Muəllif:

Qul bazarı, vətən sevgisi və kənd qəbirstanlığı

3-cü mikrorayon dairəsində yəqin ki, tıxacda qalmayan çox az adam var. Ərazidə yol tənzimləyicisi (svetofor) yoxdur və nəqliyyat vasitələri yol hərəkət qaydalarına uyğun olaraq dairəyə daxil olarkən bir-birini gözləməlidir. Amma buna əməl edən çox az sürücü var. Bu yay orada guya təmir işləri apardılar, əslində, mövcud tıxac problemini inkişaf etdirmək üçün yol kənarlarında bəzi artırmalar etdilər, desək daha məntiqli olar. Məsələn, yolun ortasında nəsə üçkünc bir şey düzəltdilər, sonra dairədəki körpünün altını bir qədər də genişləndirdilər. Mənim diqqətimi cəlb edən məhz həmin körpünün altı oldu. Orada el dili ilə desək “qul bazarı” var. Bu dəfə isə oraya iş axtarmaq üçün yığışanların sayı artıb…artıq asfaltlanmış və iri daşlarla körpünün altına birləşdirilmiş hissədə də insanlar toplaşıb, müştəri gözləyirlər. Necə deyərlər, körpünün altında qeyri-rəsmi yeni “iş yerləri” açılıb.  Bir dəfə imkan edib həmin ərazidə dayanan şəxslərlə söhbət də eləmişəm. Təsəvvür edin, aralarında iki ali təhsili olanlar da var. Səbəb: iş yoxdur, ya da iş olsa da, verilən əmək haqqı o qədər azdır ki, onu alan kimi qonşunun dükanına üz tutub borcları sildirməyə ancaq çatır. Aralarında gənclər də var – bəziləri heç məktəb də bitirməyib, amma mütləq əsgərlikdə olublar.

Sosial şəbəkələrdə tez-tez rastlaşdığımız elanlar və çağırışlar var: “Bu uşağın paltarı yoxdur, anası xəstədir, kimin köhnə paltosu varsa, gətirsin. Bu qız bu il məktəbə getməlidir, amma normal paltarı, kitabı, dəftəri olmadığından kənarda qalıb. Bu oğlan məktəbə getmir, anası xəstədir, atası yoxdur, maşın təkəri qaraldıb, anasına dərman alır”. Bu çağırışların ardı-arası kəsilmir. Hər dəfə gördükcə həm ürəyimiz ağrıyır, həm də vicdan əzabı çəkirik ki, bu tifillərə kömək edə bilmirik. Doğrudur, yaxşı insanlar tapılır, kimsə yardım edir, amma bir müddətdən sonra bu uşaqlar yenə də kimlərinsə ümidinə qalırlar… Nə üçün kompleks tədbirlər görülmür, niyə azyaşlı uşaqlar paltar, kitab, dəftər çatışmazlığından məktəbə gedə bilmirlər? Duyarlı vətəndaşlarımız var, bəs dövlət qurumları niyə duyarlı qalmır belə məsələlərə? Və yaxud azyaşlı uşaq xəstə anasını saxlamaq üçün niyə işləməlidir? Onun anasına nə üçün kimsə yaxın durmamalıdır? Bu uşaqlar diqqətdən kənarda qalır, yaxın duran olmur və elə ki, 18 yaşına çatır…. gəlirlər ki, “get, Vətənə xidmət elə, borcundur”. Özü də elə deyirlər ki, hünərin var cavab qaytar, adamın iki gözünü basıb bir deşikdən çıxararlar, üstünə də “fərari” adı yapışdırarlar. Amma o gəncə soruşmağa belə imkan verməyəcəklər ki, bəs, mən uşaq olanda, gecələr ac yatanda, məktəb əvəzinə butulka yığmağa gedəndə, xəstə anama dərman almaq üçün qapı-qapı dilənəndə bu dövlət, onun vətən təəssübkeşləri harada idi?

2018-2019-cu tədris ilində birinci sinfə 166 min şagird gedib. Məktəbə gedə bilməyənlərin statistikası isə yoxdur. Statistika Komitəsi belə bir statistika aparmır.

2015-cı ildə cəbhənin Tərtər istiqamətində gedən döyüşlərdə həlak olmuş əsgərin əhvalatı yəqin ki, yaddaşlarda qalıb. Qalmayıbsa, yeniləyək. 21 yaşında şəhid olmuş gənc illər öncə valideynlərini itirmiş və bacısı ilə dayısının himayəsində böyümüşdü. Ailə həm də məcburi köçkün idi. Görünür ki, çətinliklə böyüyən uşaqlar hamının vətənə olan borcunu öz çəlimsiz, zəif çiyinlərinə götürüblər.  Belə gənclər pafosa, vətən sevgisinə daha çox inanır, alın təri ilə qazandıqlarını belə kiminsə lütfü hesab edirlər.

Yazını illər öncə təsadüfən oxuduğum və müəllifini unutduğum məqalədən bir parça ilə yekunlaşdırıram:“Müharibəyə ona görə kəndli uşaqları aparılırdı ki, tabutlar böyük şəhərlərə qayıtmasın…hay-küy olmasın deyə. Onlar kiçik kənd qəbirstanlığında dəfn olunurdu”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (3 оценок, среднее: 9,00 из 10)
Oxunma sayı: 181