Muəllif:

NÖVBƏTİ DAYANACAQ VƏ YA İÇİNİ YEYƏN ADAMLAR…


Onsuz da yazmadığımız və yaxud da ki, hər hansı səbəbdən yaza bilmədiyimiz hər yazı acı qəhərə dönərək boğazımızda tıxanıb qalır: nə uda bilirik, nə də ki, geri qaytara…

Getdikcə seyrəkləşən və seyrəkləşdikcə də daha tələbkar, həm də daha incik olan oxucu kütləmiz isə “Niyə yazmırsınız?” sözlərini ilk fürsətdə sillə kimi üzümüzə çırpmaqdan sanki həzz alır.

Həqiqətən də çox maraqlıdır. Niyə yazmırıq? Səbəbi birdirmi, ya ikidirmi? Çöl-bayırda bu sualdan qaçmağın ən asan yolu “Əşi, həvəsim yoxdur. Bir də yazmaqla dünya düzəlirmi?”– deyib dayanacağa yan alan ilk avtobusa minmək olur…

Amma nəinki Bakının hələ tam təzələnməmiş avtobusları, hətta dünyanın səsdən iti təyyarələri belə insanı özündən uzaqlaşdıra bilməz.
Təzə avtobusların hamısında növbəti dayanacaqlar elan olunur. Lap adama əcəl zəngini xatırladır bu, çünki hər növbəti dayanacaq sənin də sonuncu dayanacağın ola bilər…

İnsanların əksəriyyəti bunun qəti fərqində olmur, çünki əcəl haqqında düşünməyə vaxt hanı? O qədər dərd-sər var ki, dünyanın və özlərinin sonu haqqında düşünməyə insanların bir qətrə imkanı vaxtı yox! Burada sovetlər vaxtı dönə-dönə oxuduğumuz “Ağ liman”dan Məmmədnəsirin məşhur “Bir macal tapmıram, özümü öldürəm” kəlamı yada düşür…

Amma insanlarımız da var ki, bunların işi-gücü o biri dünya haqda düşünməkdir – sanki bu dünyanı abıra salıblar, indi də qalıb o biri dünyada sahman yaratmaq! Bəli, bunlar bizim yazı-pozu adamlarımızdır ki, əvvəllər əgər yazmaqla pul qazanır, hörmət-izzət sahibi olurdularsa, indi də bunu yazmamaqla, susmaqla edirlər.

Bəli, bu ölkədə hər şey kimi sükutun da qiyməti var. Yenə xəyalım sovetlər dönəminə pərvazlandı. O vaxtın da öz “yazanları”, necə deyər, demaqoqları vardı. Bunlara da dükan-bazarda, idarələrdə xüsusi hörmət-izzətlə yanaşardılar ki, dəyməyin, bu adam möhkəm yazandır. Bir də ağlıma gəldi ki, reket jurnalistlərlə mübarizə apara-apara cəmi jurnalistikanı reket relsinə oturtduq. Reket nədir? Haqq alan. Bəli, əgər istəyirsənsə ki, problemin olmasın, kiməsə haqq verirsən – o, da sənə bir növ hamilik edir, necə deyər, “krışa” olur…

Qərəz, sizi bir neçə mücərrəd cümlənin ətrafında o yan–bu yana fırlatmağım əsla əbəs deyildi və məqsədim bu idi ki, sadə həqiqəti anladım: cəmi Dünyanı deyə bilmərəm, bu ölkə artıq yazıya gəlməyəcək dərəcədə maraqsızdır.

Məsələn, arabir soruşurlar ki, qarşıdan Azərbaycan Xalq Cümhuriyyətinin 100 ili gəlir, niyə bunu “işıqlandırmırsınız”? Əvvəla, deyim ki, jurnalist elektrik-filan deyil ki, nəyisə işıqlandırsın, məmləkətin lampa və fanarlarına baxmaq üçün çox gözəl işıqçılarımız- elektriklərimiz var.

Söhbət əgər bu mövzuda yazmaqdan gedirsə, Cümhuriyyətin yubileyi dövlətin özü tərəfindən qeyd edilməlidir və guya, edilir də. Bizimki bura qədər idi, hamımız yazdıq-pozduq, danışdıq-göstərdik və axır hökumətimiz də başa düşdü ki, 100 illiyi qeyd etməmək artıq lap ağ olar, ona görə də heç olmasa, bir-iki tədbir keçirmək lazımdır ki, camaat deməsin ki, bəs bunlar tarixə də “radikal müxalifət”ə kimi yanaşır, hətta tarixlə də siyasi savaş aparırlar.

