Muəllif:

Söyüş. Aqressiya. Deqradasiya


Son günlər əksəriyyət söyüşdən yazır. Kimi söyüş yazır, kimi söyüşdən yazır. Kimi özünə haqq qazandırır, kimi isə haqlı olaraq söydüyünü deyir. Mən də yazmışdım. Mən də facebookda yazmışdım ki, söyüş söymək tərbiyəsizlik, mədəniyyətsizlik, gücsüzlükdür. Heç vaxt söyüşcül insanları sevməmişəm, təqdir etməmişəm.

Söyüş mövzusuna bəzi həmkarlarım öz media orqanlarında söyüş söyməklə cavab verdilər. Bəziləri susub, izlədilər. Bəziləri tərəf oldular. Bəzi hakimiyyətyönümlü media qurumlarının rəhbərləri, hökumətdən ev alan jurnalistlər bu mövzuya münasibət bildirmək üçün sıraya düzüldülər. Bir sözlə qoymadılar ki, söyüş mövzusu gündəmdən düşsün. Hətta mövzuya bəzi rəsmilər və deputatlar da münasibət bildirdilər. Hakimiyyətyönümlü deputatlardan biri hətta dedi ki, söyüşlə söymək, mübarizə üsulu deyil. Onun sözlərinə görə, siyasətdə əxlaqsızlıq etmək olmaz!

Həmin deputat müxalifət nümayəndələrinə, fərqli düşüncəli insanlara müraciətində suallar da ortaya qoydu. Dedi ki, biri desin ki, birinin özü, ailə üzvü haqqında indiyə qədər nə isə deyilib. “Kimsə bir dənə fakt, sənəd çıxarıb ortaya qoysun, mən gedim, ondan üzr istəyim.”

Deputat yazıb ki, həm də onun əxlaqı, tərbiyəsi ona yol vermir ki, kimisə söysün. “Biri desin ki, bəli, bizi söyüb.” Və.s. Və.i.a.

Əslində həmin müraciəti oxuyanda sevindim, fərəhləndim. Bir anlıq özümü normal bir ölkədə hiss etdim. Düşündüm ki, nə yaxşı ki, bizdə siyasətdə belə əxlaq normaları çərçivəsində mübarizə aparılır. Amma birdən keçmiş yadıma düşdü, səksənib oyandım. Mən həmin deputata da keçmişi xatırlatmaq istədim.

Çox hörmətli deputat və ya deputatlar və rəsmilər, evlərə kameralar qoyulanda, jurnalistlərin, fərqli düşüncəli insanların, siyasi fəalların intim videoları, fotoları yayılanda niyə susurduz? Bir dəfə ağzınızı açıb etiraz etdinizmi? Bu halı pislədinizmi? Bəyanat verdinizmi? Əlinizin altında olan tribunalarda, platformalarda bu barədə bir kəlmə dedinizmi?

Bəs indi niyə belə tez etiraz edirsiz? İndi atdığınız daşlar özünüzə qayıdır, ona görə? İndi hədəfə siz düşmüsüz, ona görə? Bəs bilmirdiz ki, insanları belə mənəviyyatsız, səviyyəsiz addımlara öyrədəndə bu addımlar bumeranq kimi, bir gün geri qayıdacaq? Və ünvanı ilə yanaşı sizə də dəyəcək? Bilmirdiz ki, illərdir uşaqları belə videolarla böyüdəndə, bir gün həmin uşaqlar böyüyüb, öyrəndikləri söyüşləri geri qaytaracaq? Bilmirdiz ki, nə töksəz aşınıza, o çıxacaq qaşığınıza?

Təsir, əks- təsirə bərabərdir. Odur ki, vaxtı ilə bu addımları atmazdan öncə düşünmək, ölçüb- biçmək lazım idi. Əxlaqsızlıq, tərbiyəsizlik, mənəviyyatsızlıq, söyüş təəssüf ki, artıq siyasi və ictimai həyata transfer edib. Təhlükəli tendensiyadır.

Son günlər sosial şəbəkələrdə marşrut avtobusda bir oğlanın bir neçə qadına əl qaldırması müzakirə mövzusu olub. Videoya baxanlar bilər. Sosial şəbəkələrdəki müzakirələrdə kimi qadınların tərəfini tutur, kimi oğlana haqq qazandırır. Və.s. Və. i.a. Nəyi demək istəyirəm? Bu bir nümunədir. Cəmiyyət içində olanlar, gündəlik ictimai nəqliyyatdan istifadə edənlər bu hallarla tez-tez qarşılaşır. Artıq söyüş, aqressiya ictimai həyatımıza da daxil olub. Bu da təhlükəli tendensiyadır.

Görünən odur ki, cəmiyyətdə, ictimaiyyətdə, milli mənəviyyatda deqradasiya gedib. Və gedir. Bəlkə dur deməyin vaxtıdır? Bəlkə silkələnək? Təmizlənək? Özümüzə gələk? Mənəviyyatımızı təmizləyək?

Ziyalılar niyə bu məsələyə münasibət bildirmir? Niyə insanları səviyyəyə səsləmirlər? Hanı bizim ağıl insanlarımız? Hanı bizim fikir adamlarımız? Niyə susublar?

Ən ağır və təhlükəli mövzu isə ağıl və bilim adamlarının bütün məsələlərə susqunluqla və laqeyd yanaşmasıdır. Yəqin söyüş məsələsində özünə haqq qazandıranlar kimi özlərinə dəyəndə danışacaqlar. Deyəsən çox gözləməyəcəyik.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 1,00 из 10)
Oxunma sayı: 193