Muəllif:

STAR NEFT EMALI ZAVODU AZƏRBAYCANDA TİKİLƏ BİLƏRDİMİ?..

 

İstər siyasi proseslər olsun, istərsə də iqtisadi layihələr, biz bu və ya digər mövzuya toxunarkən həmişə belə bir detalı yadda saxlamağa və öz nəticələrimizdə nəzərə almağa çalışırıq ki, bilavasitə hökumət strukturlarında çalışan insanlar bizdən daha məlumatlıdır və mümkündür ki, onlar elə məqamları bilirlər ki, biz bir yazar olaraq bundan xəbərsizik və yaxud da məsələni bütün təfərrüatlarına qədər bilmirik.

Elə həftənin hadisəsi sayıla biləcək Star neft emalı zavodu ilə bağlı bu qeydləri yazmağı qərarlaşarkən ilk ağlımıza gələn bu oldu. Düşündük ki, sözü gedən zavod çox böyük layihədir və güman ki, onun qiymətləndirilməsi və əsaslandırılması ilə bağlı daha dəqiq detallar məhz hökumətdə çalışan insanlara məlumdur.

Əslində bizim layihənin iqtisadi rentabelliyilə bağlı hər hansı bir tərəddüdümüz və iradımız yoxdur: böyük ehtimalla onun inşasına qərar verilərkən bunlar detallarına qədər nəzərə alınıb.

Regional-siyasi məqamlarla da bağlı hansısa iradımız yoxdur: heç sözsüz, belə bir iqtisadi layihənin reallaşması Azərbaycan-Türkiyə əlaqələrini bir az da sıxlaşdıracaq, iki dövlət arasındakı anlaşmanı və əməkdaşlığı bir azacıq da artıracaq. Üstəlik, layihə bizim Dövlət Neft Şirkətinin beynəlxalq şəbəkəsinin yaranması baxımından da çox önəmli  işdir.

Bizi sadəcə, məsələnin bilavasitə sosial tərəfləri düşündürür və ona görə də təkrar-təkrar olaraq özümüzə belə bir sual veririk: görəsən, belə bir böyük sənaye layihəsini Azərvbaycanın özündə inşa etmək olmazdımı? Axı prinsipcə, burada hər şey var: xammal, zəruri maliyyə resursları, infrastruktur və eləcə də mütəxəssis-işçi resursları. Bu sualın bəlkə də ilk cavabı belə olacaq ki, əşi, nə fərqi var, Türkiyə bizim üçün qardaş dövlət deyilmi?

Bəli, belədir ki var, qardaş ölkədir. Amma hər şeydən əvvəl bizim öz ölkəmiz də var və onun adı Azərbaycandır. “Star” zavodunun inşası və bundan sonra fəaliyyət göstərməsi minlərlə iş yeri demək olacaq. Özü də bunun çoxu daimi işləri yerləri olacaqdır. Daimi iş yerlərininsə bizim öz azərbaycanlılarımız üçün nə qədər önəmli məsələ olduğunu unutmayaq – insanlarımızın böyük qismi yalnız bunun arzusundadır.

Onlar hansısa layihələrdə bir-iki il çalışır, eyni işə görə öz əcnəbi həmkarlarından qat-qat az maaş, hətta müqayisədə qəpik-quruş alırlar, sonra isə illərlə işsiz qalırlar.

Bu məsələnin bir tərəfidir. Digər məqam odur ki, sənaye və sənaye müəssisələri tamam başqa məsələdir. Hələ Maks Veber kapitalizmin iki formasını fərqləndirirdi: ticari-spekulyativ və rasional-sənaye. Əlbəttə ki, bu təsnifat bizim toxunduğumuz məsələdən daha geniş spektri əhatə edir, amma ki, əsas məzmun qalır: ölkənin iqtisadi gücünü əsasən sənaye, özü də elmitutumlu sənaye müəyyən edir. Xüsusən də nəzərə almaq lazımdır ki, Azərbaycan hələ sovetlərin vaxtından neft emalı və neft maşınqayırması sahəsində ixtisaslaşmışdı – Türkiyədə bəlkə də heç Azərbaycandakı kimi bu sahəni bilənlər də yoxdur…

O ki qaldı “qardaşlıq” söhbətinə, bunu bayağılaşdırmağa, böyük siyasəti  məişət səviyyəsinə endirməyə qətiyyən ehtiyac yoxdur – Azərbaycan Türkiyəyə yox, əksinə Türkiyə Azərbaycana yatırımları ilə öyünməlidir, çünki gənc və bir az da problemli ölkə bizik, keçid problemlərini hələ də biz yaşayırıq, insanların məhz burada ciddi məşğulluq problemləri var, məhz burada iqtisadiyyatın yetmiş illik ukladı dağılıb, bəli, məhz burada yeni iqtisadi münasibətlər, yeni iqtisadi struktur formalaşır…

Bəzən özümüzə sual veririk ki, görən, bu vaxta qədərki hakimiyyətlərimizdən hansı daha çox “türkçü” olubdur? Nə qədər qəribə olsa da, məsələ heç də deyilən-danışılan kimi deyil.

Məsələn, ilk böyük neft layihəsində 1992-93-cü illərdə Türkiyənin iştirak payı cəmi 1.68 faiz nəzərdə tutulmuşdu. Amma 1993-cü ildən sonra bu ədəd 5 faiz də artırıldı və nəticədə 6.68 faiz oldu. Bu müqayisəni aparmaqda hər hansı məqsədimiz və ya marağımız yoxdur və bir daha deyirik ki, ola bilsin, Star zavodunun Türkiyədə inşa edilməsi iqtisadi cəhətdən daha çox məqsədəuyğundur. Amma dünyada hələki heç kim “iqtisadi siyasət” terminini tam ləğv etməyib; bu və ya digər layihə gerçəkləşdirilərkən mütləq onun siyasi tərəfləri – dövlətin öz maraqları və layihənin sosial məqsədəuyğunluğu da nəzərə alınır. Onsuz da Azərbaycan qardaş Türkiyənin enerji və logistika mərkəzinə çevrilməsi üçün çox şey edib. Ona görə də gəlin öz vətəndaşlarımız üçün də nəsə etməyə çalışaq – nə qədər səriştəli və peşəkar fəhlə qüvvəsi, savadlı mühəndislər hələ işsizdir bu ölkədə. Axı onlar da bizim qardaşlarımızdır…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (5 оценок, среднее: 9,80 из 10)
Oxunma sayı: 1110