Muəllif:

STELLA YEFİMOVNA

(Avstriya Gündəliyi – 1)

 Almaniya sərhəddindən cəmi 5 km məsafədə yerləşir Zalsburq. Bu gözəl şəhər Vyana, Graz və Linzdən sonra Avstriyanın 4-cü şəhəridir. Ancaq Avstriya deyəndə hər kəsin ağlına iki şəhər gəlir – Vyana və Zalsburq. Zalsburq inzibati olaraq Avstriyaya bağlı olsa da adət və ənənələri, şvab ləhcəsi və ən əsası da tarixi, mədəniyyəti ilə əməlli-başlı Bavariya şəhəridir. Elə Tirol əyalətinin əhalisi də istər Zalsburq olsun, istərsə də İnsburq, özlərini Vyanadan çox Bavariyaya yaxın hiss edirlər. Zatən Zalsburgdan Mühhen cəmi 145 km, Vyana isə 300 km uzaqdadır.

Münhendən çıxanda saata baxmışdım, qatar Zalsburqa düz saat yarıma çatdı. Avtobus, metro, tramvay və trolleybus üçün istifadə etdiyimiz “Bayern Ticket”lə (Bavariya bileti) başqa ölkəyə də getmək mümkünmüş. Son üç gündə piyada 80 km yol qət etdiyimizdən tempimizi qorumaq üçün qatarda dincəlməyi düşünürdük. Özümüzü zorla Alman dəmir yollarına aid sürət qatarının ikinci mərtəbəsinə atırıq. Qatar Avstriya sərhəddinə doğru şütüyərkən mən də qeydlərimi kompüterə köçürürəm.

Almaniya-Avstriya sərhəddini Azərbaycan-İran sərhəddinə bənzədirəm. Bu sərhəd o qədər nisbi və o qədər sünidir ki, sanki onu aşanda bir ölkədən başqasına deyil, evin içindəki bir otaqdan başqasına keçirsən. Elə qatarın sərhəddi keçdiyini də hiss etmədik. Zalsburq vağzalına çatanda artıq Avstriyada olduğumuzu anladıq. Zaltsax çayının sahilləri ilə Alp dağlarının ətəklərindəki bu qədim şəhər bizi günəşli bir hava ilə qarşıladı.

* * *

Uşağı musiqi məktəbinə adətən 6-8 yaşında qoyurlar. Məni isə anam 12 yaşında göndərdi, özü də zorla. İlk başda heç həvəsli deyildim, solfedjiolar, qammalar sıxıcı və ruhsuz gəlirdilər mənə. Orta məktəbdən gələn kimi dostlarım dincəlir, həyətə düşüb futbol oynayanda mən not dəftərlərimi götürüb o vaxtkı 26-lar bağının yanındakı musiqi məktəbinə gedirdim. Həftədə 3 gün fərdi dərslər, həftəsonu isə 10-15 nəfərlik sinifdə “Muzliteratura” (Musiqi ədəbiyyatı, əslində isə doğrusu musiqi tarixidir) dərslərinə girirdim. “Muzliteratura” ən sevdiyim dərsdi – həm musiqi tarixi maraqlı gəlirdi mənə, həm də müəlliməm Stella Yefimovna K. Elə bilirdim ki, dünyaya ondan gözəl müəllimə gəlməyib. Bizdən cəmi 10-12 yaş böyük olardı, Kiyevdə bir yəhudi ailəsində doğulmuşdu, sonra tale onu valideynlərilə Bakıya gətirib çıxarmışdı. Asəf Zeynallı adına musiqi məktəbindən məzun olmuşdu.

Sovet təhsil sisteminin mənfur ideoloji və milliyyətçi yanaşması özünü musiqi məktəblərində də göstərirdi. Görkəmli xarici musiqiçilər ola-ola özlərinin orta dərəcəli bəstəkarlarını təbliğ edir, səhnəyə onların əsərlərini çıxarırdılar. Ancaq Stella Yefimovna bizə Stravinski, Maler, Gerşvin, Britten, Şönberq kimi bəstəkarları da tanıtdırır, “Bu adları hafizənizdə tutun, bir gün mütləq onları daha yaxşı biləcək və sevəcəksiniz” deyirdi.

