Muəllif:

“Sənət əbədidir, ömür amanat…”

“Belə bir fikir var ki, jurnalisti klassik yazıçıdan fərqləndirən əsas məqamlardan biri onun faktlarla işləmək vərdişinin bədii təxəyyülü üstələməsi, təsvirlərinin canlı deyil, qəzet üslubundan irəli gələn quruluğudur”.

Bu cümlə Arif Əliyevin ilk publisistik romanını oxuduqdan sonra yazdığım yazıdandır. Üstündən beş ildən artıq vaxt keçib. Bu dəfə Arifin üçüncü bədii-publisistik əsəri qarşımdadır. Təxminən bir ay əvvəl heç nə olmamış kimi dedi ki, “Elçin, bir povest də yazmışam. Gör bir necədi?”. Sözün düzü, duruxdum, çünki Yalama qəhrəmanlarına həsr etdiyi povestin əsasında çəkdiyi “Əsgərlər unudulanda ölürlər” filminin premyerasından təzəcə çıxmışdıq. Mənim aləmimdə, istənilən yaradıcı adam bitirdiyi əsərin təsirindən bir xeyli müddət çıxa bilməməli, oxucusu və tamaşaçısının fikrinə diqqət kəsilməli və…ətrafı dinşəməlidir. Ən azından, nəfəsini dərməlidir. Ona görə də təəccüblənmişdim.

Arxiv sənədləri ilə işləmək bacarığı, əslində üzdə olub bir çoxumuzun əhəmiyyət vermədiyi yaxud «bu sənədləri tapmaq mümkün deyil» deyib axtarışlara son qoyduğu halda Arif dayanmır və işləyir.

“Son çağrı” ilə bağlı yazdığım fikri Arif povestdən-povestə artan bədiilik, xarakterlərin daha dərindən və canlı təsviri, eyni zaman kəsiyində eyni situasiyadan doğan iki hadisəni – üst qatda bir-birinə daban-dabana zidd  dünya görüşlərinin toqquşmasının səhnədə oynanılmasını və alt qatda həmin toqquşmanın gerçəklikdə doğurduğu faciəni emosional baxımdan oxucuya böyük ustalıqla çatdırmaqla alt-üst edir. Bədii təxəyyül və canlı təsvirlər quru publisist yazı üslubundan əsər-əlamət qoymur… amma təsvir edilənlər gerçəkdir, faktlardan qaynaqlanır.

“Sənət əbədidir, ömür amanat…” – Arif Əliyevin yeni sənədli povestinin adıdır və Səməd Vurğunun “Vaqif” pyesinin ilk tamaşasının tarixçəsindən, tamaşanın nə böyük çətinliklər və hətta qurbanlar bahasına ərsəyə gəlməsindəndir. Avansəhnədə böyük Səməd Vurğun və gənc, lakin çox istedadlı rejissor Adil İskəndərov o zamanlar Azərbaycanda külli-ixtiyar sahibi olmuş Mircəfər Bağırovla toqquşurlar. Səhnədə Qacarla Vaqif həyatda isə şairlə rejissor və respublikanın baş kommunisti…

“Vaqif”ə ilk baxış 1938-ci il sentyabrın 28-də olmuşdu.

Bayırda narın yağış yağırdı. Qara maşın dayanan yerdə nəm daşlara buta naxışlı kəlağayı yapışıb qalmışdı. Yüngül külək nazik dirəklərdən asılmış fənərləri həzin-həzin yelləyirdi. Rejissorla şair baş-başa verib gedirdilər. Vurğun şlyapasını əlində tutmuşdu. Adil İskəndərov papağını otaqda qoymuşdu, qoltuğundan sallanan plaşının ətəyi yerlə sürünürdü. Yiyəsiz küçə itləri arxalarınca gəlir, yaş şlyapanı və plaşı imsiləyirdilər”

***

Sabahdan etibarən Arif Əliyevin yeni sənədli povestini hər gün olmaqla hissə-hissə “Ayna”da oxuya bilərsiniz.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (5 оценок, среднее: 9,80 из 10)
Oxunma sayı: 486