Muəllif:

SƏNƏT ƏBƏDİDİR, ÖMÜR AMANAT[1]…

 (əvvəli Ayna.az saytının 13.12.2018 — 18.12.2018 tarixli buraxılışlarında)

Vurğunun bloknot səhifəsindən düzəltdiyi “külqabı” kötüklərlə dolmuşdu. Şair siqareti siqaretə calayırdı. Rejissor hər səsə pəncərəyə yaxınlaşır, pərdənin qanadını qaldırıb küçəyə baxır, şəhadət barmağını eyni istiqamətə uzatmaqla maşının yerindən tərpənmədiyini demək istəyir və təzədən geri çəkilirdi. Küncdə oturmuş Vurğun növbəti qullabını vururdu.

Hərə öz taleyini düşünürdü. Adil İskəndərovun xatırlamalı elə çox şeyi yox idi. Özünü qanandan teatra can atırdı. On yaşında Gəncədə özfəaliyyət dərnəyinə yazılmışdı. On üç yaşında ilk tamaşasını — “Qaçaq Kərəm”i hazırlamışdı. Orta məktəbi qurtarandan sonra doqquz il sərasər aktyorluq, rejissorluq oxumuşdu. İkicə il idi ki, əli böyük səhnəyə çatmışdı, başının üstündə müəllim durmadan sərbəst işləyirdi. Gələcəyə planlar cızırdı, şəxsi həyatını qurmağa hazırlaşırdı…

O, altdan-altdan Səməd Vurğuna göz yetirdi. Şair tüstü-duman içində fikrə getmişdi. “Bax, onun xatırlayası çox şeyi var, — deyə rejissor düşündü. – Cavanlığından adını tarixə yazıb. Təkcə ədəbiyyat tarixinə yox, xalqın tarixinə! Bu saat respublikada ondan çox sevilən, oxunan, tanınan adam yoxdur. Aktyorlar Səməd Vurğunun yazdığı pyesdə oynayacaqlarını eşidəndə elə sevinmişdilər ki! Canlı heykəldir. Bəlkə də, rəhbəri narahat edən budur? Canlıdırsa, heykəl olmamalıdır. Yaxud əksinə. Heykəldirsə, canlı olmamalıdır!”

Vurğunun xəyalı isə bu dəqiqə Ağstafa çayında üzürdü…

Çay yatağına sığmırdı. Boz-bulanıq sular Coğazla birləşəndən sonra köpüklənir, burula-burula axıb dəmir körpünün dirəklərinə, daşdan hörülmüş divarlarına çırpılırdı. Çayın o üzündə Söyünbəyli cələsini su basmışdı. Qazax seminariyasının tələbələri də sahilə toplaşanların arasında idilər. Onlara şəhərə çıxmağa icazə verilmirdi. Tələbələr günorta yeməyindən sonra axşam dərslərinə qədər ancaq məktəbin geri yanındakı Poylu arxını keçib Ağstafa çayının sahilinə enə bilərdilər. Bu gün də belə olmuşdu.

Səməd təzə vurulduğu hansısa qıza özünü göstərmək istəyirdi. Çayı o taya adlayıb geri qayıdırdı. Böyük qardaşı Mehdixan sahildə özünə əl qatmışdı, Səməd soyuq sudan çıxan kimi başının üstünü kəsdirmişdi:

— Gənə hoqqa çıxardırsan? Adam bir qızdan ötəri özünə divan tutarmı? Qolun da dəyqəbaşı yerindən çıxır. Batıb qalsan, kimə nə cavab verəsiydim? Bə xəstələnib ölsən?

— Vejinə də alma, suya girəndə qorxmasan, heç nə olmaz, nə batarsan, nə xəstələnərsən…

Səməd gülə-gülə qardaşının verdiyi köynəyi geyinirdi…

— Bizi niyə belə elədilər, ay Ədil? Biz necə bu günə düşmüşük? – Gözlənilmədən “heykəl” dilə gəldi. Rejissor onun qəmli pıçıltısını eşitmək üçün stul çəkib yanında əyləşdi. — Bir saatdı qaranlıqda oturmuşuq, səsimizi də çıxardammırıq, him-cimlə danışırıq. Qorxu canımızı alıb! Axı biz belə deyildik! Bunu istəmirdik! Çox köpəkoğlu şeydi bu qorxu! Onu bizim içimizə təpitdilər. Yeritdilər. Yeridirlər. Udum-udum. Hava kimi. Barmaqları hülqumumuzdadır, sıxırlar-buraxırlar. Sıxırlar-buraxırlar. O vaxta qədər ki, qorxudan üstün heç nə hiss eləməyək. Aldığımız nəfəsə görə də alqış oxuyaq. Ta yaşamağın nə ləzzəti… Nə mənası?