“Muzliteratura” dərsləri bazar günləri səhər 10-da başlayırdı. Orta məktəb yoldaşlarım bazar günü (bizim dövrdə təhsil həftədə 6 gündü) günortaya qədər buğlana-buğlana yatanda, mən dərsə gedirdim. Qetraydeqasse, № 9”  adresindəki ev haqda da ilk dəfə o dərslərdə eşitmişdim. Stella Yefimovna qəmbər daşlı o küçəni, oradakı binanı elə təsvir edir, elə sevgilə danışırdı ki, sanki o tarixi binada Volfqanq Amadey Motsart yox, onun özü doğulmuşdu.

* * *

Mərkəzi vağzal (alm. Salzburg Hauptbahnhof) qalacağımız otel kimi Zaltsaxın sağ sahilindədir. Otelə yerləşib “9 №-li bina” bağlanmadan muzeyə yetişməliyik. Ancaq mən vağzal meydanının ortasında dayanıb, qarşımdakı gözəl bir mənzərəni seyr edirəm  – küçənin bir tərəfində tramvay, o birində isə trolleybus dayanıb. Səyahət çantamı buraxıb telefonla şəkil çəkirəm. Tramvay və trolleybuslar uşaqlıq və gənclik illərimin simvollarıdır, onlar həm də çağdaş insanın yaratdığı ən rahat, ən etibarlı nəqliyyat vasitələrdir. Zalsburqda metro yoxdur, relyefi uyğun deyil, ancaq mükəmməl avtobus, tramvay və trolleybus xətləri var. Şəhər əhalisinin 20 faizi isə nəqliyyat vasitəsi kimi velosipeddən istifadə edir.

Hava çox istidir, inanmaq olmur ki, yayda belə qızmar günəşi olan Zalsburq Avropanın ən tanınmış dağ-xizək mərkəzlərindən biridir. Yanvar-fevral aylarında burada havanın orta temperaturu mənfi 10  dərəcədir. Otelimizə çatana qədər yolüstü Mirabel Sarayının (alm. Schloss Mirabell) yanındakı kafedə “yorğunluq qəhvəsi”  içirik. Sarayın girişindəki parkda ərəblərin əlindən iynə atsan, yerə düşməz. O gözəlim parkın hovuzlarına ayaqlarını soxub sərinləyən kim, uşaqlarını suya basıb çimizdirən kim. Elə bil Avropanın göbəyində yox, Bağdadın ”El Tayyaran Meydanı”ndasan. Mənim bir az diksinmiş, bir az da təəccüblü baxışlarımı görən kafenin sahibi “Sarayı gəzmək istəyirsinizsə, səhər erkəndən gəlin” deyir…

* * *

Əşyalarımızı otelə yerləşdirib əlimizdəki xəritə ilə piyada Qetraydeqasse, 9 (alm. Getreidegasse) adresinə gəlirirk. Bura dahi Motsartın 1756-cı ildə doğulduğu evdir. Ön cəbhəsi sarı rəngli beşmərtəbəli binanın üzərinə qızılı hərflərlə “Mozarts Geburtshaus”, yəni “Motsartın doğulduğu ev” yazılıb. Binadakı otaqlar o dövrə uyğun olaraq restavrasiya edilib və bu gün bu tarixi binada dünyanın ən çox turist cəlb edən müzeylərindən biri yerləşir.

