Muəllif:

Saraylı əsgər

Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunub!

“Biz yazın gəlişini səbirsizliklə gözləyirik, havalar isə hələ də soyuq keçir. Fevral ayı gethagetdə özünü göstərir deyəsən… Bircə havalar qızsaydı, sümüklərimiz isinərdi..”-düşüncələri və onları gözləyən gərgin döyüşlərin, ermənilərin azğınlıqlarına qarşı duyduğu qəzəbin təsiri ilə fikrə dalmış Xanmirzə atlı yoldaşlarından geri qalmamağa çalışırdı.

At sürməyi, atlara qayğı göstərməyi çox sevirdi, ona görə də orduya yazılanda heç tərəddüd etmədən süvari alayına qəbul olmaq üçün can atmışdı. İndi ən yaxın yoldaşı, dostu kimi atını çox sevir, onun qayğısına qalırdı, hətta təlimlərdə də özündən çox, atını qorumağa çalışardı. Ona bir şey olacağını və ondan ayrılacağını düşünmək belə istəmirdi. Bu dünyada əziz bildiyi və sevdikləri içərisində bu qaragöz kəhər atı da vardı. Canından çox sevdiyi, ilk əzizi təbii ki, anası idi- şirindilli, qayğıkeş, cəfakar anası- hər zaman əlləri Tanrıya uzalı, ağzı dualı. Anası ilə adını qoşa çəkdiyi ikinci əzizi isə Vətəni idi, yolunda hər zaman döyüşməyə, hətta ölməyə belə hazır olduğu Vətəni. Düşmənlər göz dikmişdi, viran qoymuşdu, amma Vətəni qorumaq üçün artıq Azərbaycan ordusu yaranmışdı və Xanmirzə də bu şərəfli ordunun əsgəri idi.

Bir neçə gün əvvəl xəbər gəlmişdi ki, anası xəstələnib, odur ki, evə getmək istəyirdi, çoxdandır anasını görmürdü. Düşüncələrlə ovunmağa, həsrətini azaltmağa çalışdı:“Yazıq anam, yəqin tamam əldən düşüb, qış da ki, sərt keçir. Odun tədarükü görərəm, həyəti də belləyərəm, əsl vaxtıdır, havalar qızanda göy-göyərti, tərəvəz əkərik. Anam məni görüncə çox sevinəcək”. Aldığı cüzi maaşını da anası üçün saxlamışdı.

Xanmirzə və yoldaşları, yəni Milli Ordumuzun 1-ci Tatar alayının süvariləri, hərbi hissənin həyətinə daxil oldular, atlardan düşüb onları tövləyə apardılar. Bu günkü təlimdə çox çalışmışdılar, tamam əldən düşmüşdülər. Xanmirzə də atını o biri atların yanına bağladı və alay komandirindən icazə almaq ümidi ilə zabitlərin otağına tərəf getdi.

Çox sevinirdi, səhər tezdən yola düşəcəkdi. Tövləyə sarı getdi, kəhərini yoxlamaq, yeminə, suyuna baxmaq istəyirdi. Onu tumarlamaqdan və sevgisini göstərməkdən zövq alardı. Kəhər Xanmirzənin hənirtisini duyan kimi başını axurdan qaldırdı. Xanmirzə əlini kəhərin yalına çəkdi, gözlərinə baxdı, sığalladı, ayrılacaqlarına çox kədərlənirdi. Gedib bir az saman tapıb gətirdi, bir vedrə də su. At suyu həvəslə içməyə başladı, ancaq at suyu içib qurtarandan sonra da Xanmirzə getmədi, onu tumarlayır, əzizləyirdi. Doğrusu bu ayrılığa üzülsə də, əhvalını dəyişdirən, qəlbini sıxan başqa bir şey də vardı, amma nə olduğunu heç özü də bilmirdi…

Axşam yeməyindən sonra əsgərlər onlar üçün ayrılmış otaqlarda dincəlirdilər, yataqlar çatışmadığı üçün növbə ilə yatardılar, bəziləri elə oturduğu yerdə mürgüləyərdi. Xanmirzə sabah evə gedəcəyi üçün qıyıb kimsəni oyatmadı, oturduğu yerdəcə yuxuya getmişdi. Səhərə yaxın çox narahat oyandı, ürəyi sancırdı. Kiçik hazırlıqdan sonra yoldaşları ilə sağollaşıb kəndə yola düşdü.

