lap son günlərində başlayan və yanvarın ilk günlərinədək seyrək şəkildə davam edən etiraz aklsiyalarını hansı musiqinin müşayiət etdiyini, etirazçıları hansı melodiyaların ruhlandırdığını bilmirik. Amma bu hadisələr də yadımıza bir lirik rus – sovet mahnısının sözlərini saldı: “Təbiətdə pis hava olmur…” …

Görünür, siyasətdə də belədir; siyasət üçün də pis, əlverişsiz hava olmur.Yoxsa kim inanardı ki, soyuq dekabr günlərində İran şəhərlərinin küçələrini etirazlar bürüyəcək, İran rejiminin opponentləri bundan sevinəcək, mollalarsa təşvişə düşəcəklər! Amma yaddaşımızı bir az qurdalasaq, görərik ki, başqa ölkələrdə də belə hallar olub. Məsələn, elə Ukraynadakı ikinci Maydan kimin yadından çıxa bilər?

Artıq etirazlar səngiyib, hökumət vəziyyətin tamam nəzarətə götürüldüyünü də bildirib. İndi hər şey standart ssenari üzrə davam edir.

Bəli, istənilən böyük sosial-siyasi etirazın iki fərqli sifəti var; qalib gələndə ona inqilab deyir və vəsf edirlər, uğursuzluğa düçar olanda isə qiyam adlandırır, xarici və yerli havadarlarını axtarır və etitazçıları təqib etməyə başlayırlar.

Öncə elə yerli havadarlardan başlayaq. Tamam spontan etirazlar olmur, hələ akademik A.L.Çijevskidən başlayaraq sosial etirazları da təbii proseslərlə, Günəşdəki və Aydakı kosmik olaylarla, hətta münəccimlərimizin dediyi kimi, ulduz bürclərinin düzülüşü ilə yozmaq meyli olsa da, siyasi mollalar o qədər sadəlövh adam deyillər, hərçənd ki, elə özləri də yüz illərdir ki, adi xəstəlikdən tutmuş tale məsələlərinə qədər çox məsələləri “Kitab açmaqla”, “istixarə etməklə”, dua yazmaqla və “cadu sındırmaqla” həll edirlər. Amma bütün bunlar adi insanlar, necə deyərlər, “qara kütlə” üçündür. Özlərinə gəldikdə yəqin, gözəl dərk edirlər ki, kimsə Xamneyi həzrətlərinə cadu etməyibdir, kimsə Ruhani cənablarının dilini-ağzını bağlamağa cəhd etməyibdi, bütün bu olayların arxasında konkret şəxslər və hətta ölkələr dayanıbdır…

“Ölkə məsələsi”ndə mollalar aciz deyil, bunun üçün heç “Kitab açmağa”, istixarə etməyə ehtiyac yoxdur. İranda külək istiqamətini dəyişəndə, yağış bir az güclü yağanda, hətta arvad-uşaq belə sözə qulaq asmayanda bunu dərhal ABŞ və İsraillə bağlayırlar, amerikan-sionist sövdələşməsi kimi yozurlar.

Yox, biz də qəti demirik ki, belə deyil və yaxud da prinsipcə, belə ola bilməz. Ona görə ki, nə ABŞ, nə də İsrail heç bir vaxt İran rejiminə qarşı münasibətini gizlətməyib. Elə etirazlar vüsət alanda da İsrail siyasətçiləri emosiyalarını cilovlaya bilsə də, ABŞ prezidenti və vitse-prezidenti buna qətiyyən ehtiyac duymadı, açıq və aşkar şəkildə etirazçılara siyasi dəstək verdilər.

Üstəlik, “İran qışı”na qədər “ərəb baharları” da olmuşdu ki, elə onlara münasibətdə də ABŞ siyasətçiləri kənar mövqe tutmamış və hətta özləri də dəfələrlə bildirmişlər ki, bunların hamısı onların işidir, sadəcə, onlar bu olayları xoş niyyətlə etmişdi, amma təəssüf, istədikləri kimi alınmadı. Düşünürük, bu konteksdə B.Obamanın açıqlamalarını xatırlamaq yetər.