— Elə danışırsan, elə bil həyat burda qurtarır. – Adil İskəndərov bilmədi şairə, ya özünə təsəlli versin. – Hələ nə çağımızdır ki… Öz payıma deyirəm…

— Müşfiqi aparanda məndən üç-dörd bayram da kiçik idi… – Vurğun onu axıradək dinləmədi. — İndiki vaxtımdan. Səni yaşda olardı. Yazıq, “Həyat, həyat! — deyə çırpınır könül, könüldən, sevdadan necə əl çəkim?” söylüyə-söylüyə getdi. Nəyin üstündə? “Hələ bədr olmamış bir hilalım var” sətrinə görə adını pantürkist qoydular. Nikolayın vaxtında dünyadan köçmüş atası haqqında “Gül əkdi, vay dərdi cavan bağından…” yazdı, sovetə böhtan atmaqda günahlandırdılar. Güllələdilər…

Rejissor diksindi. Şair sonuncu siqaretini yandırdı. Boş “Kazbek” qutusunu ovcunda əzdi.

— Əslində, çoxumuz artıq güllələnmişik. Sözlə güllələnmişik. Bir-birimizi güllələmişik. Mən də güllə atmışam. Mən də yazmışam. Küncə qısnayıblar, yazmışam. Qorxumdan yazmışam. Heç kimə quyu qazmamışam, amba həmən Müşfiqə, böyük qardaş kimi elçiliyini elədiyim Müşfiqə həbsindən sonra qəzetdə “kontrrevolyusioner” demişəm…

Dağ boyda şairin zəiflikdə etirafı onsuz da dərin həyacan keçirən rejissoru sarsıtdı. Vurğun köksünü ötürdü.

— Onu qurtarmaq üçün çox çalışdım. Qapılar döydüm. Bir dəfə Bağırovun kefi kök vaxtında imkan tapıb özünə də dedim. Dedim, Müşfiq lap cavandır, istedadlı şairdir, onu günahsız tutdular, bəlkə, buraxılmasına kömək edəsiniz? Hər şeyi göz altına alıb gözəl şeirlərindən bir neçə bənd də oxudum, sonra soruşdum ki, yoldaş Bağırov, burda antisovet ruhlu nə var axı? Bağırov bir az fikrə getdi, cavab verdi ki, sən məni inandırdın, bu işlə məşğul olaram, Müşfiqi axtarıb tapdıraram. Üstündən iki həftə keçməmiş Mərkəzi Komitədə partiya yığıncağında çıxış etdiyi yerdə birdən qəzəbləndi: «Yoldaşlar! Biz bəzi adamlara həddən artıq inanıb irəli çəkmişik, onlara hər cür şərait yaratmışıq. Sən demə, onların ürəyində Sovet hökumətinə, socialist quruluşuna qarşı nifrət var». Axırda barmağını mənə tuşladı: «Вот один из них – Самед Вургун Векилов! На днях просил меня освободить ярого врага нашего народа Микаила Мушфига!”[2] Mən də məcbur olub yazdım. Bax belə…

Küçədən səs gəldi. Adil İskəndərov qalxıb baxdı. Dəyişiklik görmədi. Elə bildi, qulağı küyə düşüb, oturdu.

— Ağzı isti yerdə olanlardan kim desə ki, mən həmin məqamda başqa cür edərdim, inanma. İnsan özünü ancaq belə şəraitdə tanıyır.

Rejissorun da dili açıldı.

– Sən bayırdan, heç olmasa, kimlərisə qoruya bilirsən, nəyəsə təsir etmək gücün var. Biri alınmayanda, o biri alınır. İçəridə neyləyəsisən? Bax, indi məni götürsələr, sən qalsan, yeganə ümidim olacaqsan. Məni qoyub, səni aparsalar, nağayrasıyam? – Adil İskəndərov gülümsəmək istədi, bacarmadı. — Yazıqdır bu millət, bütün yağını sıyırıb aparsalar, ayranından nə törəyəcək? Sən bayraqdarsan. Bayraqdarın birinci vəzifəsi döyüşü udmaq yox, bayrağı xilas etməkdir.

— Ayə, elə olmağına elədi, — Vurğun başını tərpətdi. – Onu düz deyirsən. Amba gedənləri – Cavidi, Əhməd Cavadı yada salanda adam qaldığına utanır.

— Nə deyirsən, gedək öz ayağımızla qara maşına girək?

Vurğun uzun barmaqları ilə saçını geri daradı.

— “Əsrimiz nə qədər böyük olsa da, Çoxları möhtacdır bir təmiz ada… Bizə yaşamaq da, ölmək də tanış…”[3] Altı il əvvəl yazmışam. İşə bax! Bilirsən nə var, hətta xoşbaxt sonluq da faciənin mahiyyətini dəyişmir… Dur, dur gedək!