Fəqət, bu da özünəməxsusluqdan, yerli koloritdən azad olmadı və Cümhuriyyətin yubiley ilinə o qədər ortaqlar qatdılar ki, bir ondan bəhs edəndə, iki də qeyri kəslərdən və qeyri məsələrdən danışdılar – bir növ, yenə də “adı məmin, dadı sənin” məsələsi oldu…

İnkar etmirik, sükutumuzun bir başqa səbəbləri də var. Elə lap AXC-nin özü ilə bağlı. Məsələn, belə ərz edirlər ki, Azərbaycan dünyada qadınlara seçki hüququ verən ilk dövlətlərdəndir.

Xub, formal cəhətdən həqiqətən də belədir, çünki formal cəhətdən biz həmişə haqlı, doğru-dürüst oluruq. Ona görə də, formal prizmadan baxanda hətta ABŞ-da belə qadınlara səs hüququ bir azacıq sonra, 20-ci illərdə verilibdir. Bəs o halda problem nədədir, əzizlərim?
Ondadır ki, bizdə hələ indi də — XXI əsrdə də hətta kişilərin səsi qutudan əməlli-başlı çıxmır, ondan qala, qadınların səsi ola! Əgər nədəsə ilk olmaq və irəlidə görünmək budursa, heç olmamaq daha yaxşıdır…

Bu, necə deyərlər, məsələnin yalnız bircə tərəfidir. Bununla bitirmi? Əsla. Bəli, yenə də formal hüquq cəhətindən indiki Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi sayılır. Amma məmurlarımız incisə də yenə bir giley-güzəramı bildirmək fürsətini əldən verməyəcəm.
Cümhuriyyət dövrünün məmurları tamamilə başqa adamlar idi. Baş nazir Fətəli xan Xoyski adi bir şifahi korrupsiya ittihamına görə istefa vermişdi! Bəs indi? İndi nə baş verir?

O gün oxuyuram, bir deputat deyir ki, hər dəfə bir nazir işdən çıxarılanda çox böyük korrupsiya ittihamları səslənir. Daha sonra həmin deputat özü soruşur ki, axı bu necə ola bilər, axı nazirliklərin fəaliyyətini mütəmadi olaraq bir neçə struktur yoxlayır!

Doğrudan da necə ola bilər? Amma kədərlisi də budur ki, olur belə şeylər, özü də istisna kimi yox, lap qanunauyğunluq kimi. Azərbaycan çox kiçik ölkədir, burada, necə deyər, cidanı çuvalda gizlətmək mümkün məsələ deyil — insanlar mediasız da hər şeyi görür və yerli-yataqlı bilirlər.

Dəfələrlə demişik ki, korrupsiya məsələsi milli təhlükəsizlik problemidir. Dəfələrlə Z.Bjezinskinin belə bir fikrini xatırlatmışıq ki, korrupsiya bir dövləti kənardan idarə etmək üçün ən yaxşı imkandır. O səbəbdən ildən-ilə narahatlığımız artır, çünki düşünürsən ki, Vallah, rus imperiyasının və Ermənistanla müharibənin yıxa bilmədiyi Azərbaycanı onun öz məmurları çökdürəcəklər…
Qərəz, gəlib çatdıq dayanacağa. Yox, mən avtobus və xüsusən də ömür dayanacağını nəzərdə tutmuram, ümid edirəm, ona çox var. Bura yazının dayanacağıdır – çatanlar düşsün…

O ki qaldı başlıqdakı “içini yeyən adamlar” ifadəsinə, bunun da mənası var; Kant zamanı daxili, fəzanısa xarici duyğularla bağlayırdı.

Bu mənada saat, gün, ay və yaxud il – bunlar hamısı içimizdən gəlib keçir, özü də elə-belə keçmir, didib parçalayaraq keçir. Sonra da tanış-biliş hey soruşur ki, nə tez qocalmısan? Bir deyən yox ki, cavan qalmaq mümkünmü indiki çağda?..

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 104