Bir az diqqətli qonaqlar binaya kənardan baxanda ağızlarını büzürlər. Çünki onlar Motsartın yaşayıb yaratdığı evi 2-3 mərtəbəli bina kimi bilirlər. Çünki “vizual yaddaş”larına görkəmli kino-rejissor Miloş Formanın səkkiz nominasiyada Oskar mükafatı almış “Amadeus” (1984) filmindəki “Marktplatz, 8” adresindəki ev həkk olunub. O, Konstansa ilə evlənəndən sonra bu evdə yaşayıb.

* * *

Marktplatz küçəsində dolaşarkən xəyalım məni yenə uşaqlıq illərinə aparır. Hər daşı tarix qoxan bu şəhər dünya mədəniyyət tarixinin ən unudulmaz intriqasından birinə — “Motsart və Salyeri qarşıdurması”na səhnə olub. Dərsdən əvvəl musiqi məktəbində sinif yoldaşlarımla Motsartın Salyeri tərəfindən zəhərlənməsi haqda rəvayətlərdən danışır, mübahisə edirdik. Düşünün ki, o vaxt nə “Amadeus” filmi çəkilmişdi, nə də bu haqda kitablarda bir şey vardı. Amma Stella Yefimovna dərslərində çox maraqlı şeylər danışırdı. Hərdən də yavaşca sinfin küncündəki “Estonia” pianosuna dönərək, ayaqüstdə nəsə “dınqıldadırdı”. “Rekviem”in “Lacrimoza” hissəsini çalanda tüklərimin necə ürpəndiyini indi də xatırlayıram.

Salyerinin Motsartı zəhərləməsi haqda heç bir sübut yoxdur. Bütün dedi-qodular Puşkinin “Motsart və Salyeri” faciəsi və Rimski-Korsakovun eyniadlı operasının yaranmasından sonra yayılıb. Məsələ bundadır ki, 1800-cü illərin əvvəlində Rusiyada görünməmiş bir “Motsart kultu” vardı. Puşkin özü də Motsartın böyük pərəstişkarı idi. Bir alman jurnalı psixiatriya xəstəxanasına düşən Saray kapelmeysteri Antonio Salyerinin guya Motsartı zəhərlədiyini etiraf etməsi haqda şayiədən yazır. “Yalan da ayaq tutaraq elə yeriyir” ki, gedib Rusiyaya qədər çıxır. Dahi bəstəkarın gənc yaşda vəfat etməsi Rusiyada Salyeriyə nifrətə səbəb olur. Və Puşkin də bu olub bitənlərdən məharətlə istifadə edir…

Puşkinin əsərində ifrat dərəcədə dindar olan Salyeridə dəhşətli bir idefiks var – O, dünyanın ən görkəmli bəstəkarı olacaq. Qatı katolik Salyerinin bu idefikslə başına hava gəlir və o, anlaya bilmir ki, niyə Tanrı belə böyük istedadla onu yox, Motsartı mükafatlandırıb. Salyeri Tanrının onu lağa qoymaq üçün ilahi musiqini Motsartın əli ilə yazdırdığına inanmağa başlayır. Və Salyeri Tanrını inkar edərək, Motsartdan intiqam alacağına and içir…

Miloş Formanın kultlaşmış filmi ekranlara çıxanda artıq aspirant idim, seminarlardan birində elmi rəhbərim, akademik Azad Mirzəcanzadə filmdən söhbət açanda hələ görmədiyimiz üçün səsimizi çıxarmamışdıq. “Nizami” kino-teatrının önündəki məşhur bilet alverçisi Abbasdan 50 qəpiklik bileti 10 rubla aldığımı xatırlayıram. İmperator II İosifin sarayında piano çalan gənc Volfqanqı görəndə Stella Yefimovnanı təşəkkür duyğuları ilə anmışdım. Baxışdan bir neçə gün sonra Stella Yefimovnanı ziyarətə getdim. On ilə yaxın vaxt keçmişdi. Məktəbdə müəlliməm və ailəsinin İsrailə mühacirət etdiyini söylədilər. Sovetlər dağılmaq üzrə idi, dünya isə yenidən şəkillənməyə hazırlaşırdı…

