Muəllif:

QAFQAZDA DAHA BİR İNQİLAB MÜMKÜNMÜ?..


Bizim konspirologiya həvəskarları üçün adətən fantaziya sarıdan problem olmur. Hansısa ölkədə bir hadisə baş verən kimi bunun arxasında gizli sövdələşmə və ya planlar görür və dərhal da bu zəmində ssenarilərini qururlar.

Ermənistandakı son proseslərin ardınca bu yaxınlarda Gürcüstanda da həyəcanlanmaların başlanması bu adamların təxəyyülünü bir az da qanadlandırdı. “Hamısı bir mərkəzdən idarə olunur”,- deyib məsələyə möhürlərini vurdular.

Biz konspiroloq deyilik, o səbəbdən bu dəfə də tələsmədik. Düzdür, hökumətin Tiflisin gecə klublarında həyata keçirdiyi tədbirlər, bu zəmində gənclərin etirazının başlanması və onların dərhal siyasi çalar alması, eks-prezident M.Saakaşvilinin silahdaşlarının da həmin etirazlarda görünməsi, sonradan daxili işlər nazirinin etirazçılardan və gürcü cəmiyyətindən üzr istəməsi, amma əsas etiraz seqmentlərindən olan “Ağ səs-küy” təşkilatının yalnız ayın 18-dək etirazlara ara vermək haqda qərarı, sözsüz, proseslərin ciddiliyindən xəbər verirdi.
Ələlxüsus da nəzəra alsaq ki, bunlar eks-prezident M.Saakaşvilinin Gürcüstana dönəcəyini elan etməsindən və boz kardinal B.İvanişvilinin təkrarən leqal siyasətə qayıdışından sonra baş verdi,- o halda biz də bunların arasında adi xronoloji təsadüfdən daha artıq bağlılığın olduğunu qəbul etmək zorunda qaldıq.

Əlbəttə ki, Cənubi Qafqazda nələrsə baş verməkdədir. Amma nə baş verir, küləklər hansı səmtə əsir – bax, bunu hələ birmənalı şəkildə demək çətindir.

Hətta ola bilsin, bunlar dinamik ölkələr üçün tamamilə normal və adi hadisələrdir və sadəcə, bizim kimi statik, durğun cəmiyyətlərin təəccübünə səbəb olurlar. Amma böyrümüzdə Ermənistan hadisələri də oldu axı! Kim, məsələn, çox yox, iki ay bundan əvvəl təxmin edərdi ki, Ermənistanda da “məxməri inqilab” baş verəcəkdir?

Bəziləri üçün hər hansı hadisə baş verəndən sonra “Mən bunu demişdim!” demək adi şey olsa da, səmimi etiraf edirik ki, biz bunu gözləmirdik. Düşünürdük beş-üç müxalifətçi “Baqramyan prospekti”lə o tərəf-bu tərəfə gedəcək və bununla da hər şey bitəcək, çünki nə konstitusiya düzəlişləri qəbul edilərkən, nə də ən sonuncu parlament seçkiləri zamanı müxalifət elə bir güc nümayiş etdirməmişdi.
Son proseslərdə də ənənəvi müxalifət yenə də kölgədə qaldı və parlamentdə təmsil olunan ən zəif partiyanın bəlkə də İrəvandan kənarda belə tanınmayan gənc lideri bir neçə günün içində ənənəvi siyasi sxemi alt-üst etdi! Ona görə də Gürcüstandakı hadisələrlə bağlı da qəti bir söz deməyə tələsmədik — düşündük ki, prinsipcə, hər şey ola bilər.

Həm də Ermənistan inqilabı ilə bağlı qaranlıq məqamlar var, onlar aydınlaşmayınca “Qafqazda nə baş verir?” sualına cavab vermək elə də asan məsələ deyil. Bu məsələlərdən ən birincisi də erməni inqilabının geosiyasi təmayülüdü. Bu xüsusda əminliklə danışanlar da var, “Hələ gözləyək, görək, nə olur?” deyənlər də.

Təbii, N.Paşinyan M.Saakaşivli olmayacaq, çünki hər şeydən əvvəl ermənidir, ermənilərsə hiyləgərlikdə daim öndə olublar. Həm də yada salaq ki, hətta Ter-Petrosyan da Z.Qamsaxurdia olmamışdı və Cənubi Qafqazın digər ilk milli liderlərindən fərqli onun Kremllə demək olar, problemi yox idi və problemlər sonradan, L.Ter-Petrosyan Moskvanın cızdığı dairədən kənara çıxmaq istəyərkən başladı.

Üstəlik, bu müddətdə Paşinyan Dağlıq Qarabağla bağlı çox sərt bəyanatlar verir, V.Putinlə təmaslara can atırdı. Hiss olunurdu ki, adam hər şeydən əvvəl Kremllə münasibətlərini qurmağa çalışır.