Ona görə də biz də “geosiyasi nüans”ları kənara atmaq niyyətində deyilik. Üstəlik, geosiyasət elm kimi 100-150 il bundan əvvəl yaransa da, onun qanunları həmişə olub, necə ki, İ.Nyuton cazibə qanunu kəşf edənə qədər də Kainatda cisimlər biri-birini cəzb ediridi, N.Kopernikin kəşfinə qədər də, hətta K.Ptolemeyin vaxtında da Günəş planetlərin yox, əksinə planetlər Günəşin ətrafına dolanırdı…

Siyasətin də, geosiyasətin də qanunları belədir. Lap əvvəlləri bilmirik, elə “günümüzün qəhrəmanı” ABŞ özü İstiqlaliyyət savaşı apararkən də geosiyasət öz işində idi və çox hörmətli insan olan Jülber Lafayet də bu qanunlardan faydalanaraq amerikalı istiqlalçılara, Yeni Dünyanın hürr və özgürlük qazanmasına böyük yardımlar edirdi.

Ona görə də heç kim “geosiyasi nüanslar”ı istisna etmir. Amma daha çox onun tərəfdarıyıq ki, ilk növbədə daxili motivləri görmək lazımdır, o səbəbdən ki, qeyri-azad ölkələrin cəmiyyətləri həmişə bir barıt çəlləyinə bənzəyir. Belə ölkələrin liderləri kənardan atılan kibrit dənəsini görürlər, ona reaksiya verirlər, amma içəridəki çəlləyi görmürlər…

Bu aspektdən yanaşanda İranda etirazların baş qaldırması üçün bütün zəminlər var: mollalar qırx ildir ölkəni orta əsr qaydaları ilə idarə edir və dediklərindən dönmür, insanların azadlıqlarını məhdudlaşdırırlar. Ölkə çox böyük resurslara malik olsa da, böyük hərbi xərclər, böyük geosiyasi ambisiyalar ucbatından, “İran təcrübəsi”ni başqa ölkələrə yaymaq üçün sərf olunan məsrəflərə görə ciddi sosial problemlər yaşanır, on illərdir ki, davam edən siyasi və iqtisadi sanksiyalar bilavasitə insanların rifahına təsir edir, onların sosial durumunu bir az da ağırlaşdırır — bəli, kasıb və işsizlərin sayı günbəgün artır, cəmiyyətdə sosial qütbləşmə böyüyür.

Ən əsası da bu siyasətin sonu görünmür — “nüvə silahı” ideyası mollaların ağlını o qədər çaşdırıb ki, onlar başqa bir şey görmürlər.

Elə bu səbəbdən də İranda böyük etirazlar olmalı idi və hələ bundan sonra da olacaq. O ki qaldı “daxili havadar”lara, etirazların arxasındakı böyük siyasi fiqurlara, məsələn, bu yaxınlarda bildirildi ki, keçmiş prezident M.Əhmədinejad saxlanılıb. Amma sonradan bir çox KİV-lər, xüsusən də bəzi Türkiyə kanalları bunu təkzib etdi. Fəqət, əvvəldən də belə fikirlər vardı ki, etirazların arxasında iranlı mühafizəkarların özləri dayanıblar və məqsədləri də H.Ruhanini devirməkdir.

Təbii ki, mühafizəkar M.Əhmədinejadın həbsi haqda hətta təsdiqlənməmiş xəbər də bu ehtimalları bir az da gücləndirdi. Amma unutmaq lazım deyil ki, həmin mühafizəkarlar özləri sabiq prezidenti sonuncu seçkiyə buraxmamışdılar.

Üstəlik, kimsə üçün sirr deyil ki, mühafizəkarlar İranda ən güclü siyasi cinahdır — bəli, insanlar daha mülayim, hətta liberal siyasətçilərə səs verə bilər, amma həmin liberalları da cəmiyyətə mühafizəkarlar təqdim edir…

Həm də “siyasi güc” anlayışı da qeyri-demokratik ölkələrdə fərqli çalarlar kəsb etməyə başlayır. Belə ölkələrdə “syasi güc”ün formalaşmasında bilavasitə cəmiyyətin dəstəyi yox, tamamilə fərqli amillər rol oynayır, çünki xalqın dəstəyinə söykənən, “legitim diktaturalar” olmur. Bütün qeyri-azad ölkələrdəki rejimlər sanki “daxili işğalçı”lar kimidir, onların sərəncamında cəmiyyətin səsindən və dəstəyindən daha təsirli vasitələr olur…

Ona görə də iranlı mühafizəkarlar Ruhanini devirmək istəsəydilər, bunu çox asanlıqla edərdilər. Hər halda, bizə belə gəlir…

Ola bilsin, bir müddət keçəndən sonra yeni təfərrüatlar da meydana çıxacaq. Amma etirazların indiki halda sönməsinin bir səbəbi də odur ki, böyük şəhərlərdən — Tehrandan və Təbrizdən dəstək gələmədi. Təbrizi ona görə xüsusi qeyd edirik ki, iranlılar özləri daim deyirlər ki, bu şəhər ayağa qalxmayınca İranda heç bir dəyişiklik ola bilməz!