30 ildən sonra da hər Motsartın adı gələndə ağlıma iki insan gəlir – Stella Yefimovna və Salyeri. Müəlliməm gözümün önündə gözəl, bərli-bəzəkli bir pedaqoq kimi canlanır. Antonio Salyeri isə görkəmli amerikalı aktyor Murray Abrahamın sifətində gəlir xəyalıma. Möhtəşəm bir obraz yaratmışdı, təsadüfi deyil ki, Salyeri roluna görə Oskara layiq görülmüşdü…

Bu düşüncələri bloknotuma Qetraydeqasse küçəsinin sonundakı “Carpe Diem” kafesində yazıram. Ofisiant neçənci dəfədir ki, nə içəcəyimi soruşur. Bavariyadan sonra yerli pivəyə necə keçəcəyimi bilmirəm. Tərəddüd edərək Stiegl sifariş verirəm. 1492-ci ildə qurulmuş pivə zavodu tipik yerli pivələr istehsal edir. Bir qurtum alan kimi damağında meyvə aromasını hiss edirsən. Bu da, zənnimcə, pivəyə hörmətsizlikdir. Bəyənmədiyimi hiss edən gənc ofisiant pivənin yerinə “Shandy” təklif edir. Avstriyalılar isti havalarda sərinləmək üçün lager (tam hazır olmamış pivə) və Alp dağlarının otlarından düzəltdikləri limonadı qarışdıraraq əldə edilən bu kokteyli içirlər. Mən belə bir “xəyanət” edə bilməzdim. Hesabı ödəyib qalxıram.

Stiegl pivəsinin Zalsburqdakı 500 yaşı olan zavodunda dünyanın ən böyük pivə muzeylərindən biri yerləşir. Müəyyən mənada avstriyalılar da bavariyalılar kimi pivə ənənələrinə sadiqdirlər. Ancaq almanlardan fərqli onlar pivəni kiçik, az tutumlu parçlarda içirlər. Pivənin yanına məzə olaraq avstriyalılar özlərinin şah yeməklərini – qulyaş və şnitsel verirlər. Bunlarla bərabər Vyana sosisləri, klyarda qızardılmış toyuq, kələm və kartof salatları da menyularının olmazsa olmazıdırlar…

Motsart geniş xalq kütlələri üçün “Sehirli fleyta” adlı bir opera yazır. Bu əsər gözlənildiyindən daha böyük uğur qazanır. Premyerada gənc Volfqanq yorğunluqdan bayılır. Antonio Salyeri onu qucağına alıb evinə aparır, gənc bəstəkarı dilə tutaraq “Rekviem”i bitirməsini istəyir. Motsart ölüm ayağında yataqdan “Əbədiyyət musiqisini”nin notlarını diqtə edir, Salyeri isə acgözlüklə onları not səhifələrinə köçürür. Səhər Volfqanqı tərk etmiş arvadı Konstansa evə geri qayıdır, Salyerini qovur, “Rekviem”in notlarını isə gizlədir. Yataqdakı Motsart isə artıq gözlərini həyata yumub. Konstansanın göz yaşları sel olur…

“Carpe Diem” kafesindən Müqəddəs Blezis (St. Blasius) roma-katolik kilsəsinə tərəf gedəndə Zalsburqun üzərini qara buludlar alır. Bir göz qırpımında şiddətli yaz yağışı şəhərin tarixi hissəsini ağuşuna alır. Yağmurdan qaçıb kilsənin içinə sığınırıq. Həyat yoldaşıma “Olmaya bu yağış da Motsartla bağlıdır?” soruşuram. O da “Zalsburqda hər şey Motsart deyilmi?” deyə təbəssüm edir. Yağış dinən kimi kilsənin ətrafındakı tikililəri də gəzirik. VIII əsrdə inşa edilmiş bu tarixi bina da Motsartla bağlıdır məgərsə — yenicə doğulmuş Volfqanqı məhz burada xaç suyuna çəkiblər. Bəli, Zalsburqda hər şey Motsart deməkdir.