Amma bir daha deyirik ki, nəticələrlə tələsməyə dəyməz — həmin Paşinyan artıq amerikalı iqtisadçı, Türkiyədə doğulan, amma erməni əsilli D.Əcəmoğlunu özünə iqtisadi məsələlər üzrə məsləhətçi dəvət etməyə hazırlaşır və deyilənlərə görə artıq dəvət edibdir də.

Bir müddət öncə isə o, müdafiə naziri postuna başqa birisini deyil, Ermənistanın NATO-dakı keçmiş təmsilçisini təyin etdi. Ona görə də təkrar deyirik ki, tələsmək lazım deyil, bu saqqallı jurnalist-deputat hələ çox oyundan çıxacaq.

Elə rusiyalı təhlilçilər də Paşinyanın Putinlə anlaşmaya can atmasını, Rusiyanı sakitləşdirəcək bəyanatlar verməsini çox da ciddiyə almır və yada salırlar ki, vaxtilə M.Saaşkaşvili də, V.Yuşenko də bu cür etmişdi.

Bu səbəbdən də Rusiya mediası ermənilərə 200 il əvvəlki tarixlərini xatırlatmaqda, N.Paşinyanı “satqın qərbçi və rusofob” adlandırmaqda davam edir və İrəvana da təlqin edirlər ki, Rusiyadan aralanmaq fikrinə düşməsinlər, əks təqdirdə “türklər onları Yer üzündən silər”…

Gürcüstana gəldikdə isə, kiçik ölkə artıq Qərbdir. Hətta keçmiş sovet adamlarında təşviş doğuracaq dərəcədə Qərbdir ki, bunu xırdalamağa o qədər də lüzum görmürük. O ki qaldı proseslərin geosiyasi rənglərinə, burada da hər halda, Qərbçün yox, yenə də Rusiya üçün təhlükə görünür.

Ona görə ki, B.İvanişvilinin də vədləri doğrulmadı — nə Kremllə diplomatik münasibətlər yoluna qoyuldu, nə Abxaziya və nə Cənubi Osetiya qayıtdı, nə də sovet dövrünün zavod və fabrikləri işə düşdü. Bu səbəbdən də Gürcüstanda daha bir Qərb inqilabı baş verə bilər — elə B.İvanişvilinin özünü bura çatdırması da çox şey deyir.

O ki qaldı rusların “narahatlığına”, Gürcüstan da otuz ilə yaxındır ki, müstəqil dövlətdir, hətta Ermənistandan fərqli olaraq Rusiyanın himayəsindən də imtina eidb. Bu illər ərzində Azərbaycan və Türkiyə bir dəfə belə olsun, ona qarşı hər hansı iddia irəli sürübmü? Əsla!
Ermənistanla bağlı da belə hal olmayıb. Yada salmaq istərdik ki, 1918-20-ci illərdə heç rus imperiyası da yox idi, onun xarabalıqları üzərində sovet-bolşevik imperiyası da hələ meydana çıxmamışdı, amma o vaxtki Azərbaycan Respublikası bir dəfə olsun, Ermənistana qarşı ərazi iddiası irəli sürmədi, əksinə İrəvanı da onlara güzəşt etdi ki, ermənilər də dövlətlərini elan edə bilsinlər…

İndi də regiondakı dövlətlərə qarşı ərazi iddiaları irəli sürən bir dövlət var — o, da Ermənistandır. Kremlə də onu “maraqlı” edən budur. Amma Qafqazla başqa maraqlananlar da var. Ən böyük və ən peşəkar təhlükəsizlik strukturlarına malik olduğu üçün Kreml bundan hamıdan əvvəl xəbər tutur və bu səbəbdən də təmkini pozulur. Fəqət, sevgi deyil, maddi maraqlar zəminində qurulan “ailə”lər gec-tez dağılır, Ermənistan və Rusiyanın da ittifaqı belədir. Geci-tezi var…

O ki qaldı qonşu Gürcüstandakı son proseslərə, inkişaf etmiş, demokratik ölkələr başqalarını inqilabları ilə deyil, adətən seçkilərilə təəccübləndirirlər. Ona görə də burada etirazların davamlı olmaması hələ onların tamam bitdiyinə dəlalət etmir.

Bu prizmadan yanaşanda Gürcüstanda da siyasi sürprizlər istisna olunmur, xüsusən də nəzərə alanda ki, bu il gürcülər üçün prezident seçkiləri ilidir. Düzdür, hazırda Gürcüstanda prezident postu bir o qədər də önəmli deyil, amma bu, daha böyük proseslərin başlanğıcı ola bilər…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 40