Küçədən yenə səs gəldi. Bu dəfə motor səsi idi. Adil İskəndərov pəncərəyə tərəf atıldı. Vurğun yerindən tərpənmədi.

Qara maşının sürücüsü “emka”dan düşüb arxa qapını açdı. Teatrdan çopur NKVD işçisi çıxdı. O, bir qadının qolundan tutub kürəyindən basa-basa maşına doğru itələyirdi. Halsız qadın müqavimət göstərmirdi, yıxılmamağa çalışırdı. Onu arxa oturacağa soxanda kəlağayısı başından sürüşdü.

Rejissor bu qara, qıvrım saçları tanıdı. Tamaşa vaxtı Mədinəni səhnədə görmədiyinin indi fərqinə vardı. Boğazı göynədi, dizləri qatlandı. Əl atıb pərdədən yapışdı.

Bu dəfə teatrdan kapitan özü çıxdı. Başı sarıqlıydı. O, geri dönüb qapıçıya nəsə dedi. Sonra yuxarı, Adil İskəndərovun otağının pəncərəsinə baxdı. Pərdənin tərpəndiyini hiss etdi, tələsik maşına oturdu. Qara “emka” güc verdi, tırtıldıya-tırtıldıya səkidən aralandı.

Səs uzaqlaşanda Vurğun soruşdu:

— Getdilər?

Rejissor sözlə cavab verməyə çalışdı, səsi çıxmadı. Başı ilə təsdiq elədi və keçib kreslosunda əyləşdi.

Uzun müddət heç kim dillənmədi. Nəhayət, şair ağır-ağır ayağa qalxdı. Rejissorun plaşını asılqandan götürüb ona uzatdı:

— Siqaretim qalmayıb.

Adil İskəndərov də durdu, kirmişcə plaşı aldı və şairin dalınca getdi.

Qapıçının yanından ötəndə İdris kişi əlini rejissorun çiyninə qoydu. Adil İskəndərov bu isti təmasdan içindəki boşluğu daha dərindən hiss etdi.

Bayırda narın yağış yağırdı. Qara maşın dayanan yerdə nəm daşlara buta naxışlı kəlağayı yapışıb qalmışdı. Adil İckəndərov palçıqlı kəlağayını qaldırıb qoynuna soxdu. Yüngül külək nazik dirəklərdən asılmış fənərləri həzin-həzin yelləyirdi. Rejissorla şair baş-başa verib gedirdilər. Vurğun şlyapasını əlində tutmuşdu. Adil İskəndərov papağını otaqda qoymuşdu, qoltuğundan sallanan plaşının ətəyi yerlə sürünürdü. Yiyəsiz küçə itləri arxalarınca gəlir, yaş şlyapanı və plaşı imsiləyirdilər.

 *

Aryersəhnə

Bir həftə sonra “Vaqif” tamaşasının tarixi faktı təhrif edən xoşbəxt finalla premyerası ölkə miqyasında hadisəyə çevriləcəkdi: xalqın şairi sonda ölməyəcəkdi! Oktyabrın 10-da “Kommunist” qəzeti yazacaqdı: “Burjua nasionalistlərinin və onların quyruqbulayanlarının istər şairlərimiz və istərsə də teatrımız haqqında yaydıqları və yaymaqda davam etdikləri böhtanlara, yalanlara ağır zərbə endirən “Vaqif” pyesası, hər kəsdən əvvəl, Səməd Vurğunun mənzum pyesa yazmaq sahəsində ilk təcrübəsi olsa da, böyük müvəffəqiyyətidir”. Oktyabrın 16-da Panfiya Tanailidi, noyabrın 16-da Abbas Mirzə Şərifzadə güllələnəcəkdi. Mədinənin öldü-qaldısından heç vaxt xəbər çıxmayacaqdı və o, tezliklə unudulacaqdı. Dekabrın 4-də “Vaqif” tamaşasına görə Adil İskəndərova Azərbaycanın əməkdar incəsənət xadimi adı veriləcəkdi. Amma rejissor ömründə bir daha pərdəni aralayıb səhnədən zala baxa bilməyəcəkdi.

 

 

 

 

 

Ədil İskəndərovla Səməd Vurğunun “Vaqif” tamaşasının premyerasından 17 il sonra son söhbəti.

 

SON

[1] Povestin hər hansı hissəsinin müəllifdən icazəsiz digər mənbələrdə dərci qadağandır.

[2] (rus) “Budur onlardan biri – Səməd Vurğun Vəkilov! Yaxın günlərdə məndən xalqımızın qatı düşməni Mikayıl Müşfiqi azad etməyi xahiş edirdi”

[3]“Komsomol” poemasından (1932) sətirlər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (8 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 1192