Yorğunluqdan ayaqlarımızı hiss etmirik. Telefona baxıram, gün başlayandan piyada 25 km gəzmişik. Axşam yeməyi üçün yer seçməsək də nə yeyəcəyimizi bilirik – Şnitsel. Avstriyaya gəlib şnitsel yeməmək günahdır. Tam da o an telefonuma zəng gəlir, Bakıdan dostum Rövşəndir. Klassik “Hardasan?” sualına “Zalsburqda” deyirəm. Qulağıma onun təəccüb dolu rabitəsiz sözləri gəlir. Rövşənə görə Zalsburqa gedən dostları mütləq ondan “instruktaj” və gediləsi yerlərin, restoranların siyahisini almalıdır. Ona “Təqaüdə çıxanda burada gid işləyə biilərsən” demişdim bir dəfə.

Rövşənin həvəslə tövsiyyə etdiyi restorana tərəf gedirik – “Köhnə şəhər”dən çıxıb Rudolfskai küçəsi ilə yeriyib körpüdən Zaltsax çayının qarşı sahilinə keçirik. Şvartsştrasse küçəsi ilə gedib katolik kilsənin yanından sağa dönməliyik. Amma qarşımıza 3 kilsə çıxır, hansından dönəcəyimizi bilmirik. Rövşənə zəng vururam, zəng çatmır. Deyinə-deyinə qarşımıza çıxan ilk kafeyə — Fox Bistro adlı bir yerə giririk. Menyuya baxmadan şnitsel, kartof salatı və Zipfer sifariş verirəm. Hesabı ödəyib çıxanda pakistanlı ofisiantın “Məmnun qaldınızmı?” sualına “Həyatımda yediyim ən bərbad şnitsel və içdiyim ən ləzzətli pivə idi” deyirəm…

* * *

Axşama yaxın yağış şiddətini artırır. Otel otağının pəncərəsini açıram, yağışın və novalçalardan axan suyun səsi bir-birinə qarışıb qəribə bir kədər yayır. Bir qədər aralıda, Zaltsaxın sol sahilində Motsartın doğulduğu məhəllə görünür. Əlimi kompüterimə tərəf uzadıb, Motsartın son əsəri olan “Rekviem”ini açıram. Ölüm mələyi dolaşmağa başlayır ətrafda sanki. “Lacrimoza”ya çatanda insan sonsuz bir hüznün, öfkə və üsyanın burulğanına qapılır. “Lacrimoza” (Gözü yaşlı) qəlbin, ağlın və bədənin insan ruhuna etdiyi xəyanətdir. Ruhun bədəndən ayrıldığı andır sanki, onu dinlərkən beyin düşünməyi rədd edir və anlayırsan ki, ölüm məgərsə gözəlliyindən qorxduğumuz üçün ondan qaçdığımız bir şeydir.

Vyana filarmoniyasının dünya şöhrətli orkestri bu ilahi və sonsuz enerjini necə də möhtəşəm təsvir edir. Vəcdə gəldiyini hiss edirsən. Ancaq Əbədi Həyat qarşısındakı son çırpınışlardır bunlar. Hər şey bitmək üzrədir, hər şey sonlanmaqdadır. Və ruhlar doğan Günəş kimi varlığımızı qucaqlayırlar:

Ağılar günüdür o gün

Küllərdən doğacaq insan

Verəcək hesabını günahlarının.

Tanrım, mərhəmət et onlara

Şəfqətli Rəbbimiz

Sonsuz hüzur ver onlara…

“Avstriya gündəliyi”min 2-ci yazısında Zalsburqdakı ikinci günümüzdən yazacam, sizə Motsarteum, Mirabel Sarayı, Parasels Tibb universitetindən bəhs edəcəm…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (13 оценок, среднее: 9,38 из 10)
Oxunma sayı: 1038