Muəllif:

Qadınlarımızın sevgi əxlaqsızlığı…

Mövzumuza daxil olmamış, bəri başdan bir şeyi xatırladım: bəzi oxucularımız başlığın yanlış olması, yaxud hansısa sözün dırnaqda yazılmasıyla bağlı göstəriş verməyə, tələb etməyə tələsməsinlər. Hansı sözün hansı məqamda dırnaqlı-dırnaqsız yazıldığını az-çox bilirik. Bu başlıqda sözün həqiqi və ifadə olaraq işlənməmiş əxlaqsızlıqdan gedir söhbət.

Keçək mövzumuza.

Hə… Bizim qadınlar… qızlar… Bu zərif cinsin ailəyə, əxlaqa sadiqliyindən əsrlərlə danışmaq olar – elə danışılır da… Lakin! Lakin məsələ ondadı ki, onları bu yöndəcə böyüdüb, tərbiyə eləyiblər. Qızlarımız “Dədə Qorqud”la, “Leyli və Məcnun”la, “Əsli və Kərəm”lə, “Sarı Aşıq”la… bəslənməyib, süslənməyiblər ki, onların sadiqliyindən yox, sevgilərindən danışasan.

Sual doğa bilər: Qadının sadiqliyi elə sevgisi deyilmi?

Yox!

Sevgidə sadiqlik də var, di gəl, sadiqlikdə sevgi olmaya bilər. Ona görə də bizdə qadın ərinə yox, əxlaqa, ada, namusa, kənara, yörəyə sadiq qalıb ərini satmır, dəyişmir; hətta əri ölən qadınlar görmüşəm, sevinir, mərhumu lənətləyir, “şükür” eləyir, ama bütün sevincinə baxmayaraq, əxlaqında, sadiqliyində sabit qalır – ta ölənəcən nəfsini boğur.

Qadınlarımızın azadlıq duyğusundan məhrumluğu sanki irsən ötürülür. Ailələrimizin özülü sevgi olmadığından daha uzunömürlü, möhkəm olur: çünki sevgi zamanla gəlir, həm də sevgi azadlığın özü kimi oynaqdı deyə, özü də gedir. Sevgi təbiətin özü və özülüdü, daim dəyişir, şəkillənir, deformasiyaya uğrayır – deməli, zəncir hər an qırıla bilər. Klassik əxlaq, mental dəyərlər isə ana südüylə qana, tərbiyəyə, psixikaya keçir və ruhi kataklizmlərəcən yaşayır.

Bizdə sevgi əxlaqsızlığı daha totaldı, nəinki əxlaqa xəyanət.

Avropa ölkələrində kütləvi boşanmalar da ailənin məhz sevgi üstündə qurulduğunu göstərir (istisnalar həmişə və hər yerdə var, o heç). Avropa qadını üçün əxlaqa – bizim anlamımızdakı namusa yox, sevgiyə xəyanət əxlaqsızlıq sayılır. Sevgi üstdə qurulan ailələrdən isə sevgili cəmiyyət yaranır: bu, demokratik cəmiyyət adlanır, — səslər içində itib-batmayan səs, — azad seçkilərlə şəkillənir və seçilənlər mütəmadi olaraq gec, ya tez dəyişilir. Bu üzdən sadiqlik üstdə formalaşan müsəlman Şərqində demokratiya alınmır ki, alınmır. Və anlaşılmır.

Bəlkə də bu, sadəcə, kişi məntiqidi. Bayaqdan bir kəlmə də kişilərin adı çəkilmir…

Haqlısınız. Kişi… Müsəlman kişisinin – erkəyinin çapqınlığı onun təhtəlşüurunun və şüursuzluq qatının təhrikilə baş verir. Kişi instinktiv olaraq yeni sevgi ovuna çıxır; kişi ibtidaidən ovçudu, o, evdə qərar tuta bilmir. Onun gen yaddaşı ona deyir ki, qaxılıb yuvasında otursa, yuvası dağılacaq və beləcə daim gözü dışarıda olur; məsələ ondadı ki, bu cür gözü kənarda olan qadınlar da var – kişi kimi – onlar isə bilirsinizmi kimlərdi? O qadınlar da matriarxat dövrünün yaddaşı qanında cuşa gələn, oyanan qadınlardı; onlar da bu mərkəzdənqaçmalarda özünü kişi qədər haqlı və suçsuz sayır…

Ovçuluq sindromundan başqa, hər bir kişi dərk eləyə bilməsə də, qadınının onu yox, onunla nikahını və öz mental əxlaqını ondan çox sevdiyini duyur, məhz duyur və qəlbən inciyir, hətta qadınını o əxlaqa və o nikaha qısqanır da — burada nikah və mental əxlaq yad kişi kimi görünür kişilərin gözünə. Bu gözəgörünməz qısqanclıq öz iti caynaqlarını kişinin qəlbinə sancır, onu özü anlamadan belə küsdürür; qadınının onu dəyişdiyini, ona xəyanət elədiyini qeyri-şüuri şəkildə düşünür. Kişilər çox vaxt qadınlarını məhz bu psevdohisslə qısqanırlar və öz xəyanətlərinə özlüklərində alibi qazanır, bu alibini məntiqlə heç cür əsaslandıra bilməsələr də, özlərini haqlı sayır, sadəcə, öz xəyanətini çox primitiv biçimdə belə formullaşdırırlar: “Biz kişiyik, bizə olar…”

Kişinin qadını da bəzən cürətlənib soruşur: “Eyni şeyi biz etsək, necə olar?” Bu sual da bayaq dediyim kimi, qadının gen yaddaşının oyanmasının ilk cücərtiləridi. Və qadın bilmir ki, o, artıq bu xəyanəti eləyib, kişisini də yollara salan elə budur…

Fəqət qəm yeməyə dəyməz. Azərbaycan qadını sevgi erasına qədəm qoyur. Faciə kimi qəbul edilən statistika bundan soraq verir…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (4 оценок, среднее: 8,50 из 10)
Oxunma sayı: 1553