Tozlu-torpaqlı, səs-küylü qoyub getdiyi kəndi indi sakitliyə bürünmüşdü. Evlərin bacalarından tüstü qalxırdı. Hava soyuq, yollar da ki, palçıqlı idi, birtəhər, evlərinə gedən yolla irəliləməyə başladı. Güc-bəla ilə evlərinə gəlib çatdı və qapını yüngülcə taqqıldatdı. İçəridən zəif səs gəldi:”Kimsən, ay bala?”.

Xanmirzə qapını ehmalca açıb içəri girdi. Anası sobanın üstündə xörək bişirirdi, Xanmirzəni görüb bir anlıq duruxdu, sonra ona tərəf yeridi, Xanmirzə cəld tərpənib anasını qucaqladı. Anası yaşlı gözləri ilə oğluna baxdı:

— Can bala, nə yaman sınıxmısan…

— Necəsən ay ana, eşitdim xəstələnmisən… indi yaxşısanmı?

— Bir az babatam… Nə bilim ay oğul, daha qocalmışam, məndən keçib, təki sən yaxşı ol. Oralarda vəziyyət necədir? Canı yanmış ermənilər heç farağat oturmurlar hə?

— Oturmağına oturmurlar, amma paylarını da alırlar. Arxalı köpək qurd basar, onları da qudurdan rusdur. Amma axırlarına çıxacayıq, sən heç narahat olma.

Anası su isitdi, Xanmirzə əl-üzünü yuyub bir az rahatladı, sonra süfrə saldılar və bərabər yemək yedilər. Yeməkdən sonra Xanmirzə həyətə çıxdı, bir az odun doğradı, deyəsən yaza qədər bəs edəcəkdi, çəpərin böyür-başını düzəltdi, həyəti bellədi, ağacları quru budaqlardan təmizlədi, onları da doğrayıb səliqə ilə eyvandakı odunun üstünə yığdı. Amma nədənsə əhvalı heç düzəlmirdi, sanki içində bir gərginlik, narahatlıq vardı. Axşamtərəfi özünü pis hiss elədi, yavaş-yavaş üşütmə gəlirdi canına. Özünü birtəhər yatağına saldı. Oğlunun əhvalı ananın gözündən yayınmadı, təlaşlandı:

— Niyə üzgünsən, ay oğul? Dərdin mənə gəlsin, haran ağrıyır?

Xanmirzə anasını qorxutmamaq üçün özünü toxdaq göstərməyə çalışırdı, amma soyuq tər bütün bədənini buza döndərmişdi, ardınca da qızdırma gəldi, yorğanın altında titrəyirdi. Əl-ayağa düşən anasını yanına çağırdı:

— Ana, narahat olma, gəl burda otur.

Anası oğlunun isti əlini tutdu, sığalladı, oxşadı… Səhərə yaxın isə qonşular, ananın fəryadlarına oyandılar.
Xanmirzənin gəlişi necə gözlənilməz və sevindirici olmuşdusa, bu əbədi gedişi də ana üçün o qədər gözlənilməz və ağır olmuşdu. Anası hələ də oğlunun ölümünə inana bilmirdi. Qoca və xəstə anası Xanmirzəni ağılarla, əzizləmələrlə son mənzilinə yola saldı. Onun yarımçıq qalan cavan ömrünə yana-yana ağlayırdı.

Artıq bir neçə gün keçmişdi, ana bu tənhalığa çətinliklə də olsa, dözürdü. Bir də onu ayaqda tutan oğlunun son sözləri — vəsiyyəti idi.

Vəziyyətinin getdikcə pisləşməsi Xanmirzəni ümidsizliyə salırdı:“Birdən heç düzəlməsəm?”. Anasının tək qalacağı onu ağrıdırdı, hələ orduda görə biləcəyi işlər, oradakı dostları, torpaqlarımızı ermənilərdən azad edəcəkləri günləri görmək arzusu, kəhərinin onun yolunu gözləməsi…Göz yaşları qızdırmalı yanaqlarında quruyurdu. Düşüncələr onu yorur, çox üzürdü, həm də qorxurdu ki, qızdırmanın təsirindən huşunu itirər və beləcə hər şey bitər. Odur ki, anasını yanından buraxmaq istəmirdi, son sözlərini isə qəhərlənə-qəhərlənə demişdi:”Canım anam, deyir vəsiyyət yüngüllükdür, qorxma, eləcə ürəyimi boşaldacam ki, yüngülləşim”.