Düzdür, illər öncə bir cənubludan eşitdiyimiz bu sözlərin nə dərəcədə həqiqəti əks etdirdiyini bilmırik, amma İranın ötən yüzillikdəki tarixi də göstərir ki, Təbriz bu ölkədəki proseslərdə həmişə aparıcı rol oynayıb. Gəl, bu dəfə Təbrizdən soraq gəlmədi və cənublu azərbaycanlılar faktiki olaraq etirazlara dəstək vermədilər.

Prezident R.T.Ərdoğanın da H.Ruhaniyə siyasi dəstək verməsinin müəyyən sabitləşdirici rolu oldu. Elə buna görə də arada belə fikirlər dolaşmağa başladı ki, türklər növbəti dəfə fars dövlətini xilas etdilər…

Nə demək olar? Bəli, biz türklər başqaları üçün çalışmaqda mahirik. Amma böyük ehtimalla burada da “ərəb ssenariləri”nin uğursuzluğunu önə çəkmək gərəkir; insanlar güman ki, bundan ehtiyat edirlər…

Fəqət, düşünürük ki, iranlıların siyasi təcrübəsi, demokratik vərdişlərə yiyələnmək qabiliyyəti ərəb cəmiyyətlərindən qat-qat üstün olmalıdı. Bu detalı ona görə qeyd edirik ki, “ərəb ssenariləri”nin uğursuzluğunun əsas səbəblərindən biri də oradakı cəmiyyətlərin yetkin olmaması, özünütəşkil və özünüidarə potensialının çox aşağı bir səviyyədə olması ilə bağlı idi.

İran cəmiyyəti daha yetkin cəmiyyətdir. Güman ki, qırx illik molla rejimi onların teokratik və ya klerikal sistemlərə münasibətini xeyli bir dərəcədə cilalayıb. Amma Z.Freydin bir sözü var ki, uşağın davranışı uşaqlıqdakı təcrübəsindən asılı olur.

Ona görə də qırx illik teokratik idarəçilik təcrübəsi bütün hallarda tamam izsiz də itə bilməz, bir müddət öz “möhür”ünü hiss etdirməlidir. Necə ki, rusların çox məşhur bir məsəli vardı:“Keçmiş sovet məkanında hansı partiyanı yaradırsansa yarat, axırda kommunist partiyası olacaq!”..

Burada çox maraqlı bir detalı qeyd etmək istərdik. İrandakı etirazlara bizim Azərbaycandan da reaksiyalar oldu — bir neçə “siyasət adamımız” müsahibələr verdilər. Amma nə məlum oldu? Bəlli oldu ki, sən demə, İran azərbaycanlılarının heç vaxt milli azadlıq hərəkatı olmayıb, onlar hər vaxt İranın bütövlüyü naminə çarpışıblar!

Həmin adamların hamısı ölkənin eyni regionunun təmsilçiləri idi. Onlar niyə belə deyir və məqsədləri nə idi — biz bunun səbəbini bilirik və bir az düşünsəniz, siz də taparsınız. Bəli, bir vaxt böyük və ya bütöv Azərbaycan sevdası ilə “yaşayan”lara, indi kiçik bir Şimal Azərbaycanı daha çox sərf edir…

Buna rəğmən yazını yenə də nikbin notlarla bitirmək istəyirik. Bəli, bu dəfə də İranda sosial etirazlar məqsədinə çata bilmədi, molla rejimi daha bir müddətə özünü hifz etməyi bacardı.

İndi İran daha çox siyasi həbslərlə və təqiblərlə gündəmə gələcək. Amma ümid edirik, İran hakimiyyəti hər bir halda fərqindədir ki, böyük miqyaslı repressiyalar yenidən çox böyük miqyaslı etirazların triqqeri ola bilər. Bəlkə də onların bunu nəzərə almasının nəticəsidir ki, artıq saxlanılanların böyük hissəsinin girov müqabilində sərbəst buraxıldığı deyilir.

Qərəz, daha bir ölkədə, özü də ki, müsəlman ölkəsində insanlar hakimiyyətə “yox” deməyə cəhd etdilər. Düzdür, alınmadı. Amma qəm yeməyə də dəyməz — həyat ekzistensial mahiyyətlidir. Bilirsiniz, burada yadıma nə düşür? Kamyunun “Sizif”i! Bəli, Sizif hər dəfə kürəyini daşın altına verəndə və Dağa istiqamət götürəndə böyüyür…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 160