Anasının qabarlı əllərini oxşayır, öpür və ona toxdaqlıq verməyə çalışırdı:”İşdir əgər, deyirəm də… dünyanın işini bilmək olmaz… mənə bir şey olsa, əsgər paltarımı, bir də çəkmələrimi aparıb qulluq elədiyim hərbi hissəyə verərsən. Oradakıların çox ehtiyacı var”…
Ananın hıçqırıqları səngimirdi, bir anlıq sanki özünə gəldi və ayağa durdu, bir az soyuq su gətirdi, dəsmalı isladıb qızdırmadan yanan oğlunun alnına qoydu, saçlarını oxşadı, körpə kimi əzizlədi. Həm də durmadan özünü günahlandırırdı:” Ağrıların mənə gəlsin ay oğul, nə oldu sənə, yəqin soyuq dəydi… Allah öldürsün məni, bu soyuqda gərək qoymayaydım səni iş görməyə…

Xanmirzənin vəziyyəti getdikcə pisləşirdi. Oğlunun bütün uşaqlığı, gəncliyi, ta bu günə qədər — hamısı, ananın gözlərinin önündən keçirdi. Oğlu ilə bağlı qurduğu xəyallar, gətirəcəyi gəlini, sevib-oxşayacağı nəvələri, hamısı-hamısı uçub gedirdi. Ananın uca dağları yıxılırdı, axar çayları quruyurdu, ocağı sönürdü…

Oğlunun təmizləyib boxça düzəltdiyi əsgər paltarı və çəkmələrini şəhərə çatana qədər bağrına basdı, qoxladı, oğlunun ətrini almağa çalışdı. Canının ağrimağına, taqətsizliyinə baxmayaraq, soraqlaya-soraqlaya hərbi hissəni gəlib tapdı. Böyük qapıların yanında iki silahlı əsgər dayanmışdı. Ana aralıdan onlara baxır, yaxınlaşmağa tələsmirdi, sanki oğlunun bu son nişanələrindən belə tez ayrılmaq istəmirdi. Əsgərlərdən biri bayaqdan onlara baxan, hərdən üzünü bağrına basdığı boxçaya toxunduraraq ağlayan yaşlı qadını görmüşdü, yaxınlaşmağa ürək eləmədiyini də anlamışdı, odur ki, yavaş-yavaş anaya tərəf gəldi və mehriban səslə dedi:

— Anacan, kimi gözləyirsiniz?

Ana yaşlı gözləri ilə əsgərə baxdı və titrək səslə:

— Başına dönüm ay oğul, böyüyünüzü görmək istəyirəm, — dedi. Əsgər ananın yaxınına gəldi, ehmalca qoluna girdi və dedi:

— Gedək, səni onunla görüşdürüm.

Növbətçi zabit son dərəcə çarəsiz, dərddən beli bükülmüş ananın hekayətini dinlədi, onun mətanətinə, dözümünə heyran qaldı. Bu xəbər tezliklə ordu başçısı, hərb naziri general Səməd bəy Mehmandarova çatdırıldı. Növbətçi zabit generalın otağında idi və Saraylı əsgər Xanmirzə Məlikəhməd oğlunun başına gələnləri yaşlı, dərdli anasının dili ilə anladırdı. Neçə-neçə döyüşlərin iştirakçısı və komandanı olmuş, qəhrəmanlıqları və cəsarəti ilə tanınan, rus-yapon müharibəsinin əfsanəsi və nəhayət Azərbaycan Cumhuriyyətinin hərb naziri, qocaman hərbçi Səməd bəy Mehmandarov bu kədərli hekayəni diqqətlə dinləyirdi və əhvalatın təsiri ilə bir anlıq zabitə baxdı, baxışlarını tez çəksə də zabit onun gözlərinin dolduğunu gördü. Ömrünü at üstündə, döyüş meydanlarında keçirən Mehmandarov çox ölümlər görmüşdü, amma yaşının bu vaxtında bəlkə də belə kövrəlməmişdi. General Xanmirzə haqqında zabitdən soruşdu, zabit isə onun çox intizamlı, cəsur bir əsgər olduğundan danışdı. Qocaman general bu sədaqətli və vicdanlı əsgəri ilə fəxr etmiş, qürurlanmış və demişdi:”Allah bizim Vətənimizə belə təmiz insanlardan daha çox qismət eləsin”.

Xanmirzə haqqında bu kiçik hekayəmiz burda bitir, amma xalqımızın qəhrəmanlıqlarla dolu tarixi hər gün təzələnir. Azərbaycan xalqı dünyaya hər zaman ləyaqətli, qəhrəman oğullar — həm generallar, həm də onların yetişdirdiyi əsgərlər bəxş etmiş və bundan sonra da bəxş edəcəkdir. Dünya durduqca xalqımız da, vətənimiz Azərbaycan da həmişə var olsun! Tanrıdan, Vətən uğrunda şəhid olan bütün qəhrəmanlarımıza, rəhmət diləyirəm.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 75